Şəmkirdə 58 yaşlı kişinin ailə üzvlərinə qarşı dəhşətli əməli — İnanılmaz təfərrüat

KRİMİNAL 05 apr 2021, 11:22
Şəmkir rayonunda ailə üzvlərini öldürməyə cəhddə ittiham olunan 1963-cü il təvəllüdlü Vəli Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Yaqubov yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Nərgiz Hüseynovanın üzərinə və evin içərisinə tökərək yandırıb.

Yaşlı kişi ailə üzvlərini niyə yandırdı?

Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova və 2016-cı il təvəllüdlü nəvəsi Banu Yaqubova yanıq xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.

Vəli Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəli Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib.

Uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Hətta bir neçə dəfə prokurorluğa və polis şöbəsinə müraciət də ediblər.

Ələkbər Vəliyev işləmək üçün əvvəllər Rusiyaya gedib. Ancaq deportasiya olunduğundan yenidən federasiya ərazisinə qayıtmaq üçün həyat yoldaşının soyadını götürüb. Ümumiyyətlə, təsərrüfatla məşğul olan ailə kənddə münaqişəli ailə kimi tanınırlar.

Vəli Yaqubov əvvəllər də onları çıxıb getməsələr, evi yandıracağı ilə hədələyibmiş. Hadisə günü də tərəflər arasında yenidən mübahisə düşüb, amma ailə üzvləri onun təkrarən hədələrinə əhəmiyyət verməyib.

Bu zaman Vəli Yaqubov 5 otağı və 1 aynabəndi olan birmərtəbəli evə od vurub. Yanğın zamanı arvadı Nüşabə Yaqubova, oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Vəliyeva və nəvələri - 4 yaşlı Banu və 3 yaşlı Ömər evdə olub.

6 maddəli cinayət işi

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs sonradan saxlanılıb və istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Vəli Yaqubovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli Yaqubov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayəti etiraf edib. O, zərərçəkmişlər tərəfindən ona qarşı qaldırılmış mülki iddianı qəbul etməyib.

“Məni öz evimdən çıxarmaq istəyiblər”

Vəli Yaqubov bildirib ki, həbs edildiyi günə qədər ailəsi ilə birlikdə özünə məxsus Şəmkir rayonunun Seyfəli kəndində yerləşən qanunsuz tikilmiş evdə yaşayıb: “Həmin evi 1984-cü ildə şəxsi vəsaitim hesabına tikdirmişəm və orada yaşamağa başlamışam. Hadisəyə qədər həmin evdə arvadım, oğlum, qızım və nəvəm qeydiyyatda olublar. Qızım ailə həyatı qurduqdan sonra həmin evdən köçdü. Hadisədən əvvəl oğlum, onun arvadı Nərizlə münasibətlərimiz yaxşı olmayıb, aramızda uzun müddət narazılıq olub. Oğlum və arvadı nəyin bahasına olursa olsun məni öz evimdən çıxarmaq istəyiblər. Bunun üçün əllərindən gələni etdilər.Oğlum uzun illər bundan əvvəl aramızda olan narazılıqlara görə evdən getmişdi və həmin vaxtdan Daşkəsən rayonunda yaşamışdı. Həmin vaxtdan aramızda narazılıqlar olduğu üçün onunla əlaqəmi kəsdim”.

“Onların əlindən bezmişdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin noyabr ayında Əkbər arvadı və iki övladı ilə birlikdə onun razılığı olmadan evə qanunsuz daxil olaraq evində yaşamağa, evinə köçdükdən sonra mütəmadi olaraq onu incitməyə və təhqir etməyə başlayıblar: “Onların əlindən bezmişdim. Əkbər və arvadı mənə evdə rahat yaşamağa imkan verməyib, evdəki olan əşyalarını, evin ayna qapısını vuraraq sındırıb, çimmək üçün məni evin hamam otağına girməyə qoymayıb, işığını və qazını kəsiblər. Onlara dəfələrlə evimdən çıxmalarını bildirsəm də, heç bir nəticə olmayıb. Əkbər Vəliyevlə aramızda narazılıq olduğuna görə onunla bir evdə yaşaya bilməmişəm, onlarla bir evdə yaşamaq dözülməz olub. Əkbər Vəliyevin və onun ailə üzvlərinin mənim evimdə heç bir qeydiyyatı olmayıb, Əkbər Vəliyev mənə valideyn kimi hörmət etməyib, mütəmadi olaraq nalayiq ifadələr işlətməklə məni və mərhum atam Əkbərin ruhunu təhqir edib. Əkbərdən evdən çıxmasını dəfələrlə tələb etsəm də, Əkbər evdən çıxmayıb. Əksinə zorla da olsa məni evdən çıxarmaq istəyib. Əkbərin məqsədi məni evdən çıxardıqdan sonra evi satıb borcunu ödəmək olub. Əkbər və onun ailəsinin evdən çıxması üçün əlimdən gələni etmişəm. Onların evdən çıxmalarına dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişəm. Lakin məhkəmənin qətnaməsi ilə iddiam təmin edilməyib. Əkbər və arvadı öz evimdə mənə rahat yaşamağa imkan vermədiklərinə və məni bezdirdiklərinə görə, onları qəsdən öldürmək qərarına gəlmişəm”.

