Hüseyn Altınalan AİJA-nın tədbirində iştirak etdi — FOTOLAR

SOSİAL 04 fev 2021, 14:17
44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizdə jurnalistlərimizin, digər yaradıcı media mənsublarının, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA öz qələmlərini süngü ilə əvəz edərək döyüşlərə yollanan və şücaət göstərən həmkarlarımızı, həmçinin UEFA Avropa Liqasında ev oyunlarına öz məkanında yer verən qardaş Türkiyənin Başakşəhər Fatih Terim stadionunu mükafatlandırmağa qərar verib.

Demokrat.az xəbər verir ki, bu münasibətlə qurum mükafatlandırma mərasimi keçirib.

Tədbiri giriş sözü ilə AİJA-nın baş katibi, İdman TV-nin rəhbəri Rövşən Binnətli açaraq mərasimin məramını açıqladı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim mübarizəsində Vətən torpağını qucaqlayaraq gözlərini əbədi yuman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildı.

Öncə Vətən müharibəsində hərbi müxbir kimi çalışmış media nümayəndələrinə - Azad Azərbaycan televiziya kanalının cəbhə bölgəsinə hərbi müxbir kimi könüllü yollanmış idman jurnalisti Vüsal Qurbanova, qafqazinfo.az portalının hərbi müxbiri Emin Səfərova, Report İnformasiya Agentliyinin hərbi müxbiri İsmayıl Nəsibliyə, orduda xidmət edən CBC Sport telekanalının səs rejissoru Xəyal Sadıqova AİJA-nın mükafatları təqdim edildi.

Ardınca Vətən müharibəsində şücaət göstərmiş idman yazarları - qazilərimiz Daşqın Əziz (offsideplus.az), Süleyman Vəliyev (CBC Sportun şərhçisi), Mehman Əşrəfov (sportal.az), Bəxtiyar Məcidli (ATV), Anar Miriyev ("İki Sahil" qəzeti), Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi) təltif edildilər.

AİJA-nın 2020-ci ilin idman xadimi nominasiyasının qalibi, Vətən müharıbəsinə könüllü getmiş "Qəbələ" Futbol Klubunun prezidenti Fariz Nəcəfov və Azərbaycanın ağır günlərində UEFA Avropa Liqası yarışlarında "Qarabağ" Futbol Klubunun ev oyunlarını keçirməsi, komandamızın özünü Qarabağda kimi hiss etməsi üçün əsl qardaşlıq əlini uzatmasına görə 2020-ci ilin idman qurğusu elan edilən Doğma Türkiyə Cümhuriyyətinmizin İstanbuldakı Başakşehir Fatih Terim Stadionu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatlarınıa yiyələndilər. Stadionun mükafatını Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat attaşesi cənab Hüseyn Altınalan qəbul etdi.

Təltif olunanlar fəaliyyətlərinə verilən yüksək mənəvi dəyərə görə AİJA rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Mükafatları sahiblərinə AİJA adından təşkilatın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, baş katib, İdman Televiziyasının rəhbəri Rövşən Binnətli (Novruzov), vitse-prezidentlər Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), "Qarabağ" Futbol Klubunun baş meneceri Asif Əsgərov, uzun illər "Qarabağ" futbol komandasının və millimizin şərəfini qorumuş, şəhid övladı, tanınmış futbolçu Vüqar Nadirov təqdim etdilər.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top