Heydər Əliyevin qatı əleyhdarı olmuş deputat indi kimə və nəyə xidmət edir?

GÜNDƏM 02 mar 2021, 14:03
1995-ci ilin payızında AzTV-nin efirinə “Parlament həftəsi” adlı bir veriliş çıxdı. Adından da göründüyü kimi veriliş parlamentin həftəlik işini işıqlandırırdı. Verilişin ilk müəllifi bəndeyi-fəqiriniz olub. Və həmin veriliş bu gün də efirdə var. O zaman verilişin baxımlı olması üçün müxtəlif variantlardan istifadə edirdik. Bir və ən maraqlı variant isə 1 saatlıq verilişin son 10 dəqiqəsini parlamentin həftə ərzindəki iclaslarında ən fəal və ən passiv iştirak edən deputatlara həsr edirdik.

Xatırladım ki, o zaman parlamentin həftənin 2-ci və 5-ci günləri iclasları olurdu. Hər iş günündə isə fasilə ilə 4 saat iclas keçirilirdi. İndiki kimi “ayda bir yol, həftə də bir yol…” deyildi. Təvazökarlıqdan uzaq olsa da, veriliş çox qısa zamanda populyarlıq qazandı. Ən çox da maraq doğuran verilişinin sonluğu idi. Hamı oturub gözləyirdi ki, görək bu dəfə hansı deputat “lal olub”.

Veriliş sonralar populyarlığını itirdi. Ona görə ki, həm parlament sədrləri tələb etdi ki, verilişdə daha çox onların çıxışına yer verilsin, həm də ki, bir çox passiv deputatların “səyi nəticəsində” verilişin sonundakı 10 dəqiqəlik rubrika qadağan olundu. Amma o verilişi hazırlayanda çoxlu maraqlı hadislərlə rastlaşdım. Məsələn, onlardan birini deyim. Parlament iclasların əvvəllərində hər dəfə cari məsələlər müzakirə edilirdi. Bu cari məsələlərdə hər deputat öz fikrini, iradını və təklifini söyləyirdi. Və həmən cari məsələlərin müzakirəsi zamanı mənim diqqətimi bir şey cəlb edirdi. Deputatların heç biri, heç zaman nə Bakı şəhər İcra Hakimiyyətinin, nə də ki, Dövlət Gömrük Komitəsinin ünvanına ən xırda irad belə söyləmirdilər. Maraq mənə o qədər güc gəldi ki, yaxın münasibətdə olduğum bir deputatdan bunun “sirrini” soruşdum.

Deputat dostum gülüb dedi ki, “A kişi, 125 deputatın, içi mən qarışıq hamısının “çörəyi” bu iki qurumdan çıxır. Hər deputat yox-yox ayda bir dəfə Kəmaləddin müəllimdən bir dənə xahiş edir, “Baksovet” də ki, məlumdur. Ora hamımızın hər gün işi düşür. İndi deyirsən oturduğumuz budağı baltalayaq?”. Xatırladım ki, 30 illik “ənənə” bu gün də yaşayır.

Söhbətə uzaqdan başlamağımın səbəbi o idi ki, əvvəllər Milli Məclisin iclasları çox olurdu deyə deputatlar da bu və ya digər şəkildə danışmaq məcburiyyətində qalırdılar. Amma indi parlament iclasları qrafiklə deyil, çağırışla keçirilir. Çünki qanunvericilik sahəsində işlər əsasən tamamlanıb. İndi deputatlarımız “işsizlikdən əziyyət çəkirlər”.

Doğrudur, deputatlarımızın kommersiya işləri çoxdur. Maşallah, hamısı biznesmendir. Kim ev tikir, kim dərman monopoliyasının başında durur, kim mağazalar şəbəkəsinə rəhbərlik edir, kimisi də siqaret biznesinin başında durur. Amma bu şoğərib pul elə şeydir ki, çox olanda adamı dingildədir. İstəyirsən ki, hər gün diqqət mərkəzində olasan, böyük-böyük məclislərin başında oturasan. Neyləyək ki, pandemiya səbəbindən böyük-böyük tədbirlər keçirilmir, deputatlarımızın çoxu şirkətlərinin ofisində oturmaq məcburiyyətində qalırlar. Çox darıxırlar. Darıxdıqları və unudulmaqdan qorduqları üçün deputatlarımız gündə bir olay çıxarırlar. Məsələn, 4 çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı olan Sabir Hacıyev  kimi. Əminəm ki, Milli Məclisin belə bir üzvu olduğunu çox az adam bilir. Ona görə də istəyirəm onun haqqında bir balaca məlumat verim. Sabir müəllim ixtisasca hüquqşünasdır.