“Məni təhqir etdilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci il tarixdə yaşadığı evdən həyətə çıxıb: “Bu zaman evin qarşısındakı pilləkənin üzərində olan ayaqqabımı Nərgiz palçığa bulaşdırıb və yatdığım otağın pəncərəsinə  yaxdığını gördüm. Buna görə aramızda sözlə mübahisə başladı. Mübahisə zamanı Nərgiz və Əkbər nalayiq ifadələr işlətməklə məni təhqir etdilər. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdim. Bir müddətdən sonra təhqiqatçı mənə zəng etdi. Oğlum Əkbər, gəlinim Nərgiz və arvadım  Nüşabə mənim polisə zəng etdiyimi bildilər. Bu səbəbdən mənimlə mübaşisə etdilər və yatdığım otağın qapısını vuraraq qırdılar”.

“Onları diri-diri yandırdım”

Vəli Yaqubov ifadəsində göstərib ki, onlara irad bildirən zaman daha da aqressiv şəkildə onu söyüb, təhqir ediblər: “Təxminən həmin gün saat 22 radələrində oğlum və gəlinim azyaşlı nəvələrim Banu Vəliyeva və Ömər Vəliyev evdə olan zaman 2019-cu ilin dekabr ayında Şəmkir rayonunda “777” adlı yanacaq doldurma məntəqəsindən aldığım və evin həyətindəki kartof damında saxladığım alüminium qabdakı təxminən 3-4 litr benzini evdən gətirdiyim plastik vedrəyə tökdüm. Bundan sonra ətrafa nəzər saldım, həyətdə kənar şəxslərin olmadığını gördüm. Evə daxil oldum və qabın içərisində olan benzinin bir hissəsini dəhlizə tökdüm. Oğlum Əkbər və gəlinim Nərgiz evə benzin tökdüyümü görəndə mətbəxdən dəhlizə çıxdılar. Nərgiz və Əkbər mənə "sən də o dux  yoxdur ki bizi yandırasan" dedilər. Onlara "məni bu dərəcəyə çatdırmayın, sizi indi yandıraram" - deyə cavab verdim. Gəlinim Nərgiz mənim və mərhum atam Əkbərin ruhunu pis-pis söyüşlərlə təhqir etdiyinə görə daha da əsəbiləşdim. Qabdakı benzinin əksər hissəsini onların, yəni oğlum Əkbər və gəlinim Nərgizin üzərinə tökdüm. Alışqanla od vuraraq onları diri-diri yandırdım. Bundan sonra evi tərk etdim. Hadisə yerindən uzaqlaşdım”.

“Arvadımı öldürmək niyyətim olmayıb”

Vəli Yaqubovun sözlərinə görə, Şəmkir-Seyfəli avtomobil yolunun kənarında yerləşən çardağın altında oturub və yağışın qurtarmasını gözləyib: “Sonra istifadəmdə olan telefonla polis əməkdaşına zəng edərək evi və ailə üzvlərimi yandırdığımı bildirdim. Daha sonra polis əməkdaşları olduğum yerə gəldilər və məni polis şöbəsinə apardılar. Hadisə vaxtı arvadımı öldürmək niyyətim olmayıb. Niyyətim yalnız oğlum və onun ailəsini öldürmək olub”.

Məhkəmənin hökmü ilə Vəli Yaqubov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Zərərçəkmişlərin Vəli Yaqubova qarşı mülki iddiaları baxılmamış saxlanılıb. Onlara təqsirləndirilən şəxsə qarşı mülki qaydada iddia qaldırmaqları və adiyyatı üzrə məhkəməyə müraciət etmələri izah olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top