"Rusiyadan Ermənistana qeyri-qanuni silah ötürülməsi barədə məlumatlara rəsmi münasibət bildirilməlidir"

XARİCİ SİYASƏT 07 apr 2021, 16:09
Cənubi Qafqazda balansın qorunmasını Rusiyada bəzi dairələr Ermənistanın silahlanmasında görürlər. Bunun acı nəticələrinə işğal altındakı ərazilərimizin azad olunması uğrunda apardığımız Vətən müharibəsində şahid olduq. Ermənistan bütün beynəlxalq qanunlara və Haaqa konvensiyasının protokollarına zidd olaraq, taktiki raket komplekslərindən yaşayış məntəqələrimizə, mülki şəxslərə qarşı istifadə etdi. Onlar 2000-ci ilin əvvəllərindən başlayaraq, Ermənistana Rusiyanın hərbi qurumları tərəfindən verilən məhz həmin qadağan olunmuş silahlar idi.

Bunu AZƏRTAC-a müsahibəsində Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli deyib.

O, qeyd edib ki, həmin silahların bəziləri Ermənistana pulsuz, yəni sadəcə olaraq, müəyyən razılaşmalar əsasında verilmişdir. “İsgəndər” raket kompleksi də bu silahlardan biridir. Bilirik ki, Ermənistanın iqtisadi vəziyyəti, maliyyə ehtiyatları bu raket kompleksinin alınmasına imkan vermir. Ermənsitan hələ 2017-ci ildə “İsgəndər-E” raketinin alınması ilə bağlı açıqlama yaymışdı. Müharibə dövründə də belə bəyanatlar verilirdi ki, Ermənistanda yalnız “İsgəndər-E” raket kompleksi mövcuddur. Amma müharibədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının apardıqları mina təmizləmə işləri zamanı Şuşada “İsgəndər-M” raketinin qalıqları aşkarlandı. Hesab edirəm ki, buna görə Ermənistan, xüsusilə təcavüzkar ölkəyə dağıdıcı silahlar verən Rusiyadakı müəyyən dairələr məsuliyyət daşıyır.

Hərbi icmalçı bildirib ki, Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi barədə yayılan məlumatların, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı araşdırılmalıdır. Rəsmi Moskvanın məsələyə münasibət bildirməməsi, bununla bağlı məlumatların yalnız mediada yayılması Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Rusiyanın aidiyyəti qurumları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyinin bu məsələyə qənaətbəxş münasibət bildirməsi və müvafiq araşdırmalar aparılması zəruridir.

“Ümumiyyətlə, Ermənistanın bölgədə gərginlik yaratmasının səbəbkarlarından biri də həmin ölkənin silahlanmasıdır. Əgər Ermənistana qanunsuz olaraq silah verilməsəydi, bu problemlər ortaya çıxmazdı. Müharibə dövründə Ali Baş Komandan, Prezident İlham Əliyev də bununla bağlı fikirlər söyləyib, öz müsahibələrində beynəlxalq təşkilatlara bu silahların Ermənistanda haradan olması barədə suallar ünvanlayıb. Bu gün də biz təcavüzkar ölkədə hansı taktiki raket komplekslərinin mövcudluğundan xəbərsizik. Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük Vətən müharibəsi dövründə dinc azərbaycanlı əhalinin raket atəşinə tutulması kontekstində qiymətləndirilməlidir və silahlara nəzarət üzrə beynəlxalq təşkilatların bu məsələdə qəti mövqeyi olmalıdır.

Hesab edirəm ki, həm “İsgəndər”, həm də “Elbrus” və “Toçka-U” taktiki raket kompleksləri, habelə reaktiv yaylım atəş sistemləri kimi dağıdıcı silahların işğalçı ölkə olan Ermənistana verilməsi Rusiyanın nəinki bölgədə, həm də dünyada nüfuzuna ciddi xələl gətirə bilər”, - deyə Ramil Məmmədli vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top