Prezident dünyada vaksinasiya ilə bağlı yol verilən haqsızlığa qarşı konkret mövqe nümayiş etdirdi

GÜNDƏM 04 fev 2021, 17:35
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər həyata keçirərək önəmli nailiyyətlər əldə edib. Bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim nəzarətindədir. Azərbaycan dövləti pandemiya ilə mübarizədə səmərəli siyasət həyata keçirir. Pandemiyanın ilk günlərindən ölkəmizdə işlər düzgün qurulub, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub.

Demokrat.az xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bu məsələlərə də toxunduğunu xatırladaraq qeyd edib ki, əgər pandemiyaya qədər ölkəmizdə cəmi 8 laboratoriya var idisə və gün ərzində cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və gün ərzində 20 min testin keçirilməsi mümkündür. Azərbaycanda 13 modul tipli xəstəxana quraşdırılıb. İl ərzində Azərbaycanda karantin rejimi vəziyyətə uyğun tənzimlənib. Ölkəmizdə COVID-19-la mübarizə istiqamətində həyata keçirilən tədbirlər real nəticələr verib.

Pandemiya dövründə Azərbaycan yalnız öz vətəndaşları qarşısında deyil, beynəlxalq tərəfdaşlar qarşısında da məsuliyyətli addımları ilə seçilib və dövlətimizin bu addımları beynəlxalq səviyyədə təqdir edilib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzadıb, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Azərbaycan bütün platformalarda pandemiya problemini beynəlxalq müzakirəyə çıxarıb. Koronavirusla mübarizəyə dair ölkəmizin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilib. Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupu təsis edilib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində gördüyü işləri yüksək qiymətləndirir, karantin qaydalarının zəruriliyini anlayışla qarşılayırlar. Aparılan sosial tədqiqatlar da əhalinin hökumətin pandemiya ilə bağlı siyasətini dəstəklədiyini sübut edir. Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımların və əldə olunan nəticələrin ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanmasını “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” tədqiqatının nəticələri də təsdiq edir. Tədqiqatın nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronavirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir. Beləliklə, Azərbaycan dövlətinin gördüyü işlərin nəticəsidir ki, ölkəmizdə pandemiya ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur.

Ç.Qənizadə onu da bildirib ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlayıb. Yerləşdiyi bölgədə Azərbaycan bu sahədə birincilər sırasındadır. Azərbaycan COVAX təşəbbüsünün üzvüdür və COVAX xətti ilə müxtəlif vaksinlər ölkəmizə gətiriləcək. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətiriləsi təmin edilib. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Avropa İttifaqı ölkələrində vaksinasiya keçən il dekabrın 18-də başlayıb. Yəni, bundan bir ay sonra artıq Azərbaycan vətəndaşları da peyvənd olunurlar. Əksər ölkələrdə peyvəndlənmə ya Azərbaycandan sonra başlayıb, ya da hələ başlamayıb. Bu, Azərbaycan dövlətinin vaksinasiya sahəsində səmərəli işinin təzahürüdür.

Hüquq müdafiəçisi dövlətimizin başçısının müsahibəsində çox vacib bir məqama – dünyada vaksinasiya ilə bağlı yol verilən ədalətsizliyə də münasibət bildirdiyini qeyd edib. O vurğulayıb ki, Azərbaycan Prezidenti bu haqsızlığa qarşı konkret mövqe nümayiş etdirdi. İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər. Azərbaycan Prezidenti mövcud vəziyyəti qiymətləndirərkən haqlı olaraq bildirdi ki, biz elə bil neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top