“APA TV-nin bağlanması xəbəri yalandır” — Lent.az-ın rəhbəri dəyişdi

SOSİAL 31 mar 2021, 14:17
Son günlər sosial mediada APA TV-nin bağlanacağı və qurumun tərkibinə daxil olan Lent.az saytında dəyişikliklərin olacağına dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında "APA Group"un baş direktoru Vüsalə Mahirqızı yayılan məlumatların əsassız olduğunu deyib. O, APA TV-nin fəaliyyətini davam etdirdiyini bildirib:

“Yayılan məlumatlar tamamilə yalandır. Açığı, bu məlumatları kimin yaydığını mən də bilmirəm, lakin bu məlumatlar yalandır. APA TV bağlanmır, belə bir şey yoxdur. Sadəcə, bir neçə verilişin fəaliyyətini dayandırmışıq. Bu internet televiziyasıdır, biz zaman-zaman müşahidələr aparırıq, mövzuları tükənən, sosial şəbəkə istifadəçilərinin daha az rəğbətini görən verilişləri bağlayır, onların əvəzinə yeni verilişlər yaradırıq. APA TV-də bir neçə verilişin fəaliyyəti müxtəlif səbəblərdən dayandırılıb, əvəzinə isə bu aydan bir neçə yeni proqram fəaliyyətə başlayacaq”.

V. Mahirqızı Lent.az saytının rəhbərliyindəki dəyişikliyə də münasibət bildirib:

“Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu sabahdan baş redaktor vəzifəsindən öz istəyi ilə ayrılır. Hələ yeni il başlayandan Qabil bəy yorulduğunu, buna görə də işdən ayrılmaq istədiyini bildirmişdi. Bir müddət biz onunla davam etdik, mart ayının 1-də işdən ayrılmaq istədiyi ilə bağlı ərizə ilə müraciət etdi, mən də hörmətlə yanaşdım. Qabil müəllim çoxillik dostumdur, hazırda da belədir, bu gün də işindədir. Gələcəkdə yəqin ki, başqa bir proyektdə biz onunla birlikdə işləyə bilərik. Lent.az-ın yeni baş redaktoru sabah kollektivə təqdim olunacaq”.

Əldə etdiyimiz xəbərə görə, Lent.az-a APA-nın redaktoru Hafiz Heydərov rəhbərlik edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top