Futbol meydanını döyüş meydanına dəyişən hakim

İDMAN 06 mar 2021, 11:45
Futbol hakimidir, onu daim futbol meydançasında görürük. O da bu işindən zövq alır və özünü futbol meydançasında xoşbəxt hiss edir. Ancaq İkinci Qarabağ Savaşı başlayanda, o, özünü futbol meydançasından çox, döyüş meydanında görür və buna görə sentyabrın 30-u səhər saat 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zəng vurur və elə həmin gün də döyüşdə iştirak etmək üçün yola düşür. Söhbət futbol hakimi Kamal Umudludan gedir.

Redaksiyamızın qonağı olan K.Umudlu ilə İkinci Qarabağ Savaşı dövründəki 93 günlük hərbi xidmətindən danışdıq.

Bildirək ki, K.Umudlu 1995-ci il iyulun 9-da Bakı şəhərində anadan olub. Əslən Qazax rayonundandır. Orta təhsilini Xətai rayonunda yerləşən Ədalət Abbasov adına 257 saylı tam orta məktəbdə alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol ixtisası üzrə təhsil alıb. Təhsil aldığı müddətdə uşaq liqalarında köməkçi hakim kimi iştirak edir. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşür. Qayıtdıqdan sonra isə öz mövqeyini baş hakimliyə dəyişir.



"Çağırışı gözləyə bilmədim”

K.Umudlu döyüşə könüllü yollananlardandır. Deyir ki, müharibə başlayandan cəbhədə deyil, evdə olmağı ona narahatlıq verirmiş: "Uzun illər idi ki, hər birimiz torpaqlarımızın azad olunmasını istəyirdik. Bu müharibədə də belə bir şansımız yaranmış olurdu. Sentyabrın 27-si səfərbərlik elan olunandan sonra bir neçə yaxın dostuma çağırış gəldi və onlar döyüşə yola düşdülər. Cəbhədə döyüş gedəndə,  bəzilərinin ön cəbhədə düşmənlə üzbəüz olduğu vaxtda evdə oturmağım mənə narahatlıq verirdi. Evdə deyirdim ki, mən getmək istəyirəm. Amma sentyabrın 25-i futbol çempionatımızda oyun idarə etmişdim. Oyun bitəndən sonra başım bir neçə gün də oyunla bağlı bəzi proseslərə qarışdı, amma yenə də narahat idim. Sentyabrın 29-u uşaqlıq dostum Famil də yola düşdü, həmin gün düşündüm ki, ən yaxınlarım gedib, mən hələ burdayam. Sentyabrın 30-u səhər tezdən 7-də səfərbərlik xidmətinə zəng vurdum, həmin gün günorta artıq döyüşdə iştirak üçün yola düşdük”.

Kamalın ailəsi onun döyüşdə iştirak etmək istəyini normal qarşılayır: "Atam ehtiyatda olan hərbçidir. Deyirdi ki, çağırış olanda, hər birimiz gedəcəyik. Dedi ki, 1-2 gün səbir et, çağırış olmasa, özün müraciət edərsən. Amma çağırışı gözləyə bilmədim. Gəlməyə, yaxud gec gələ bilərdi. Atam da, anam da normal qarşıladılar, dedilər ki, ürəkdən istəyirsən, get”.



"Vətən sevgisi qorxu hissini üstələyir”

Kamal bildirdi ki, kənardan təsəvvür etməklə, müharibənin içində olmaq tamam başqadı: "İlk olaraq Goranboy tərəfdən Ballıqaya ərazisinə yaxınlaşanda, mərmilərin, topların səsləri gəlməyə başladı və müharibənin içində olduğumuzu hiss edirdik. Ballıqayaya yaxınlaşanda, hər birimizə 3 giliz təqdim olundu. Hər birinin üstündə ad-soyadımız və bir nəfərin əlaqə nömrəsi yazılır. Düşündük ki, bunun biri bəsdir, niyə üçünü verirlər? Amma bunların hər birini fərqli ciblərimizə qoymağımızı istədilər. Səbəbini soruşduq, cavab belə oldu ki, döyüş meydanında nə olacağı bilinmir, ona görə bu məlumatlar bir neçə cibinizdə olsun. Bu, müharibə ilə bağlı çox fikir demiş olur”.

Kamal deyir ki, hər insanda qorxu hissi olur, amma vətən sevgisi bu hissi üstələyir: "Mən döyüşə artilleriyaçı kimi qatılmışdım. Artilleriya döyüşdə nə qədər önə getsə də, döyüşçülərlə müqayisədə arxa cəbhədə olur. Ona görə, tam ön cəbhədə deyildik, amma aramızdakı məsafə çox qısa idi, orda olan məlumatlar birinci bizə gəlirdi. Hər an şahidi olduğumuz hal döyüş yoldaşlarımızın qorxmazlığı ilə bağlı olurdu. Kimsə heç nədən qorxmadığını deyirsə, buna inanmıram. Normal insanda qorxu hissi olur. Amma döyüş meydanında bu, fərqli olur. Burda vətən sevgisi var. Vətən sevgisi qorxu hissini üstələyir, buna görə, döyüş meydanında qorxu hissi tamam itir. Belə nümunələr var idi ki, düşmən minomyot mərmiləri atan zaman bizim əsgərlər geriyə deyil, irəli doğru qaçırdı. Ölümdən deyil, ölümə doğru qaçırdılar. Döyüşçülərimizdən eləsi var idi ki, qolunun birini itirirdi, yenə irəli doğru qaçırdı, düşmən üzərinə gedirdi. Bu, mərdliyin, igidliyin, cəsurluğun ən böyük göstəricilərindən biridir”.

