Müzəffər Ordunun qazi kapitanı — FOTOLAR

GÜNDƏM 06 fev 2021, 11:20
"Savaşmaq üçün yalvaran əsgər və zabitlər gördüm”
 
İkinci Qarabağ savaşının ilk günlərində çiynindən yaralansa da təxliyə edilməsinə, hərbi hospitala aparılmasına razılıq verməyib, arxa cəbhəyə göndərilməkdən imtina edib. Uşaq yaşlarından hərbçi olmağı, işğal altındakı torpaqlarımızın azad edilməsi prosesində iştirak etməyi, Azərbaycan bayrağını Şuşada, Laçında, Kəlbəcərdə dalğalandırmağı qarşısına məqsəd qoyan kapitan Anar Əliyev ölümü gözə alaraq döyüşməyə üstünlük verib. Yarasının ağrı-acısını keyidici dərmanlar deyil, yaşayış məntəqələrimizin, düşmən mövqelərinin bir-birinin ardınca nəzarətimizə keçməsi unutdurub. Beləliklə o, 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından birinə çevrilib.
 


 
Hərbiyə olan böyük maraq
 
Kapitan Anar Məzahir oğlu Əliyev 5 may 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndində anadan olub. İkinci sinfə qədər Yurdçu kənd orta məktəbində təhsil alıb. 2000-ci ildə ailəliklə Bakı şəhərinə köçüblər və təhsilini burada davam etdirib. 2006-2009-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Bakı şəhərində Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2013-cü ildə ali hərbi təhsilini bitirərək leytenant rütbəsi alıb. 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabitləri təkmilləşdirmə kursu keçib. Kursu başa vurduqdan sonra Ağdam rayonundakı "N” saylı hərbi-hissədə taqım komandiri kimi xidmətə başlayıb. Burada xidmət etdiyi 6 il ərzində bölük komandiri, tabor komandirinin müavini vəzifələrinə qədər yüksəlib. 2019-cu ilin may ayında xidməti zərurətlə əlaqədar olaraq Bakı şəhərindəki "N” saylı hərbi-hissəyə göndərilib. Burada tabor komandirinin müavini vəzifəsini icra edib.
 



Komandirlik etdiyi şəxsi heyəti başsız buraxmadı
 
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını almaq üçün kapitan Anar Əliyev və tabeliyində olan şəxsi heyət cəbhəyə göndərilib. Əvvəlcə Horadiz qəsəbəsi, ardınca Füzuli şəhəri istiqamətində döyüşlərə cəlb olunub, Gecəgözlü, Mahmudlu, Ələsgərli, Alıxanlı, Kürd Mahmudlu kəndlərinin düşməndən azad olunmasında, həmçinin strateji yüksəkliklərin, erməni postlarının ələ keçirilməsində iştirak edib. Gecəgözlü yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı mərmi onun yanında partlayıb, qəlbə çiynini yaralayıb. Onu hərbi hospitala təxliyə etmək istəsələr də, buna qarşı çıxıb, yarasını sarıtdıraraq düşmənə qarşı vuruşmağa davam edib, hərbçi yoldaşlarını, komandirlik etdiyi şəxsi heyəti başsız buraxmayıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin vurğuladığı kimi, əsgərlərimizlə çiyin-çiyinə verib aslan kimi savaşıb, düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv edib, ermənilərin döyüş postlarını, silah-sursatını, hərbi texnikasını ələ keçirib onların özlərinə qarşı istifadə edib.
 