Cavanlığında hüquq–mühafizə orqanlarında işləyib. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olub. Qatı “Mütəllibovçu” olan Sabir Hacıyev bir ara Dövlət katibi vəzifəsini də icra edib. Ayaz Niyazoviç hakimiyyətdən devrildikdən sonra bir müddət işsiz qalıb. Sonra Mütəllibovun 1999-cu ildə yaratdığı Vətəndaş Birliyi Partiyasına qoşulub. 2000-ci ilin parlament seçkilərindən sonra partiyada fikir ayrılığı yaranıb və təşkilat 2001-ci ildə partiya katibi, hazırda Ümid Partiyasının sədri olan İqbal Ağazadə və Ayaz Mütəllibovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. İqbal Ağazadənin tərəfdarları  2002-ci ildə VBP adından imtina edib və Ümid Partiyasına birləşiblər. 2003-cü ildə Mütəllibov VBP-nin Azərbaycan Sosial Demokrat Partiyasına birləşməsi haqqında qərar qəbul edib.

Lakin partiya katibi olan Sabir Hacıyev bununla razılaşmayıb və VBP-ni müstəqil partiya elan edir. Və 18 ildir ki, bu partiyanın əvəzsiz və şəriksiz ideridir. Heydər Əliyev siyasətinin qatı əleyhdarı olan Sabir Hacıyev Ayaz Mütəllibovun siyasi karyerasının uğursuzluğunu gördüyü üçün onu tərk etdi. Və məşhur kinomuzdakı Kərbəlayi İsmayıl demiş “səhvini başa düşüb, silahı yerə atdı”. Oldu iqtidaryönlü partiya sədri. Və 4 çağırışdır ki, parlamentdə göyçaylıları təmsil edir.

Bu Sabir Hacıyevin qısa avto-bioqrafiyasıdır. İndi gələk Sabir Hacıyevin gündəm yaratmaq məsələsinə. Deməli Sabir Hacıyev “Modern.az” xəbər portalına verdiyi müsahibəsində deyir ki, “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm(!). Çünki çox sağlam adamam (!)”. Vaksinasiyadan “otkaz” etməsini də belə izah edir ki, “Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır. Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır (!)”.

Hə, yenə gəldik türklər demiş: “zurnanın zırt dediyi yerə”. Mən tez-tez söyləyirəm ki, bizim deputatlarımız təkcə kommersiya ilə deyil, həm də “peyğəmbərliklə” məşğuldurlar. Bu ölkədə və hətta bu dünyada nəyin səhv, nəyin düz olduğunu yalnız bizim deputatlarımız bilir. O biləndərlərdən biri də Sabir Hacıyevdir. O deyir ki, vaksinasiya ancaq xəstə adamlar arasında aparılmalıdır. Onun kimi sağlam adamların vaksinasiya olması lazım deyil. Və yenə məcbur oluram sıradan bir jurnalist kimi 18 ilin partiya başqanına və 20 ilin deputatına bəzi xatırtlatmalar edim.

Birincisi, 65 yaşdan yuxarı hər bir vətəndaşın vaksinasiya olması məcburidir. Xatırladım ki, Sabir müəllimin 67  yaşı var.

İkincisi, indiyə qədər xəstəxanada yatmamaq o demək deyil ki, sona qədər həmin adam heç zaman xəstələnməyəcək. Bəndənin xəstəliyini və ölümün yalnız Tanrı bilr. Sabir Hacıyev də yəqin ki, “Allahlıq” eşqinə düşüb.

Üçüncüsü, 20 ilin deputatının və partiya sədrinin belə bir fikir söyləməsi ən azı siyasi səbatsızlıqdar. Bu itaətsizliyə çağırışdır. Yəni ki, vaksinasiya olmağa heç kimi məcbur etmək olmaz. Normal cəmiyyətdə belə bir ifadəyə görə adamları məsuliyyətə cəlb edirlər. Amma neyləyək ki, Sabir Hacıyev kimilər özlərini toxunulmaz və seçilmiş adam hesab etdikləri üçün ağıllarına nə gəlir danışırlar. Çünki qanunlarımız çox zaman kasıb-küsub üçün keçərli olur. Qanunlar deputatlarımızın iddialarından çox aşağıda dayanır.

Və nə yazıq ki, Sabir Hacıyev kimilər pandemiya dövründə aktiv təbliğatçı olmaq əvəzinə radikal və ziyanlı təkliflərlə çıxış edirlər. Və onların bütün çıxışları korporativ maraqlar üzərində qurulur. Necə ki, Sabir Hacıyev karantin qaydalarından şəxsi əyləncəsi üçün gileylənir. Deyir ki, “Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram (!). Necə olur ki, restoranlar açılır, amma zallar yox?!”

Bu isə artıq əndazədən çıxmağın son həddidir. 20 ilin deputatı 18 ilin partiya başqanı pandemiya səbəbindən iş yerlərini itirən minlərlə insanın problemlərini deyil, öz xobbisini qabardır. Son bir ildə idman zallarına getməməsini faciə kimi qeyd edir. Dağıl a dünya, gör kimlər xalqı təmsil edir…(konkret.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top