"Böyük Qələbəmizdə ədəbiyyatımızın da payı var"

ƏDƏBİYYAT 07 fev 2021, 12:46
Demokrat.az tanınmış yazıçı-dramaturq, sabiq deputat Hüseynbala Mirələmovla müsahibəni təqdim edir:

– Hüseynbala müəllim, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbənin sayəsində xalqımız illər boyu nisgilini çəkdiyi doğma Qarabağa qovuşmuşdur. Baş verən şanlı olaylar, sizcə, han­sı həqiqəti özündə ehtiva edir?

– Qarabağda möhtəşəm qələbəmiz xeyrin şər üzərində qələbəsidir. Mən bir daha əmin oldum ki, yeri, göyü yaradan Allah haqqı nahaqqa vermir, necə deyərlər, gec eləyir, güc eləyir.

Bu tarixi qələbənin ən böyük memarı, şübhəsiz, Ali Baş Koman­dan İlham Əliyevdir. Xalq möhtərəm Prezidentimizin ətrafında dəmir yum­ruq kimi birləşərək, yağı düşmənin başını əzmişdir.

Bəli, Azərbaycan xalqı, Milli Ordumuz Vətən müharibəsində tarix yazmışdır. Bu gün bütün dünya Azərbaycan əsgərinin hünərindən, qeyrətindən danışır. Bu, elə bir parlaq zəfərdir ki, gələcək nəsillər qərinələr, əsrlər boyu bu böyük tarixi uğurla fəxr edəcəklər.

– Sizcə, ədəbiyyatımız Böyük Qələbəyə öz layiqli töhfəsini verə bildimi?

– Əlbəttə, Böyük Qələbəmizdə ədəbiyyatımızın da payı var. İkinci Qarabağ müharibəsində təkcə toplar, raketlər deyil, poeziyamız da, ədəbiyyatımız da döyüşürdü.

Vətən müharibəsi milli-mənəvi dəyərlərimizin, əxlaqımızın qələbəsidir. Fikrimcə, Vətən sev­gisi, ilk növbədə, milli əxlaqın gözəlliyindən xəbər verir. Biz hu­manist xalqıq, əxlaqımız da safdır, təmizdir. Düşmənimiz isə şərəfsiz yol tutaraq, özgə, yad torpaqlarına göz dikmişdi və layiqli cəzasını da aldı.

Bizim qələbəmiz gözlənilən idi. Çünki Azərbaycan xalqı Qarabağda ədalətli müharibə aparırdı. Həmişə bu əqidədə olmuşam ki, çox sayda əfsanəvi qəhrəmanları – Mehdiləri, Həziləri, Mübarizləri və başqa yenilməz igidləri yetirən xalqın qisası qiyamətə qala bilməz və həqiqətən də qalmadı.

Bir ziyalı, yaradıcı insan olaraq dövlətimə, xalqıma, qeyrətli oğullara olan dərin inamım əsərlərimdə də öz əksini tapıb. “Xəcalət”, “Ləyaqət” “Güllələnmiş heykəllərin fəryadı” və digər əsərlərimdə məhz bu həqiqəti əks etdirməyə çalışmışam.

– Professor Nizaməddin Şəmsizadənin fikrincə, siz Azərbaycan ədəbiyyatında Qara­bağın ağrı-acılarını, bu dərdin bədii obrazını ədəbiyyatımıza gətirən yazıçıların ilk cərgəsindəsiniz...

– Hörmətli professora xoş sözlərinə görə dərin minnətdarlığımı bildirirəm. Nizaməddin müəllim yüksək peşəkar, qərəzsiz, ədalətli mövqeyi ilə seçilən tənqidçi, çox istedadlı ədəbiyyatşünasdır, mənim yaradıcılığım barədə bir çox dəyərli fikirlər söyləyib.

Fəxrlə deyə bilərəm ki, həqiqətən, Şuşanın yaralanmış “xarı bülbülü”ndən tutmuş dəhşətli Xocalı soyqırımına qədər Qarabağ ağrısını, dərdlərini var gücümlə qələmə almağa çalışmışam. Mənə elə gəlir ki, doğma yurda, torpağa bağlılıq, Vətənə, millətə, dövlətə sədaqət hissləri ən ali dəyərlərdir.

Bu mövzuda “Missiya”, “Güllələnmiş heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər”, “Qiblə”, “Gəlinlik paltarı”, “Bir gecənin sehri” və başqa böyük-kiçikli əsərlər yazmışam.

Bununla heç də öz yaradıcılıq missiyamı bitmiş hesab etmirəm. Ötən il dekabrın 10-da tale mənə xalqımızın möhtəşəm Zəfər paradını görməyi nəsib etdi. Bu, sözlə ifadə edilməsi çətin olan, olduqca böyük səadətdir.

Həmin xoşbəxt anlarda bir daha düşündüm ki, mən bundan sonra da öz halal və qeyrətli qanı ilə Qarabağ­da qəhrəmanlıq salnaməsi yazan Vətən oğullarının bədii obrazlarını yaratmalıyam. Bunu özüm üçün müqəddəs vəzifə sayıram.

Son günlər mətbuatı xüsusilə, diqqətlə izləyirəm. Həm çap mətbuatında, həm də televiziya­larımızda Qarabağ şəhidləri və qazilərimiz barədə bir-birindən gözəl yazılar dərc olunur, təsirli, maraqlı te­lereportajlar hazırlanır. Bunlar adamın qəlbini riqqətə gətirir.