 
Şuşa istiqamətində tabor şəklində irəliləmək
 
Keçdiyi döyüş yolu barədə xatirələrini "Kaspi” qəzetinə bölüşən qazi kapitan A.Əliyev bildirib ki, kənd, qəsəbə, şəhər və rayonlar azad edildikcə, düşmən postları bir-birinin ardınca ələ keçdikcə, şəxsi heyətə əlavə güc gəlib, onlar daha böyük həvəslə döyüşə atılıblar: "Mənfur düşmən məhv olduğunu görüb döyüş mövqelərini tərk edir, yaralı və meyitlərini atıb qaçırdı. Azad etdiyimiz hər bir yüksəkliyə, posta, yaşayış məntəqəsinə Azərbaycan bayrağını qürurla sancır, bundan fəxarət hissi keçirirdik. Çünki 30 ilə yaxın həsrətdən sonra o torpaqlara öz sahibləri qayıdırdı və buna görə çox sevinirdik. Beləcə, döyüşlərdə iştirak edə-edə, komandanlığın tapşırığına uyğun olaraq müxtəlif istiqamətlərdə düşmən mövqelərinə doğru hücuma keçib onları məhv edirdik. Son olaraq Şuşa istiqamətində tabor şəklində irəliləmək tapşırığı aldıq. Verilən əmrləri vaxtında yerinə yetirərək Şuşa istiqamətində strateji yüksəklikləri, yolları nəzarət altına ala bildik. Bu, düşmənə imkan vermədi ki, döyüş meydanına əlavə hərbi texnika, canlı qüvvə cəlb edə bilsin, öz əsgərlərinə kömək etsin”.
 


 
Son damla qanına qədər döyüşmək
 
Qazimiz söyləyib ki, nəzarət etdikləri ərazilərdə düşmənin istənilən hərəkətini dərhal qeydə alır, onun məhv edilməsi üçün zəruri tədbirlər görüblər: "Bu qaydada mərhələ-mərhələ irəliləyib Daşaltı kəndinə çatdıq, orada möhkəmləndik, Şuşa-Laçın yolunun üzərində nəzarəti tam bərpa etdik. Buradakı döyüşlərdə də düşmən mövqelərini darmadağın etdik, canlı qüvvəsini məhv elədik. Bütün bu günlər ərzində düşmən ağır artilleriyadan, tanklardan, minaatanlardan daim üstümüzə mərmi yağdırır, iriçaplı silahlardan bizi atəşə tuturdu. Düzdür, şəhidlərimiz, yaralılarımız olurdu. Amma bu itkilər bizi sarsıtmır, ruhdan salmırdı. Vətən torpaqlarının azadlığı, Qarabağ probleminin birdəfəlik həlli, Xocalının və şəhid döyüş yoldaşlarımızın qisası naminə hamımız son damla qanımıza qədər mübarizə aparır, düşmənin başını əzirdik. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, döyüş ruhu çox-çox yüksək səviyyədə idi. Təsəvvür edin, tabeçiliyimdəki şəxsi heyətdən kimsə, hansısa əsgər yaralanırdı, biz dərhal ona ilkin tibbi yardım göstərir, yarasının ağırlıq dərəcəsinə uyğun olaraq qərar qəbul edir, onu arxa cəbhəyə təxliyə edirdik. Onlar getmək istəmir, yarımcan halda olsa belə, son damla qanına qədər döyüşmək, döyüş meydanında şəhid olmaq istəyirdilər. Başımıza yağdırılan od-alova, mərmiyə, bizi hər an izləyən ölüm təhlükəsinə baxmayaraq, təxliyə olduğu üçün sevinən deyil, bundan üzülən, dərin təəssüf hissi keçirən, savaşmaq üçün yalvaran əsgər və zabitlər gördüm. Belə anları gördükcə, şəxsi heyətin mübarizliyi daha da artırdı”.
 

 
Düşmənin gücünü tükəndirdik, müqavimətini qırdıq
 
Müsahibimiz qeyd edib ki, 44 gün ərzində onlara verilən bütün tapşırıqları yerinə yetirib, üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ biliblər: "Bir gün, bir saat, bir an olsa belə, geri çəkilmədik, əldə etdiyimiz mövqeləri itirmədik. Əksinə, hücuma keçib yeni mövqelərə nəzarət etdik. Vətən Müharibəsinin son günlərində aldığımız tapşırığa uyğun olaraq biz Şuşanın mərkəzinə doğru hücuma keçdik. Xüsusi təyinatlı qüvvələrimiz də meşələrdən keçməklə, sıldırım qayaları aşmaqla düşmənə gözləmədiyi istiqamətdən hücum etdi. Uğurlu döyüş taktikası nəticəsində həm düşməni müxtəlif istiqamətlərdə döyüş aparmağa məcbur edərək gücünü parçaladıq, həm də onlara əlavə kömək gəlməsinin qarşısını almaqla, davamlı hücumlar etməklə güclərini tükəndirdik, müqavimətlərini qırdıq. Şuşa şəhərinin hər məhəlləsi, hər tini və evi uğrunda mübarizə apardıq. Çətin oldu, amma biz bunu bacardıq, Şuşada Azərbaycan bayrağı dalğalandırmaqla düşmənin belini qırdıq, çoxsaylı canlı qüvvəsini məhvə etməklə onlara böyük mənəvi-psixoloji sarsıntı yaşatdıq”.
 


