Yaqub Mahmudov üçün ÖZƏL GÜN

GÜNDƏM 10 fev 2021, 16:31
Fevralın 10-u akademik Yaqub Mahmudovun doğum günüdür.

Demokrat.az
akademikin doğum gününü nəzərə alaraq, onun tərcümeyi-halını təqdim edir:

Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fev­ra­lın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (in­di­ki BDU) Tarix fakültəsini fərq­lənmə diplomu ilə bitirmiş, həmin ildə aspiranturada sax­la­nıl­mış­dır. 1966-cı ildə Ağqoyunlu - Venesiya əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə pro­fessor elmi adını almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007) və həqiqi üzvü (2017) seçilmişdir.

Y.Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklo­pe­­di­yasında elmi redaktor, böyük elmi re­dak­tor, redaksiya müdiri, elmi işlər üzrə baş re­dak­tor müa­vini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İns­ti­tu­tun­da (indiki ADPU) baş müəllim, do­sent və 1981-2004-cü illərdə BDU-da dosent, kafedra müdiri, de­kan müavi­ni, dekan işləmişdir. 1992-1993-cü illərdə Azər­bay­can Res­pub­li­ka­sı Ali Attestasiya Komissiyası səd­ri­nin müa­vi­­ni və “Azər­baycan En­sik­lo­pe­di­ya­sı” Nəş­riy­yat-Poliqrafiya Birliyinin baş direk­to­ru və­zi­fə­lə­rində çalışmışdır. 2004-2021-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitu­tunun di­rek­toru olmuşdur.

Y.Mahmudov tarixşünaslıqda ilk də­fə olaraq XV-XVII əsrlərdə Azər­bay­canın Av­ropa ölkələri ilə geniş diplomatik əlaqələr sax­la­dı­ğını, həmin ölkələrlə da­nı­şıqlar aparmış bir çox Azərbaycan dip­lo­mat­larının adlarını üzə çıxar­mış, fəaliy­yətlərini açıqlamış, bu sahədə elmə mü­hüm yenilik­lər gətirmişdir. Azərbay­canın dip­lomatiya tari­xi, Azərbay­can və ümum­dün­ya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox mono­qrafiya, kitab, dərslik və s. nəşr­lərin müəl­lifidir. Onun “Ağ­qo­yunlu və Səfəvi dövlətlərinin Qərbi Av­ropa öl­kələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II ya­rı­sı-XVII əsrin əvvəlləri)” (Bakı, 1991) və “Azərbaycan dip­lomatiyası (XV-XVII əsr­lər)” (Bakı, 1996) adlı fundamental tədqiqatları Moskva Dövlət Universiteti Orta Əsrlər Tarixi kafedrasının qərarı ilə nəşr olunmuş və müxtəlif xarici dillərdə işıq üzü görmüşdür.

O, Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (Bakı, 2002), “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Bakı, 2011), “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə, Bakı, 2013), “İlham Əliyev və Azərbaycan tarix elmi” (Bakı, 2014), “Azərbaycan Respublikasının tarixi” (həmmüəllif, 2 cilddə, Bakı 2016), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (Bakı, 2016), “Real tarix və “böyük Ermənistan” uydurması” (Bakı, 2017), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (Bakı, 2019) kimi fundamental mo­no­qra­fiyalarını və başqa kitablarını nəşr etdirmişdir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 15 cildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, Sankt-Peterburq, London, Vaşinqton, Los Anceles, Nyu-York, Ankara, İstanbul, İslamabad, Budapeşt, Buxarest, Varşava, Tiflis,  Kiyev, Roma, Qahirə, Seul, Mexiko və b.) nəşr olunmuşdur.

Y.Mahmudov diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində elmi məktəblər yaradıb. Onun rəhbərliyi ilə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi reallaşıb. Yük­səkixtisaslı tarixçi kadr­ların yetişdiril­mə­sin­də mü­hüm rol oynayır. Elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorları yetişmişdir. O, uzun illərdir ki, Tarix ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasına rəh­bərlik edir.

Y.Mahmudov Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Oksford Akademik Birliyinin fəxri professorudur. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laurea­tı­­dır. Azərbaycan Respublikasının “Şöhrət” (1999), “Şərəf” (2009) və 1-ci dərəcəli “Əmək” (2019) ordenləri ilə təltif olunmuşdur. Həmçinin “Ataman Anton Qolovatıy” ordeni, “Simurq” beynəlxalq medalı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı, “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı, “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın “A.A.Bakıxanov” və Tarix İnstitutunun “Gənclərin dostu” mükafatları, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı və TDABEA-nın 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatına və digər çoxsaylı təltif və medallara layiq görülmüşdür.

Y.Mah­mu­dov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Ulu öndər Heydər Əliyev Y.Mahmudovun elmi yaradıcılığını yüksək qiymətləndirmiş, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top