 

"Bir-birimizlə hallaşmışdıq”

K.Umudlunun sözlərinə görə, düşmənin kapitulyasiya aktını imzaladığı gecə çox böyük əməliyyata hazırlaşırmışlar: "Əməliyyatların ağırlığını, orda döyüşçüləri nələr gözlədiyini öncədən də təxmin etmək olur. Sonuncu belə əməliyyata noyabrın 9-u hazırlaşdıq. Komandanlıq tərəfindən bizə hücum əmri verilmişdi ki, tam hazır vəziyyətdə gözləyin, bu gecə böyük əməliyyat olacaq, daha irəliyə doğru gedəcəyik. Həmin gün yoldaşlarımızla yatmadıq, əmr gözləyirdik. Elə bir əməliyyat idi ki, orda hər şey ola bilərdi, qayıtmamaq da var idi. Bir-birimizlə hallaşmışdıq. Həmin gecə düşmən kapitulyasiya aktını imzaladı və təslim oldu. Müharibə belədir, bir saat sonra nə olacağı ilə bağlı qeyri-müəyyən düşündüyümüz vaxtda düşmən təslim oldu”.

Müharibə bitəndən sonra xidmətdə qalanlardan biri də Kamal olur. Döyüş olmadığı üçün boş vaxt da yaranırmış. Deyir ki, bu dövrdə kitab oxumağa vaxt ayırırmış: "Müharibə bitdikdən  sonra müəyyən qədər vaxtımız olurdu. Hər kəsin öz məşğuliyyəti var. Kimi internetə daxil olurdu, kimi kitab oxuyurdu, kimlərsə də başqa nələrsə. Mən kitab oxuyurdum. Məndə hakimlik peşəsinə böyük sevgi var. Bu işdə daim özünü təkmilləşdirməlisən. Oyun qaydaları kitabı var, hər il orda yeniliklər olur. O kitabı əldə etmişdim. Boş vaxtlarımda oxuyurdum”.
 


"Ən yaxınlarım bilirdi, bir də sənə deyirəm”

Kişilərin dostlarının bir qismi hərbi xidmət yoldaşları olur. Kamalın da hərbi xidmətdən qazandığı dostları var. Amma deyir ki, müharibənin dostluqları isə bir başqadır: "Hərbi xidmətdə qazandığım dostlar var, hazırda da əlaqə saxlayırıq, görüşürük. Ancaq müharibə dövrünün dostluqları bir az başqa olur. Sakit dövrdə hərbi xidmətdə olanda, düşünürsən ki, bir yerdəyik, bir il, il yarım sonra sən də, yoldaşların da evinə qayıdacaq. Lakin müharibə dövründə yanında olanlardan kimlərin sağ qalıb-qalmayacağını, bir neçə dəqiqə sonra başına nə gələcəyini bilmirsən. Müharibədə döyüşçülər arasında ailədən də ötə bağ yaranır. Hər anın bir yerdə keçir, heç kim yanındakının və özünün sabahının necə olacağını bilmir. Bu isə insanları daha da bir-birinə bağlayır”.

K.Umudlu bildirdi ki, müharibə döyüşçülərə çox böyük güvən hissi aşılayır: "Normal vaxtda bir adamla bəzən 3-4 il dostluq edərsən, amma ona sirlərini, ürəyindəkiləri danışa bilməzsən. Amma müharibədə 10-15 gün ərzində tanıdığın birinə sirrini açırsan, ən yaxın dostlarına dediklərini, bəzən demədiklərini onlara danışırsan. Mənə də danışılan sirlər, olub, mən də danışmışam. Bu cür söhbətlər belə başlayırdı: "Bunu heç kimə danışmamışam”, "Ən yaxınlarım bilirdi, bir də sənə deyirəm”. Müharibə həm də bizə daha böyük güvən hissi aşılamış olur. Əgər sirrini kiməsə danışırsansa, deməli, döyüş meydanında da ona güvənəcəksən”.
 


