Ağcabədidə məclisdə qumar oyunundan sonra qanlı dava — Şok təfərrüat

KRİMİNAL 04 fev 2021, 10:20
Ağcabədi rayonunda təşkil olunan məclisdə qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Əliheydər Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Əliheydər Mirzəyev 12 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində Ağcabədi rayonu Hüsülü kəndində həmkəndlisi Namiq Məmmədovun öz həyətində oğlu Nadir Məmmədovun hərbi xidmətə getməsi münasibəti ilə təşkil etdiyi məclisdə iştirak edib. O, həmin məclisdə iştirak edən digər həmkəndlisi Seymur Mirzəyev ilə oyun kartları ilə qumar oynayarkən aralarında mübahisə yaranıb.

Məclisdə iştirak edən şəxslər onları sakitləşdirdikdən sonra məclisin keçirildiyi mağardan çıxan Əliheydər Mirzəyev evinə doğru gedib.

Bu zaman Seymur Mirzəyev onun arxası ilə gəlib və qolundan tutaraq bir qədər əvvəl məclisdə etdiyi hərəkətlərə görə iradını bildirdikdə yenidən aralarında mübahisə başlayıb. Mübahisə zamanı Seymur Mirzəyev Əliheydər Mirzəyevin anasının ünvanına nalayiq ifadələr işlədib.

Bundan hiddətlənən Əliheydər Mirzəyev Seymur Mirzəyevdən qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla qəflətən Seymur Mirzəyevin bədəninin həyat üçün mühüm olan orqanların yerləşdiyi nahiyələrinə zərbələr vurub.

Daha sonra Əliheydər Mirzəyev Seymur Mirzəyevə vurduğu çoxsaylı bıçaq zərbələrinin təsirindən sonuncunun öləcəyinə əmin olaraq hadisə yerindən gedib.

Lakin yaralı vəziyyətdə hadisə yerində qalmış Seymur Mirzəyev yaxınları tərəfindən qısa müddət ərzində Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılaraq ona göstərilən təxirəsalınmaz ixtisaslı tibbi yardımlar nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Əliheydər Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Seymur Mirzəyev bildirib ki, dekabrın 12-də, saat 20 radələrində qonşusu Namiqin oğlu Nadirin hərbi xidmətə getməsi ilə bağlı həyətində təşkil etdiyi qonaqlıqda iştirak edib: “Yeməkdən sonra Əliheydər və başqaları ilə kartla qumar oynamağa başladıq. Ortalığa pul qoymaq vaxtı gələndə Əliheydər pulu olmadığını, uduzsa, pulu gətirəcəyini dedi. Mən isə Əliheydərə etiraz etdim. Pulu əvvəldən qoymaq lazım olduğunu dedi. Lakin Əliheydər öz dediyi kimi etdi. Əliheydərın kartda xalları böyük oldu və uddu. Əliheydər ortalıqdakı pulu götürmək istədi. Mən isə Əliheydər ortalığa pul atmadığı üçün öz pulumu ortalıqdan götürdüm”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu zaman Əliheydər üstünə dartınıb və aralarında mübahisə yaranıb: “Orada olan adamlar bizi sakitləşdirdilər. Bir qədər sonra məclis dağıldı və Əliheydər ünvanıma nalayiq sözlər işlədərək evlərinə istiqamətində getməyə başladı. Mən də Əliheydərın arxasınca getdim, ona çataraq sol qolundan tutaraq onunla birlikdə getməyə başladım. Əliheydər mənə səhv hərəkət etdiyini etiraf etdi. Əliheydərə özünü apara bilmədiyini dedim. Onu əmisinin evinə aparmaq və əmisinin onu başa salacağını söylədim. Əliheydərın əmiləri Arifin, Mustafanın və Xanoğlanın yaşadıqları həyətə çatmağa təxminən 200 metr qalmış Əliheydər dartınaraq əlimdən çıxmaq istədi. Lakin buna imkan vermədim. Bu zaman Əliheydər mənə tərəf çönüb sağ əlində olan əşya ilə sol çiyin və sol kürək nahiyələrinə dalbadal zərbələr vurdu. Bədənimə istilik gəldiyini hiss edəndə Əliheydərın məni bıçaqla vurduğunu başa düşdüm. Sonra Əliheydər məndən aralanaraq getdi. Mən isə evimizə getdim. Qardaşlarım Səbuhi və Teymur mənim xəsarət aldığımı bilərək avtomaşına qoyub Ağcabədi rayon mərkəzi xəstəxanasına apardılar. Xəstəxanada mənə tibbi yardım göstərildi. On bir gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldım”.

Seymur Mirzəyev qeyd edib ki, Əliheydərın ailəsi xəsarət alması ilə əlaqədar ona dəymiş ziyanı tam ödəyib. O, şikayətçi olmadığını söyləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliheydər Mirzəyev 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əliheydər Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Əliheydər Mirzəyevin apelyasiya şikayəti təmin edilməyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top