"Xankəndidə yaşayanlar oraya getməlidirlər" — QAT sədri

MÜSAHİBƏ 05 fev 2021, 21:18
 Vətən Müharibəsindən sonra doğma Qarabağa qayıdış məsələsi gündəm olub. Bəzi məmurların bundan fürsət kimi istifadə etmək niyyəti müzakirə olunmaqdadır. Hətta Prezident bu günlərdə dövlət televiziyasına verdiyi müsahibəsində Şuşa ilə bağlı “plan”ları olan məmurlar barədə fikirlərini bildirərək xəbərdarlıq da etdi. “Unikal” qəzetinə müsahibə verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə söhbətimiz də bu mövzu ətrafında oldu. 

-Akif bəy, Qarabağa qayıdışla bağlı məsələ gündəmə gələndən bəri, bəzi məmurlar Şuşada daş üstünə daş qoyulmadan artıq ora göz dikiblər. Necə düşünürsünüz, bu niyyətin arxasında nə dayanır?

-Mən hesab edirəm ki, Azərbaycanın ən böyük problemlərindən biri məmur problemidir. Məmurların başını yığmaq, nizama salmaq çox çətindir. Azərbaycan müstəqilliyini yeni əldə etmiş ölkədir, kadr ehtiyatları o qədər də çox deyil. İnsanlar köhnə düşüncələrdə qalırlar. Ona görə də çox çətindir. Artıq bu məsələni prezident də dilə gətirdi. Bu problemləri biz görürdük. Azərbaycanın nazirləri, deputatları, müəyyən vəzifə tutan məmurlar oliqarxlaşıblar, ona görə də hərəsinin ağzından bir avaz gəlir. Hesab edirlər ki, Azərbaycanı bölüşdürüblər. Hansısa zona filan nazirindir, orda o obyektlər tikə bilər və sairə. Belə şeylər gözümüzün qarşısında baş verir. Qarabağ savaşında rolu olmayan bəzi məmurlar indi oranı bölüşdürmək eşqinə düşüblər. İndi köhnə əhval-ruhiyyə ilə Şuşaya da hücum etmək istəyirdilər, oranı müəyyən təsir dairələrinə bölmək, torpaqları götürmək istəyirdilər. Villalar, obyektlər və sairə. Prezident də bunu dilə gətirdi. Mən hesab edirəm ki, prezident ictimai rəyi də nəzərə alaraq onlarla mübarizə aparmalıdır. Yəni təkcə inzibati tədbirlərlə buna nail olmaq görünür ki, çətin məsələdir. Hamısı müraciət edir, xahiş edir. Bu bir komandadır, sözlərini yerə salanda inciyirlər. Narazılıq yaranır.

-Maraqlısı odur ki, adıçəkilən məmurlarda utanmaq hissi də yoxdur...

-Bu adamlarda utanmaq yoxdur. Oliqarxlar eybəcərdirlər. Bilirsiniz, məmurda qorxu hissi olmalıdır, qanunlardan qorxmalıdırlar. Mən öz vicdanları qarşısında yox, qanun qarşısında cavab verməli olduqlarını deyirəm. Son vaxtlar bəzi nazirlərin, şirkət rəhbərlərinin villalarını göstərirlər. Yəni, dəhşətdir. Bu insanların bir vicdanı yoxdur ki, bu ölkədə nə qədər ac-susuz var. Kasıb, çörəyə möhtac olan insanlar var. Şəhid ailələri var. Nə olar ki, imkanınız olanda? Biraz məhdudlaşdırın. Gərək elə yarım milyonluq maşınlarda gəzəsiniz, 50 milyonluq villalarda yaşayısınız? Harınlayıblar. Yəni, çox çətin vəziyyətdir. Kimsə çıxarılır, yerinə başqası təyin olunur, o da həmin şeydir. 

-Onda belə çıxır ki, qorxu yoxdur. Bəlkə bu, cəzasızlıqdan və ya yüngül cəzalardan irəli gəlir?

-Təbii ki, o da var. Amma müəyyən dönəmdən bir görürsən ki, kimlərisə tuturlar, həbslər olur. Amma bu sağalmaz xəstəlikdir. Yenə də qanunlar sərtləşdirilməlidir. Dövlət rəhbərliyi buna görə məsuliyyət daşıyır. Yəni mən belə başa düşdüm ki, dövlət rəhbərliyi xalqa müraciət elədi. Xalqa bir növ şikayət elədi ki, mən bunların əlində qalmışam. Amma tarixdən bilirik ki, çox dövlət başçılarının bu kimi problemləri olub. Orta əsrlərdən müasir dövrədək. Məsələn, Yaponiyada mənəviyyat da, qanunçuluq da var. Amma orada baş nazir istefa verəndən sonra ona cinayət işi açıldı. Bu rüşvətxor imiş, korrupsiyaya qurşanıbmış və sairə. Ona görə də qanuna əməl olunması, qanunla cəzalandırma ciddi şəkildə təkmilləşdirilməlidir. Heç bir güzəşt olmadan cəza tədbirləri görülməlidir. Prezident bu məsələdə ictimai təşəbbüsləri nəzərə almalıdır. Mətbuat vasitəsilə, partiya və ictimai təşkilatların fikirləri ilə. Yəni ictimai rəy belə formalaşır. O rəy ilə hesablaşmaq lazımdır. İctimai rəyə arxalanmaq lazımdır. Bir neçə istiqamət üzrə proseslər aparılsa, müəyyən dəyişikliklərə nail olmaq olar. Ən azından azaltmaq olar.

