YAP-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videokonfrans keçirildi — FOTOLAR

DAXİLİ SİYASƏT 31 mar 2021, 17:13
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda videokonfrans keçirilib.
 
Partiyanın mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Videokonfransda çıxış edən  YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçiriblər: “ XX əsrdə ermənilərin xalqımıza qarşı belə terror aktlarının, milli-etnik zəmində qətliamlarının və soyqırımı cinayətlərinin nümunələri kifayət qədər çoxdur. Bunlardan biri məhz 31 mart soyqırımı aktıdır. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş vermiş kütləvi qətliamdan sonra ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası daha böyükdür. Onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq, bolşevizm ideyalarından sui-istifadə edərək məkrli planlarını həyata keçiriblər. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdilər. Əlbəttə, azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də soyqırımı cinayətləri xüsusi qəddarlıqla həyata keçirilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub”.
 
YAP sədrinin müavini vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayət əməlləri, soyqırımı aktları unudulmur: “Xatırlatmaq lazımdır ki, 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət – müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, üç il əvvəl Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.”
 
YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır:
 
Tədbirdə daha sonra deputatlar Anar İsgəndərov, Əziz Ələkbərli öz fikirlərini bildirib, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Vaqif Abışov “Gəncə quberniyası, Qarabağ və Güney Azərbaycanda azərbaycanlıların soyqırımı” mövzusunda cıxış edib.
 
Videokonfransda yekun sözü ilə çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, ermənilərin tarixin ən müxtəlif mərhələlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı etdiyi soyqırım aktlarına çox təəssüf ki, beynəlxalq birlik tərəfindən heç zaman layiqli qiymət verilməyib: "Ona görə də, erməni millətçiləri bu vəhşi, vandal xislətlərini XX əsrin sonlarından başlayaraq müasir, müstəqil Azərbaycan  Respublikasının ərazisində də davam etdiriblər. Bu gün işğaldan azad olunmuş ərazilərimizi ziyarət edən hər kəs həmin torpaqlarda heç nə ilə müqayisə olunmayacaq erməni vəhşiliyinin izlərini müşahidə etməkdədir".  
 
Tahir Budaqov yekunda Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tapşırıq və tövsiyəsinə müvafiq olaraq, hal-hazırda partiyanın yeni proqramının işlənib-hazırlanması üzərində müzakirələrin davam etdiyini qeyd edib və bildirib ki, bu proqramda yeni reallıqlar, eləcə də qarşımızda dayanan vəzifələr öz əksini tapmalıdır.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top