Ramiz Mehdiyev Siyavuş Novruzovu bağışladı


GÜNDƏM 11 fev 2021, 12:45
Dünən belə bir xəbət tirajlandı ki, Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib. Yada salaq ki, bir neçə ay əvvəl Ramiz Ənvəroviç deputatlara xəbərdarlıq etmişdi, onları həbs etdirəcəyi ilə hədələmişdi. Bu günsə artıq bu istiqamətdə real addımlar atılır. İnformasiya “AzPolitika.info”-ya mötəbər mənbədən daxil olub. AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.

Ramiz Mehdiyevin məhkəmədən tələbi nədir və hansı deputatlar məhkəməyə verilib, təfərrüatlar tam məlum deyil. Lakin AMEA prezidentinin kimləri məhkəmə vasitəsilə cəzalandırmağa çalışdığını təxmin etmək çətin deyil. Ötən ilin avqust ayının 25-də Ramiz Mehdiyev ona qarşı hücumlara AMEA-nın saytı vasitəsilə yaydığı cavab yazısında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrini xatırladaraq, 16 deputatın adını çəkmiş, onları açıq şəkildə hədələmişdi.

Həmin məqalədən sitat: “… Məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov … unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm”.
Belə görünür ki, Ramiz Mehdiyev xatırlatdığı hüququndan istifadə edib və deputatlarla məhkəmə yolu ilə haqq-hesab çəkmək qərarına gəlib. Lakin belə görünür ki, AMEA prezidenti adlarını çəkdiyi deputatlardan birini “əfvə salıb” – bəyanatda 16 deputatın adını çəksə də, onlardan 15-ni məhkəməyə verib.

Digər bir maraqlı məqam Ramiz Mehdiyevin təqdim etdiyimiz bəyanatında deputatları xüsusi ittiham qaydasında məhkəməyə verə biləcəyini elan etməsidir. Çox böyük ehtimalla, elə bu qaydada da verib və deputat toxunulmazlığına əhəmiyyət verməyərək, onların həbsini tələb edir.

Hələlik qarşı tərəfdən hansısa reaksiya yoxdur. Amma mənzərə özü şox maraqlıdır.  Axır ki, Ramiz Ənvəroviç də məhkəmə hakimlərinin əlinin suyunu dadacaq. Nəticənin necə olacağından asılı olmayaraq bütün hallarda Akademik uduzan tərəfdir. Çünki Ramiz Mehdiyevin böyük dəryalarda sağa-sola qovduğu gəminin altı artıq lilə oturub. Hərəkətsizdir. Ona görə də Ramiz Ənvəroviçin bütün cəhdləri uğursuz olacaq. Amma prosesdə bir çox maraqlı məqamların üzə çıxacağı şübhəsizdir. Və mənim üçün də ən çox maraqlı olan məsələnin o tərəfidir.

Nəzərə alaq ki, adları çəkilən deputatların bir qismi biləvasitə Ramiz Ənvəroviçin “şineli”ndən çıxıb, onun öz yetirmələridir. Və yəqin ki, Akademikə də ən ağır gələn məsələnin bu tərəfidir. Mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, adı çəkilən deputatların tam əksəriyyətinin karyera sıçrayışlarında Ramiz Mehdiyevin müstəsna rolu olub. Və həmin deputatların bəziləri vaxtilə Prezident Adminstrasiyasının sabiq rəhbərinin ilıq təbəssümünü qazanmaq üçün həyatlarıını qurban verərdilər. Ondan “malades” qazanmaq üçün dünyanı dağıdırdılar. Amma artıq o dövr keçmişdə qalıb. “Kral öldü, yaşasın kral”.

Bu gün artıq Ramiz Ənvəroviçin əlində sehirli çubuq yoxdur. Daha əvvəlki kimi kimlərinsə həyatını bir günün içində 180 dərəcə dəyişdirə bilmir. Ona görə də qocalıb, taqətdən düşmüş və heç bir təsir imkanı olmayan bir adamın üstünə getmək deputatlarımız üçün heç də çətin deyil. Əslində parlamentdə on illərlə lövbər salmış bəzi qocaman deputatların da “vəzifəsi” zatən bu olub ki, kimlər haqqındasa rəy yaratsın, kimlərinsə sonunu tezləşdirsin. Və ən pisi də odur ki, Milli Məclisdə belə bir institutun yaradılmasının təşəbbüskarı və təşkilatçısı Ramiz Mehdiyev özü olub. İndi neyləyək ki, vaxtilə yaratdığı bədnam institutun müdavimləri bu gün Akademikin özünə qarşı  “müqəddəs” vəzifələrini yerinə yetirirlər.

Bu məhkəmə məsələsində diqqət çəkən məqamlardan biri də odur ki, “sakraşeniyaya” düşən 1 deputat kimdir? Mənim zənnimcə bu, Siyavuş Novruzovdur. Ən azından ona görə ki, Siyavuş Novruzov digərlərindən fərqli olaraq sona qədər Ramiz Mehdiyevin yanında durmağa çalışdı. Bu istəyi isə bir növ Siyavuş bəyin sonunu gətirdi. Ötən ilin yayında Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirakı Siyavuş Novruzova çox baha başa gəldi.

Ən azından  YAP icra katibi müavini kimi məsul və həşəmətli vəzifəsini itirdi. Yəqin ki, növbəti parlament seçkilərində də mandatını itirəcək. Bütün bunları çox gözəl bilən Ramiz Ənvəroviç inanmıram ki, Siyavuş Novruzovu məhkəməyə verə. Çünki, Siyavuş bəy zatən cəzasını alıb.

Digər deputatların da Ramiz Mehdiyevin qarşısındakı xidmətlərindən saatlarla danışmaq olar. Amma bunu çoxları bildiyi üçün təkrarlamaq istəmirəm. 15 deputatdan tək biri istisnalıq təşkil edir. Fəzail Ağamalı hər zaman Ramiz Mehdiyev haqqında kəskin danışıb. Ən azından son 15 ildə. Lakin digər 14 deputatın son bir ilə qədər nəinki, rəsmi qaydada, heç qeyri-rəsmi yerdə də də Akademik haqqında ən xırda iradını belə nə eşidən olub, nə görən.

Məhkəmənin sonucunu hamı kimi mən də bilirəm. Ona görə də cəsarət edib Ramiz Ənvəroviçə bir təklif etmək istəyirəm. Qoy, Akademik deputatları məhkəməyə vermək əvəzinə adlarını çəkdiyi bəzi deputatların onun qarşısındakı “xidmətləri” barədə yazsın. Bu olar yaxşı iş. Bu hesaba da həm Ramiz Mehdiyevin ürəyi boşalar, həm də bəzi deputatlarımızı yenidən tanıyıb, kəşf edə bilərik. Məncə yaxşı olar. Elə deyilmi?..(konkret.az)

Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top