Zakir Qaralovun da fəaliyyəti araşdırılacaq?


GÜNDƏM 11 fev 2021, 17:36
Bir vaxtlar vəzifədə meydan sulayan sabiqlərin bəziləri indi dəmir barmaqlıqlar arxasından baxırlar. Daha onların korrupsiya faktlarını, yeyintilərini görməzdən gələn, qarşısında farağat durduqları Zakir Qaralov da yoxdur. 

Demokrat.az xəbər verir ki, mətbuatın sabiqləri ağ yuyub-qara sərdiyi bu günlərdə nədənsə keçmiş Baş prokuror Zakir Qaralov yada düşmür və ya bəziləri onu yada salmağa çəkinirlər.

Halbuki, Zakir müəllimin daha korrupsiyaya, qanunsuz qərarlara sipər olan vəzifəsi yoxdur, adi təqaüdçüdür… Bəziləri belə düşünürlər ki, sabiqlərin fəaliyyəti araşdırılırsa, Zakir Qaralovun da adı kənarda qalmamalıdır.

Tanınmış hüquqşünas – vəkil Cavad Cavadov Zakir Qaralov dövrünü repressiya dövrü kimi xarakterizə edib:

“Zakir Qaralovun Baş prokuror olduğu dövr vəkil kimi mənim yaddaşımda prokurorluğun “repressiya maşını” kimi qalıb. Hansı ki, onun dövrü prokurorluğun gücünün pik həddədək yüksəldiyi dövr idi. Ən azından mən onu belə xatırlayacağam. Qanunsuz, əsassız ittihamlar, onların əsasında çıxarılan məhkəmə qərarları bunu deməyə əsas verir. Bunu da elə-belə demirik. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlara əsasən deyirik. Avropa İnsan Hüquqları Məhkəməsi təkcə siyasi qərarlar qəbul etməyib, sıravi vətəndaşların da şikayətlərilə bağlı qərarlar çıxarıb. Mən şikayətlərin çox az hissəsinin Avropa Məhkəməsinə göndərilməsi baxımından bunu nisbi götürürəm.

Doğrudur, burada məhkəmələrin də məsuliyyəti vardı, amma son nəticədə ittihamı Baş Prokurorluq verir, təsdiq və müdafiə edir. Biz dəfələrlə qeyd etmişik ki, bunun özü düzgün deyil və konstitutsion islahatlara gedilməlidir. Prokurorluq həm istintaq aparır, həm istintaqa nəzarət edir, həm ittiham verir, həm məhkəmədə ittihamı müdafiə edir. Ən azından prokurorluğun dövlət ittihamının müdafiəsi səlahiyyəti götürülməlidir, yaxud istintaq olaraq başqa orqan yaradılmalıdır. Biz ümid edirik ki, növbəti dəfə Konstitutsiyaya dəyişikliklərdə bunlar nəzərə alınacaq”.

Hüquşünas deyib ki, əslində Zakir Qaralov vəzifədə olduğu müddətdə vəzifə bölüşdürməsi aparılıb:

“Məsələ burasındadır ki, Zakir Qaralov şəxsən heç bir sənədə imza atmayıb. Onun adı Baş prokuror vəzifəsində getsə də, məsuliyyəti bölüşürdü. İttihamı təsdiq etmirdi, məhkəmə qərarlarından protest vermirdi və s. Bunlar rəsmi ittihamlardır və araşdırılıb sübut olunmalıdır. Amma bunların hansısa cinayət işi üçün əsas olması-olmaması barədə mənim vəkil olaraq danışmağım peşəkarlığa sığmaz. Bunu zamanın və ədalətin ixtiyarına buraxaq. Biz arzu edirik ki, hazırkı Baş prokuror Kamran müəllim yaddaşlarda belə qalmasın”.

Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə 2020-ci il mayın 1-də son qoyulub.

Məhz həmin gün ölkə başçısının sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının yeni Baş prokuroru təyin edilib.

Bununla da qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişib.

2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu 20 ildən sonra tərk etdi, daha doğrusu vəzifədən azad edildi. Onun özünə qalsaydı, yəqin ki, daha 5 il müddətinə qalıb işləyərdi.

Bir çox hüquqşünaslar, vəkillər sabiq baş prokuror Zakir Qaralovun müsbət xatırlanacağını düşünmürlər. Onların sözlərinə görə, Z.Qaralov hüquq sisteminin nümayəndəsi kimi siyasi iradəcə azad deyildi. Bəzi ekspertlər Z.Qaralovun siyasi hakimiyyətdə yüksək nüfuza malik olmadığını qeyd edirlər. Onun vaxtında xüsusilə yerli prokurorluqların ictimaiyyət arasında nüfuzunun aşağı olduğu vurğulanır.

Bəzi məlumatlara görə, Zakir Qaralov baş prokuror işlədiyi müddətdə dolayı yollarla bizneslə də məşğul olub. “Akkord” tikinti şirkətinin vaxtilə ona məxsus olduğu da söylənilir.(modern.az)
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top