Azərbaycanın nadir əməkdaşlıq formatı: Böyük Britaniya əsas tərəfdaş kimi...


SİYASİ 09 fev 2021, 22:21
Azərbaycanın uzun illərdir apardığı uğurlu xarici siyasət artıq nəticəsini verir. Bu gün aparıcı mövqeyə malik Avropa dövlətləri beynəlxalq münasibətlər sistemində ölkəmizin əsas tərəfdaşı kimi çıxış edirlər. Belə ölkələrdən biri də beynəlxalq münasibətlər sistemində möhkəm yeri olan Böyük Britaniyadır.

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun bu həftə Azərbaycana səfəri və burada Prezident İlham Əliyevin qəbulunda olması, eləcə də ayrı-ayrı rəsmi şəxslərlə görüşü, müxtəlif yerlərə səfəri Azərbaycan-Britaniya əlaqələrini, gələcək perspektivləri yenidən gündəmə gətirdi. Bu səfər çərçivəsində səsləndirilən fikirlər və müxtəlif sahələrdə əməkdaşlıqla bağlı imzalanan sənədlər bir daha göstərdi ki, siyasi və iqtisadi baxımdan Azərbaycan Böyük Britaniya üçün Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşdır. Bu ölkə, həmçinin Azərbaycanın Avropa məkanına və strukturlarına inteqrasiyasına öz dəstəyini verməkdədir.

Azərbaycan Prezidenti: Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirdi ki, bu səfət bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir: “Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.
Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir”.

Dövlət başçısı, həmçinin vurğuladı ki, biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir: “Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq”.

Prezident İlham Əliyev demək olar 600 Britaniya şirkətinin Azərbaycanda qeydiyyatdan keçdiyini bildirdi. Qeyd etdi ki, bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir”.

Böyük Britaniya ilə əlaqələr etibarlılığa əsaslanır

Təbii ki, dövlət başçısı səviyyəsində səsləndirilən bu fikirlər Böyük Britaniya ilə əlaqələrin tarixinə və etibarlılığına əsaslanır. Hələ müstəqillik illərinin ilk vaxtlarından başlayan əməkdaşlıq tədricən iki tərəf arasında əlaqələrin daha da genişlənməsinə səbəb olub. Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin apardığı siyasət xüsusilə qeyd edilməlidir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Britaniya ilə sıx təmasları, onun 1994-cü ildə Britaniyaya səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı. Səfər zamanı Azərbaycan və Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə Bəyannamə” imzalandı. Nəticədə, 1994-cü ilin 20 sentyabr tarixində Bakıda Britaniya şirkətinin ən çox paya malik olduğu, ARDNŞ ilə xarici neft şirkətləri arasında “Əsrin müqaviləsi” imzalandı. Nəticədə, bu gün Azərbaycana 30 milyard dollara yaxın sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur.

Böyük Britaniya - Azərbaycan tərəfdaşlığı bundan sonra da güclənəcək

Böyük Britaniya Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı da son 30 il ərzində prinsipial mövqe tutub. Təsadüfi deyil ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 853-cü qətnamənin qəbul olunması birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə, onun sədrliyi dövründə həyata keçib.

44 günlük Vətən müharibəsi dövründə də BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, Britaniya buna yol vermədi. Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord çevik və prinsipial mövqeyi sərgiləyərək bunun qarşısını aldı.

Təbii olaraq, bütün bunlar Azərbaycanın apardığı rasional və strateji hədəflərə istiqamətlənən xarici siyasət nəticəsində mümkün olub.

Böyük Britaniyanın dövlət naziri xanım Vendi Mortonun bu səfərindən də aydın görmək mümkündür ki, Azərbaycan və Böyük Britaniya dərin köklər əsasında qurulmuş tərəfdaşlığı bundan sonra da gücləndirmək niyyətindədir./Trend


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top