-Çox adamın adı çəkildi, Şuşanın icra başçısından başqa...

-Şuşanın icra başçısı yazıq adamdır, bədbəxt adamdır. Dövlət qulluqçusudur, oturub orada. Bəzən görürəm ki, sosial şəbəkələrdə xal qazanmaq üçün ona hücum olunur ki, orda nə oturmusan və sairə. O dövlət məmurudur, ona əmr olunsa, gedib Şuşada oturar da. Dediyim kimi, ictimai rəy nəzərə alınmalıdır. O, vəzifəyə gətiriləndə bir mənfi rəy formalaşdı onun haqqında...

-Şuşa həm qələbədən əvvəl, həm sonra Azərbaycan üçün önəmli mərkəzdir. Necə düşünürsünüz. Şuşaya daha çevik, daha bacarıqlı rəhbər lazım deyilmi?

-Bəli. Şuşa bizim üçün xüsusi əhəmiyyətə malikdir. Ora rəhbərlik edən şəxs bütün mənalarda bütöv olmalıdır. Əsli-kökü olmalıdır, görkəmi və sair. Hər şey şərtdir. Şuşa bizim üçün büllur kimi saf şəhərdir. Çalışmaq lazımdır ki, korlamayasan, imicinə zərər gəlməsin Şuşanın. Bəlkə də ona görə Şuşaya göndərmirlər, başqa adam axtarırlar.

-Qayıdışla bağlı fikirlər səslənir. Cocuq Mərcanlı alınarkən kiçik qayıdış oldu. İndi də böyük qayıdış barədə danışılır. Prezident də çıxışlarında bu mövzuya toxunub. Qarabağ Azadlıq Təşkilatı olaraq sizin nə təklifləriniz var?

-1999-cu ildən biz Qarabağa yürüşlər təşkil edirdik. Biz evimizə qayıtmaq istəyirdik. Böyük qayıdış ləngimədən həyata keçirilməlidir və bizim yanaşmamız budur ki, bu proses Xankəndidən, Xocalıdan, Xocavənddən və Ağdərədən başlamalıdır. Dövlət şərait yaratmalıdır, maşınlar ayrılmalıdır. Xankəndidə, Xocalıda yaşayanlar əşyalarını maşına yığıb oralara getməlidirlər. Maşın karvanları Xankəndiyə yönəlməlidir. Onların qarşısını heç kim kəsməməlidir. Nə sülhməramlısı, nə başqası kəsə bilməz. Bu karvanların qarşısında Qarabağ Azadlıq Təşkilatı olaraq biz getməyə hazırıq. Qoy gülləyə biz tuş gələk, minalanmış sahələrdən biz keçək. Çünki bu ideyanı biz 20 ildən çoxdur ki, dilə gətiririk. Yürüşlər keçiririk. Həmişə Bakıdan qarşımızı kəsirdilər. Amma bir dəfə Ağdam-Bərdə-Tərtər dörd yoluna gedib çata bildik, oradan səngərlərə getdik. 

-Mövcud vəziyyətdə, hazırkı şərtlərdə bir az çətin məsələdir...

-Heç bir çətin məsələ yoxdur. Bu ərazilər Azərbaycan əraziləridir. Və belə də tanınır. Rusiya prezidenti də rəsmi şəkildə bildirdi ki, Qarabağ, o cümlədən Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dövlət səviyyəsində bu qərar ictimaiyyət və xalqla birgə verilməlidir.
Azərbaycan ərazisidirsə, Azərbaycan vətəndaşları ora gedə bilər. 44 günlük müharibədə Ermənistana qaçan ermənilər bəh-bəhlə Qarabağa qaytarılır. 30 ildir ki, qaçqın düşən Azərbaycan vətəndaşları Xankəndiyə niyə qayıtmalı deyil? Söhbət ondan gedir ki, Rusiyanın öz marağı var, beynəlxalq qüvvələrin öz maraqları var. Azərbaycan da öz maraqlarını ifadə etməlidir, qorumalıdır. Maşın karvanları sülhməramlı postlarına dirənməlidir ki, çəkilin. Böyük qayıdış belə olmalıdır. Yoxsa Cəbrayılın, Ağdamın və digər yerlərin bərpa olunmasını gözləyək, Xankəndi sonraya qalsın – belə olmaz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top