Deputat: "Prezident mətbuat konfransında səsləndirdiyi fikirlərlə bunu bütün dünyaya göstərdi"

GÜNDƏM 01 mar 2021, 17:33
Azərbaycan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi misilsiz qələbələri informasiya mübarizəsində də reallaşdırdı. Prezident İlham Əliyev dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində suallara dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Bununla da düşmənin və havadarlarının ölkəmiz haqqında yaydığı qərəzli, saxta məlumatları təkzib etdi, onların bütün avantüra, qarayaxma kampaniyalarının, təzyiq cəhdlərinin qarşısını qətiyyətlə aldı, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında haqq savaşı apardığını bildirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı çıxışlarında hər zaman informasiya mübarizəsinin zəruriliyini diqqətə çatdırıb, Azərbaycanın uzun illər ərzində bu sahənin də hədəfində dayanan ölkə olduğunu, haqqımızda təhrif edilən, yalan məlumatlar, uydurma faktlar yayıldığını vurğulayaraq, buna adekvat cavab verilməsinin, həqiqətlərimizin dünyaya çatdırılmasının əhəmiyyətini xatırladıb. Rəşad Mahmudov Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan fəaliyyətinin bu gün də davam etdiyini vurğulayaraq bildirib: “Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə 4 saatdan artıq keçirdiyi mətbuat konfransı bunun bariz ifadəsidir.

Dövlətimizin başçısının mətbuat konfransında jurnalistlərə müraciəti, eləcə də suallara cavabları ilə bütün dünya ictimaiyyətinə erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını diqqətə çatdırdı. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin”.

Deputat qeyd edib ki, dövlətimizin başçısı bundan sonra da bu faşizm əməlinin bütün dünyaya rəsmən soyqırımı kimi tanıdılacağı, sözügedən istiqamətdə tədbirlərin ardıcıl surətdə görüləcəyi barədə ətraflı bəhs etdi. Prezident İlham Əliyev mətbuat konfransında jurnalistlərin suallarında səsləndirilən bir çox məsələlərə də aydınlıq gətirdi. Bununla bağlı bir məsələni xüsusi vurğulamaq istərdim. Ölkə rəhbəri Rusiyanın TASS agentliyinin əməkdaşının koronavirusa qarşı vaksinlərlə bağlı sualına açıqlamasında Azərbaycanda pandemiyanın lap əvvəlindən vəziyyətin nəzarətdə saxlanıldığını, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlərin kifayət qədər səmərəli olduğunu bildirdi.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda peyvəndləməyə başlayan birinci ölkə olduğunu, hazırda Çində istehsal edilən “CoronaVac” peyvəndi ilə vaksinasiya apardığını xatırladıb “COVAX” layihəsi əsasında “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərinin də alınmasının qərarlaşdırıldığını diqqətə çatdırdı: “Biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”.

“CoronaVac” vaksininin 4 milyon dozasının alınması barədə isə müqavilə bağlanılıb. Hazırda vaksinin istehsalçılardan göndərilməsi gözlənilir.

Azərbaycan Prezidenti koronavirusa qarşı vaksinlərlə bağlı suala açıqlamasında diqqətçəkən bir məqama da toxundu. Belə ki, hazırda bir çox ölkələrin ciddi narahatlığına səbəb olan bu məsələ–vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü problemi dövlətimizin başçısı tərəfindən indiyə qədər dəfələrlə münasibət bildirilib. BMT Baş Assambleyasının ötən ilin dekabrında COVID-19-a həsr edilən xüsusi sessiyasında möhtərəm Prezidentimiz Qoşulmama Hərəkatının sədri kimi çıxışında vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsünün aparılmasının zəruriliyini, bu məsələdə proteksionizmə, millətçiliyə yol verilməməsinin önəmini diqqətə çatdırıb. Lakin təəssüf ki, ölkə rəhbərinin də vurğuladığı kimi, sonra tamam başqa bir mənzərə nəzərə çarpdı: bu dəhşətli bəlaya qarşı mübarizədə dünya birliyində parçalanmanın açıq-aşkar şahidi olduq. Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin aldılar. Şübhəsiz ki, bu cür yanaşma digər dövlətlərin vaksinasiyadan kənar qalmalarına, ciddi problemlərlə üzləşmələrinə gətirib çıxara bilər. Bu, bərabərlik, insan haqları, demokratiya kimi prinsiplərlə bir araya sığmır. Haqdan-ədalətdən dəm vuran ölkələr belə əməllərə yol verməməlidir. Bax, elə bu məqamın dövlətimizin başçısının istər BMT Baş Assambleyasının tribunasında, istərsə digər beynəlxalq tədbirlərdə, eləcə də sözügedən mətbuat konfransında səsləndirməsi cənab İlham Əliyevin qətiyyətindən, daim insan hüquqlarına prioritet istiqamət kimi yanaşmasından xəbər verir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top