Trampın hesablarını bloklayan ABŞ-dan Bakıya insan haqları “tövsiyəsi” — Hesabata sərt reaksiyalar

GÜNDƏM 01 apr 2021, 16:40
ABŞ Dövlət Departamenti 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında yenə Azərbaycanı tənqid edib.

“Yeni Müsavat” xəbər verir ki, ölkəmizdə ciddi insan haqları pozuntuları olduğu hesabatda qeyd edilib.

Sənəddə qanunsuz və ya özbaşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalardan bəhs edilib .

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

Sənəddə ötənilki seçkilərə dair tənqidlər də yer alıb. Bildirilib ki, ATƏT-in müşahidə missiyasi Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərinin, habelə 2018-ci ildə keçirilən prezident seçkisinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə keçirildiyini və bunun seçkidə həqiqi rəqabətə əngəl olduğuna dair nəticəyə gəlib.

Əlbəttə, bu qeyd edilənlərdə kifayət qədər qərəz aydınca görünür. Hesabatda ən absurd məqam Azərbaycanın Vətən müharibəsi apardığı dövrə aiddir. Bildirilir ki, Azərbaycan hökumətinin sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə rəsmilər hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb. Dağlıq Qarabağda hərbi münaqişə ilə əlaqədar qanunsuz qətllər (?), mülki şəxslər arasında tələfatlar və qeyri-insani rəftar kimi insan haqları pozuntuları müşahidə olunub.

İşğalçı erməniləri, silahlı quldurları öz torpaqlarımızdan, işğal altındakı ərazilərdən qovmaq, torpaqları azad etmək ABŞ DD üçün zorakılıq və qətl sayılırmış. Əfqanıstanda, İraqda, Suriyada minlərlə günahsız insanın qanını tökən, hökumətləri devirib, yerli əhalini həbsxanalara salan bir dövlətin Azərbaycanın Vətən müharibəsinə münasibəti bu qədər absurd ifadələrlə təsbit olunub.

Hesabatda iddia edilir ki, Azərbaycanda jurnalistlər şübhəli ittihamlarla təqib olunur və həbs edilir, saytlar bloklanır, dinc toplaşmaq azadlığına ciddi müdaxilələr var. Daha sonra hərəkət azadlığının məhdudlaşdırıldığı, hökumətdə sistemli korrupsiya hallarının olduğu, polisin insanların cinsi oriyentasiyasıpna əsaslanaraq zorakılıq tətbiq etdiyi və ölkədə uşaq əməyinin ən pis formalarının mövcud olduğu iddiaları da sənəddə yer tapıb.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı qeyd edilir. 2020-ci ili əhatə edən hesabatda dünya boyu insan haqları sahəsində vəziyyətdə tənəzzül və koronavirus pandemiyasının insan hüquqlarının müdafiəsi praktikasına təsiri qeyd edilib. Hesabatda Çin, İran, Rusiya, Myanma, Belarus və digər avtoritar ölkələrdə insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlar vurğulanıb.

Amma unudublar ki, bunu ölkə prezidenti Donald Trampın sosial şəbəkə hesablarını bloklayan dövlətin rəsmiləri deyir. Onu da unudublar ki, insan haqlarının fontan vurduğu Amerikada afroamerikalı Corc Floyd küçənin ortasında polis tərəfindən boğularaq öldürülüb. Suriyada PKK və YPG-ni terrorçu qruplaşma saymayıb onlarla əməkdaşlıq edən, silah-sursatla təmin edən, bununla da suriyalıların qətlinə səbəbkar olan ABŞ insan haqlarından danışır.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ Dövlət Departamenti Azərbaycana təşrif buyursun. Onun sözlərinə görə, yaxşı olardı ki, Azərbaycanda şəhid evlərinə getsinlər, ermənilərin Xirosimaya çevirdiyi işğaldan azad etdiyimiz şəhərlərə baş çəksinlər, ondan sonra insan haqları barədə hesabat hazırlasınlar.

Novella Cəfəroğlu: Cəmiyyət hələ sülhə hazır deyil GancaPost

N.Cəfəroğlu hesab edir ki, Azərbaycanda insan haqlarının pozulması halları da var, siyasi məhbuslar da olur, lakin dövlət bu məsələlərin həlli istiqamətində addımlar atır: “Onları özümüz həll edirik, həmin şəxslər azadlığa buraxılırlar, insan haqları ilə bağlı işlər görülür. Amma dəvət edirik ki, gəlib ermənilərin bizim torpaqlarımızda insan haqlarını necə ayaqlar altına aldıqlarına tamaşa etsinlər, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi faşizmi görsünlər, ondan sonra hesabat hazırlasınlar”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə isə “Yeni Müsavat”a bildirdi ki, ABŞ ənənəvi olaraq hər il dünya ölkələrində insan haqlarının vəziyyətinə dair illik hesabat açıqlayır: “Təəssüfedici haldır ki, ABŞ Dövlət Departamenti həmişə olduğu kimi, Azərbaycanla bağlı bölümdə yenə qeyri-dəqiqliyə və qərəzli halların yer almasına şərait yaradıb.