 
Şuşanın azad olunması müharibənin taleyini həll etdi
 
Kapitan A.Əliyev vurğulayıb ki, Şuşa azad edildikdən sonra onun tabeliyindəki şəxsi heyət Şuşa-Laçın yolunun üzərində mövqelərini daha da möhkəmlədib, növbəti tapşırığın Xankəndinin azad olunması barədə olacağını səbirsizliklə gözləyib: "Bütün ətraf ərazilər, strateji yüksəkliklər Ordumuzun nəzarətində idi. Amma gözlədiyimizin əksinə olaraq növbəti gün atəşkəsin elan olunması xəbərini eşitdik. Düzdür, bu, ilk vaxtlar bizi üzürdü. Düşünürdük ki, Xankəndinin bir addımlığındayıq və Ermənistan ordusunun burada toplaşan qalıqlarını məhv etmək, oranı azad etmək şansımız əlimizdən çıxırdı. Lakin nəzərə alırdıq ki, biz hərbçiyik və komandanlığın əmrinə tabe olmalı, verilən tapşırığı yerinə yetirməliyik. Sözsüz ki, komandanlıq da daha düzgün olanı bilir və bu barədə tapşırıq verirdi. Çətin relyefə malik, əsasən dağlıq və yüksəkliklərdən ibarət olan Laçın və Kəlbəcər kimi strateji rayonların, o cümlədən 30 ilə yaxın müddətdə düşmənin güclü mühəndis-istehkam, bir neçə qat müdafiə mövqeləri yaratdığı Ağdam kimi ərazinin bir güllə atılmadan, şəhid vermədən azad olunması Ali Baş Komandanımızın nə qədər uzaqgörən, necə haqlı olduğunu əyani şəkildə təsdiqlədi. Düşünürəm ki, belə bir nəticənin əldə olunması Şuşanın Ordumuzun nəzarətinə keçməsi ilə sıx bağlıdır. Belə demək mümkündürsə, Şuşanın azad olunması Vətən Müharibəsinin taleyini həll etdi. Düşmən və onun havadarları Prezident İlham Əliyevin qətiyyətini, prinsipiallığını, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, potensialını aydın şəkildə gördü. Bu qələbəni xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş Komandanımıza, şəhidlik zirvəsinə ucalan silahdaşlarımıza, qazi qardaşlarımıza çox-çox minnətdarıq”.
 

 
Qalib Ordunun batalyon komandiri
 
Sonda qeyd edək ki, qazi kapitan A.Əliyev xidmət müddətində hərbi-hissə komandirləri, Korpus komandanlığı tərəfindən dəfələrlə fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülüb. Vətən Müharibəsindən öncə üçüncü dərəcəli qüsursuz xidmətə görə, Silahlı Qüvvələrimizin yüz illiyi medalları ilə təltif olunub. İkinci Qarabağ Savaşında tabeliyindəki şəxsi heyəti düzgün idarə etdiyinə, verilən döyüş tapşırıqları və qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirdiyinə görə Korpus komandanlığının təşəkkürnaməsini alıb, batalyon komandiri vəzifəsinə irəli çəkilib. Bununla yanaşı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla kapitan A.Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə, Füzulinin, Şuşanın azad olunmasına görə, həmçinin Vətən Müharibəsi İştirakçısı medalları ilə təltif olunub. O, hazırda Silahlı Qüvvələrimizdə hərbi xidmətini davam etdirir.(kaspi.az)


 















Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top