Müharibə şəhidlərinin və qazilərinin tanıdılması vacibdir. Bu, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərini daha da gücləndirəcək. Əminəm ki, Azərbaycan yazıçıları da Vətən müharibəsinin möhtəşəm ədəbi salnaməsini yaradacaq.

– Siz müsahibələrinizin birində deyibsiniz ki, hər bir xalqı dünyaya onun böyük övladları, görkəmli şəxsiyyətləri tanıtdırır və bu, özü də əsl vətənpərvərlikdir...

– Bəli, bu, bir həqiqətdir. Mən o fikri dahi siyasətçi Heydər Əliyevi nəzərdə tutaraq bəyan etmişəm. Ulu öndər mənsub oldu­ğu xalqın zəkasını, mədəniyyətini, mənəviyyatını bütün dünyaya parlaq surətdə nümayiş etdirib.

Xoşbəxtlikdən bu böyük tarixi mis­siyanı bu gün möhtərəm Prezidenti­miz İlham Əliyev böyük uğurla davam etdirir. Bu görkəmli tarixi şəxsiyyətin liderliyilə Azərbaycanımız bu gün bü­tün dünyada güclü, qüdrətli bir dövlət kimi tanınmağa başlayıb.

Düşünürəm ki, hər bir insan yalnız azad, şərəfli bir ölkənin vətəndaşı ol­duğu zaman tam mənada xoşbəxt ola bilər. Bu gün biz xoşbəxtlikdən məhz belə bir ölkədə yaşayırıq.

Mən Yer üzündə ikinci elə bir ölkə tanımıram ki, xalqın böyük əksəriyyəti öz rəhbərinə bu qədər sevgi, rəğbət və məhəbbət bəsləsin. Bizim uğurla­rımız xalqla onun sevimli rəhbərinin sarsılmaz birliyindən qaynaqlanır. Allah pis gözdən qorusun!

– Hər bir insan uzun illər həsrətində olduğu bir arzunun çin olması xəbərini eşidəndə onu dərhal ən yaxın və doğmaları ilə paylaşmaq istəyir. Maraqlıdır, siz Şuşa ilə bağlı hər birimizə sonsuz fərəh gətirən böyük müjdəni birinci kiminlə bölüşdünüz?

– Həmin an qeyri-adi dərəcədə xoşbəxt hisslər keçirdim. Telefonum bir an susmaq bilmirdi. Özüm də doğmalarıma fasiləsiz zəng edirdim. Eyni zamanda, düşündüm ki, yaxın dostum Bəxtiyar Vahabzadə sağ olay­dı, böyük həvəslə bu böyük sənətkara telefon açardım.

O fərəhli anlarda digər mərhum dostum, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun fiziki yoxluğuna görə çox mütəəssir oldum. Böyük yazıçı deyirdi ki, Azərbaycan ədəbiyyatının potensi­alı çox böyükdür. Yeri gəlmişkən, Çin­giz Aytmatov Şuşanın əsrarəngiz za­hiri və mənəvi gözəllikləri barədə çox eşitmişdi, dahi Üzeyir bəyin Vətənini şəxsən ziyarət etməyi arzulayırdı. Ruhu şad olsun, yəqin ki, mələklər Şuşanın azad olması xəbərini ona çoxdan çatdırıblar.

– Siz çağdaş ədəbiyyatımızda məhsuldar qələm sahiblərindən sayılırsınız. Maraqlıdır, günün hansı vədəsində daha çox yazıb-yaradırsınız?

– Xalq şairi Bəxtiyar Vahabzadənin dərin mənalı sözləri var:

Mən tək olanda, fikirlərimin,

Hər biri yanımda bir insan olur.

Sözümün canı budur ki, əksər qələm əhli kimi, mən də adətən, gecələr daha məhsuldar işləyirəm. Bir də ki, gündüzlər, boş vaxtım, demək olar ki, olmur...

Bəzən deyirlər ki, yaş öz işini gö­rür. Allaha şükür ki, hələ ki, yazıb-ya­ratmaqdan doymamışam. Qarabağda tarixi zəfərimiz yaradıcılıq şövqümü birə onqat artırıb. Sağlıq olsun!

– Hüseynbala müəllim, sonda ənənəvi sual: qarşıda hansı arzula­rınız, planlarınız var?

– Arzularım çoxdur. Şuşadan ötrü çox darıxmışam. Şuşa bizim mənəviyyatımızın, mədəniyyətimizin tacıdır. Möhtərəm Prezidentimizin tapşırığı ilə Füzuli tərəfdən Şu­şaya gözəl bir yol çəkilir. Böyük mənuniyyətlə həmin yolla Şuşaya gedəcəyəm, özü də böyük həvəslə, uça-uça gedəcəyəm

Azərbaycan xalqı qurub-yaradan xalqdır. Ən yaxın aylar, illər ərzində təkcə Şuşa deyil, külli Qarabağı laləzara, gülüstana çevirəcəyik. Doğ­ma Qarabağımızın fatehlərindən də, oranı hazırda cənnətə çevirənlərdən böyük həvəslə yazacağam. Bir sözlə, yazmağa mövzu çoxdur.

Xalqqazeti.com 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top