Biz çox böyük, səs-küylü həbslərin şahidi olacağıq” – Çingiz Qənizadə |  KONKRET

Hesabatda siyasi məhbuslar, qanunsuz həbslər, işgəncə, özəl həyata müdaxilə və sair məsələlər yer alıb. Ancaq konkret hansı şəxslərdən söhbət getdiyi hesabatda öz əksini tapmayıb. Yəni, hesabatda kimə qarşı özbaşına həbslərə, işgəncələrə yol verildiyini faktlarla göstərməyiblər, ümumi fikirlər açıqlayıblar. Təbii ki, hüquq müdafiəçiləri olaraq ümumi fikirləri qəbul eə bilmərik, fakta söykənməyən, qərəzli hazırlanmış hissədir. Çox şübhəsiz ki, bunların əldə olunmasında ABŞ Dövlət Departamenti xaricdə oturan müəyyən qüvvələrin ayrı-ayrı məlumatlarına istinad ediblər".

Ç.Qənizadə hesab edir ki, hesabat 2020-ci ilə aid olsa da, Azərbaycanla bağlı digər hissədə 2018-ci ildə keçirilmiş seçkiləri təkrar qabartmaqla həqiqi rəqabətə əngəl olunduğu barədə qənaətə gəlinir: “Buna hansısa formada özlərinin prizmasından qiymət verməyə çalışıblar. Halbuki 2020-ci il seçkilərində özüm də iştirak etmişəm, namizəd olduğum dairədə 27 rəqib var idi. Belə olduğu halda Departamentin faktlara söykənməyən ümumi fikirlərlə Azərbaycan haqda mənfi rəyi formalaşdırmaqda hansı məqsəd güddüyü aydın deyil”.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda müharibə ilə əlaqədar sentyabrın 28-dən dekabrın 1-dək hərbi vəziyyət elan olunması ilə bağlı hesabatda yer alan məqamlar olduqca gülüncdür: “Təbii ki, ölkədə hərbi vəziyyət elan olunması haqda haqlı qərar verilib. Bu fərman barədə qanunvericiliyə uyğun olaraq qabaqcadan insanlar məlumatlandırılıb.

Eyni zamanda bununla bağlı BMT-nin baş katibinin üç gün ərzində məlumatlandırılmasına, tələblərə uyğun müəyyən məhdudlaşdırıcı hərəkətlərin tətbiqinə baxmayaraq, yenə də hesabatda məlumatlara çıxışın məhdudlaşdırılmasını qeyd edirlər. Eyni zamanda münaqişə zamanı qanunsuz qətllər, mülki şəxslər arasında tələfat kimi hallar olduğu deyilir. Əvvəla, müharibədə itki olmalıdır. Ən əsası isə kimin torpağı 27 il işğalda qalıb? Kimin ərazisi viran qoyulub? Bunu qiymətləndirmədən müharibə zamanı mülki şəxslərin ölümü haqda ümumi fikirlər ifadə olunub. Münaqişədən kənarda yerləşən Gəncədə, Bərdədə 93 mülki insanın ölməsi haqda heç bir fakt hesabatda göstərilmədiyi halda Qarabağda mülki insan ölümündən danışırlar.

Dövlət Departamenti ABŞ vətəndaşlarını İraqı təcili tərk etməyə çağırıb

Hərbi vəziyyət elə ona görə tətbiq olunur ki, məxfilik təmin edilsin, hətta hərbi senzuranın tətbiqinə şərait yaradılır, digər toplaşmalar, hərəkət sərbəstliyi məhdudlaşır, bu da ölkənin təhlükəsizliyi ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Təəssüf ki, ABŞ Dövlət Departamenti məsələyə olduğu kimi yanaşmaq istəməyib".

Ç.Qənizadənin sözlərinə görə, hesabatda jurnalistlərin həbsi, saytların bloklanması, dinc toplaşmanın məhdudlaşdırılması barədə qeyd olunub, hökumətdə sistemli korrupsiya olduğu vurğulanıb, polisin insanların cinsi oriyentasiyasına əsaslanaraq zorakılıq tətbiq etdiyi deyilib: “Gülünc faktlardan biri də budur ki, guya uşaq əməyi istismar olunur. Təəssüf ki, həqiqətdən uzaq olan belə hallar hesabatda öz əksini tapıb.

Jurnalistlərin təqib olunması halları yoxdur. Sadəcə, bir neçə jurnalistin həbsi var. Onların da narkotik, dələduzluq, reketlik əməlləri sübut olunub. Saytların bloklanmasından, sərbəst toplaşmanın məhdudlaşmasından söhbət gedə bilməz. Pandemiya ilə əlaqədar müvəqqəti hal ola bilər, bu da Avropa və Amerikaya da şamildir.

Uşaq əməyinin ən pis formada tətbiqi isə mümkün deyil. Bunu bir sənədlə, fotofaktla təsdiqləsəydilər, haradasa başa düşə bilərdik.

Ölkədə korrupsiya hallarına gəlincə, belə faktlar var, buna qarşı cənab Prezident qətiyyətli addımlar atır, 7 icra başçısı həbsdədir, bir sıra nazirliklərin yüksək rütbəli şəxsləri həbs olunublar. Korrupsionerlərə qarşı cəzaların sərtləşdirilməsi müsbət addımların tərkib hissəsidir.

Ancaq Departament hesabatda Novruz bayramında verilmiş əfvdən söz açmır, islahatların tərkib hissəsi kimi uğurlu işləri, məqamları qeyd etmir. Bu hesabat əvvəlkilərdən daha pis formada qərəzlidir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top