"Erməni əsgərləri uduzacaqlarına əmin idilər”

K.Umudludan döyüşçü deyil, hakim kimi iki ölkənin döyüşçülərini müqayisə etməyini də istədik: "Futbolda belədir ki, sonda bir tərəf qazanır, digər tərəf uduzur. Adətən, güclü tərəf qalib gəlir. Amma güclünün şansı gətirmədiyi vaxtlarda zəiflər də hansısa oyunda qalib gəlir. Biz bu döyüşdə güclü, mərd, igid və haqlı tərəf idik. Haqqımız olanı almaq üçün əsgərlərimiz çox böyük fədakarlıq, igidlik göstərdilər. Bu döyüşdə güclü, mərd, igid və haqlı tərəf qazandı. Amma erməni əsgərləri bu döyüşdə qalib gəlmək üçün heç nəyi gözə almırdılar. Həm haqsız tərəf idilər, həm də qorxaq. Döyüş meydanında silah-sursatlarını atıb qaçırdılar. Erməni əsgərlərinin vuruşmaq istəmədikləri ilə bağlı internetdə videolar da yayılırdı. Qaçırdılar, çünki qorxurdular. Qorxan, məğlub olacağını bilir deyə qorxur. Biz güclü olduğumuzu bilirdik və qorxmurduq. İstər müharibə olsun, istər hansısa yarış, güclü tərəfin qorxmağa səbəbi olmur. Erməni əsgərləri uduzacaqlarına əmin idilər”.

Döyüş yoldaşları arasında futbolla maraqlanan və onu tanıyanlar da olur: "Döyüşçülər arasında futbolla maraqlanan, əvvəlki dövrlərdə peşəkar, yaxud həvəskar futbolçu olmuş şəxslər də var idi. Futbolla xüsusi maraqlananlar tanıyırdılar. Bəziləri üzdən tanıyırdı, amma kim olduğumu bilmirdi, deyirdilər ki, sizi hardansa tanıyırıq. Deyəndən sonra bilirdilər. Futbolla maraqlanan ətraf olanda, futboldan danışırdıq, müzakirələr edirdik”.



Subay döyüşçülərin ailəli-uşaqlı döyüşçülərə jesti...

Kamal əlavə etdi ki, subay döyüşçülər ailəli-uşaqlı döyüşçüləri nisbətən arxa plana çəkməyə, riskli döyüşlərdə özləri iştirak etməyə çalışırdılar: "Əməliyyatlara hansı qrupların, əsgərlərin gedəcəyi tamamlama mərkəzlərində müəyyənləşdirilirdi. Tamamlama mərkəzlərində seçimlər, əməliyyata uyğun, fərqli olur. Döyüş zamanı vaxt olmur ki, çox riskli əməliyyatlarda "ailəli, iki-üç uşaqlı, subay” deyə seçim etsinlər. Tamamlama mərkəzində belədir ki, filan qədər əsgər ehtiyatı lazım olur və bu, çox qısa müddətdə təmin edilməlidir. Burda analiz aparmaq olmur. Kiminsə gəlib nə isə təklif  verməsini belə analiz etmək üçün vaxt qalmır. Kim təyin olunursa, gedir. Amma subay əsgərlər ailəli-uşaqlı əsgərləri arxa plana çəkməyə çalışırdılar. Təbii ki, subay şəxsləri də gözləyən sevdikləri çoxdur, amma onlar döyüş yoldaşlarının uşaqlarını daha çox düşünürdülər. Biz bu cür yanaşırdıq”.
 


"Zəfər dəhlizi”

K.Umudlu döyüşdən sonrakı oyunda hakim kimi meydana daxil olanda, onun üçün "Zəfər dəhlizi” təşkil edilir. O, belə bir qarşılanma gözləmədiyini deyir: "Mən döyüşə gedəndə, bunun karyerama, yaxud mənə olan münasibətlərə təsirini düşünüb o zəngi etməmişdim. Vətən uğrunda döyüşmək lazım idi və mən də özümü cəbhədə gördüm və getdim. Döyüşdə iştirak etmişəm deyə, hansısa özəl münasibət də gözləmirdim. Döyüşdən sonra "Səbail” – "Neftçi” matçında meydana qayıdacaqdım. Ümumiyyətlə, qayda belədir ki, həmişə hakimlər və komandalar meydançaya bir yerdə daxil olurdu. Oyundan bir gün əvvəl Peşəkar Futbol Liqasından Elgiz Abbasovla əlaqə saxladıq. Həmişə oyundan öncə bəzi təşkilati məsələlər barədə danışırıq. Bildirdi ki, pandemiyaya görə qaydalarda bəzi dəyişiklik edilib. Dedi ki, birinci ev sahibi komanda, sonra qonaq komanda, sonra da hakimlər meydana çıxacaq. Həm də dedi ki, orda nəsə tədbir olacaq. Onun nə olduğunu demədi, mən də heç özümlə bağlı nəsə olduğunu düşünmədim. Oyun günü tuneldə Elgiz bəylə bir yerdə idik. Komandalar dediyi kimi getdi, ancaq bildirdi ki, sənin hakim komandan birinci getsin, sən axırda gedərsən. Soruşdum ki, hər hansı reqlament dəyişikliyi var? Boylananda gördüm ki, komandalar meydançanın girişində dəhliz formasında düzülüblər. O zaman dedi ki, bu dəhliz sənin üçün qurulub. Bu diqqətə görə təşəkkür edirəm. İdman ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandıq. Onlara da minnətdarlıq edirəm”.(kaspi.az)




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top