Deputat: “Rüşvətxor məmurlar bədbəxt insanlardır”


GÜNDƏM 04 fev 2021, 09:35
Azərbaycanda antikorrupsiya həbslərinin yeni dalğası başlayıb. Ölkədə məmur özbaşınalığına, korrupsiyaya qarşı mübarizə bir neçə ildir davam edir.

2021-ci il başlayandan da proses davam edir.

Bir neçə gün öncə uzun illər ölkənin metallurgiya sənayesini inhisarda saxlayan “Baku Stell Company” rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılaraq qandallanıb. Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmədə ittiham olunur.

İstintaqın gedişində bu rəqəmin artacağı haqda xəbərlər də var. 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Səlim Müslümovun da ötən gün saxlanılması həbsi xəbəri yayıldı.

Təxminən 10 gün əvvəl  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Səlim Müslümovdan qalma büdcə yükündən danışıb, “son 2 ildə 570 milyon manat həcmində vəsait dövlət büdcəsinə geri qaytarılıb” demişdi.

Aydındır ki, Səlim Müslümovun dövründə büdcənin bunca yüklənməsinə yol açan hərəkətlər korrupsiyanın nəticəsi olub.

Dünən Səlim Müslümovun həbs olunması barədə xəbər yayılsa da, onun atası Yanvar Müslümov bu barədə yazılanları təkzib edib.

O deyib ki, Səlim Müslümovla səhər (dünən-red.) danışıb və o deyib ki, hər şey yaxşıdır, evə indi gəlib.

Y.Müslümov daha sonra deyib: “Ola bilər, harasa çağırıblar, çağırmayıblar, bilmirəm, amma indi evdədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün dindirməyə aparıblar, yoxsa yox, onu da bilmirəm. Görünür, məlumatı məqsədli şəkildə, oğlumu istəməyənlər yayıb”.

Əldə etdiyimiz məlumata görə, sabiq nazir dünən səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən dindirilib və daha sonra sərbəst buraxılıb.

2021-ci ilin ilk günlərində həbsə alınanlardan biri də  “Azərxalça” rəhbəri Vidadi Muradov oldu. 5 milyon manatdan artıq büdcə vəsaitinin mənimsənilməsində ittiham olunan Vidadi Muradova ümumilikdə dövlətin 50 milyon manatdan artıq vəsaiti etibar olunub. Hazırda istintaq gedir.

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli də bu ilin yanvarında qandallanan məmurlardandır. O, mətbuat işçiləri üçün evlərin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlətin ayırdığı vəsaiti mənimsəmə və digər maddələrlə ittiham olunur.

Həbslərin davam edəcəyi şübhəsizdir.

YAP-çı deputat Elman Nəsirov deyib ki, Prezident İlham Əliyev 2018-ci ilin aprelində antikorrupsiya həbslərinin davamlı olacağını bəyan edib və məmurları xalqın xidmətçisi olmağa çağırıb:

“2018-ci il aprelin 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Cənab İlham Əliyev mütləq əksəriyyətin səsini qazanmaqla yenidən prezident seçildi. Aprelin 18-də andiçmə mərasimində ölkəmizdə islahatların yeni dalğasının anonsunu verdi. Həmin vaxtdan bu günə qədər hərtərəfli, dərinləşmiş islahatlar kursu  həyata keçirilməyə başlayıb. Qanunverici hakimiyyət, icra hakimiyyəti, məhkəmə-hüquq sistemini əhatə edən  islahatlar aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturlarda çox ciddi kadr islahatları həyata keçirildi. Bu islahatların məqsədi hər bir dövləti daxildən dağıdan bir sıra neqativ proseslərin aradan qaldırılmasıdır. Korrupsiya və rüşvətxorluq bu sırada öndədir. Ölkəni daxildən parçalayan bu iki amilin aradan götürülməsi üçün məqsədyönlü iş aparılır. Cənab Prezident kadr islahatlarını bu kontekstdə reallaşdırır. İlk növbədə savadlı, elmli, vətənpərvər, milli dəyərlərə söykənən və nəfsinə hakim kəsilməyi bacaran kadrlar önə çəkilir. Cənab Prezidentin əsas amalı güclü Azərbaycan dövlətini qurmaq və xalqa ləyaqətlə xidmət etməkdir. İlham Əliyev bəyan edib ki, xalqın 1 nömrəli xidmətçisidir və hər bir məmur xalqa ləyaqətlə xidmət etməlidir. Kim bunu bacarmırsa, bunu etmirsə, şəxsi marağını dövlət maraqlarından üstün tutacaqsa, bu halda o məmuru cəza gözləyir. İcra hakimiyyətlərində aparılan həbslər dediklərimi təsdiqləyir”.

Deputat deyir ki, yeni həbslər dalğası başlayıb və proses son korrupsioner sıradan çıxarılana qədər davam edəcək: “Bu onu göstərir ki, proses sistemlidir, ardıcıldır, xaotik deyil, məqsədyönlü həyata keçirilir. Məqsəd güclü Azərbaycan dövləti formalaşdırmaqdır. Hakimiyyətin mənbəyi olan xalqın maraqlarının təmin edilməsi üçün iş aparılır. Cənab Prezident Azərbaycan televiziyasına müsahibəsində hansı məmurların fəaliyyətindən narazı olduğunu göstərdi, barmaq silkələdi. Məmurların sərt şəkildə cəzalandırılacaqlarını da vurğuladı. Cənab Prezidentin sərt və kəskin mövqeyi təkcə adlarını çəkdiyi məmurlarla məhdudlaşmır. Bütün məmurlar bundan nəticə çıxarmalıdırlar. Bu gün Azərbaycanda heç kimin xüsusi imtiyazı yoxdur, heç kim toxunulmaz deyil”.

Elman Nəsirov məmurlar vəzifədə olarkən, korrupsiya əməlləri ortada ola-ola həbs edilməmələrinə də toxundu:

“Cənab Prezident vaxtında deyəndə ki, korrupsiyadan, rüşvətxorluqdan əl çəkin, dayanmadılar. O dövrdə 5-6 icra başçısı həbs olundu. Bir sıra mərkəzi icra hakimiyyətlərinin rəhbərləri və vəzifəli şəxsləri həbs edildi. Vaxtında deyiləndə ki, bu həbslər gerçəkləşəndə digərlərinə mesaj göndərilir ki, özünüzü yığışdırın, işinizlə məşğul olub dövlətə, millətə xidmət edin, şəxsi maraqlarınızı qoyun bir kənara, nəfsinizə hakim kəsilin, anlamadılar. Cənab Prezident deyir ki, mənim sözüm imzam qədər gücə malikdir. Söz deyildisə, ona əməl olunur. Cənab Prezident Ermənistan rəhbərliyi ilə bağlı nələri dedi, müharibəyə qədər və müharibə dövründə hansı bəyanatları verdisə, hər birini həyata keçirdi. Bu, gün kimi hər kəsə bəllidir. Problem ondadır ki, islaholunmaz, ibrət götürməyən, bəlkə də qaytardılar sevdası ilə yaşayan insanlar var. Bu adamlar düşünürlər ki, bu hadisə filan icra başçısının, filan nazirin başına gəlib, mənim başıma gəlməz. Bu adamlar özlərini bu dərəcədə toxunulmaz, xüsusi imtiyazlı hesab edirlər. Bu gün heç kimin xüsusi imtiyazı, toxunulmazlığı yoxdur. Hamı qanun qarşısında bərabərdir.

Heç kim düşünməsin ki, həbslər bitdi. Bundan sonra yeni həbslər olacaq. Nəticə çıxarmayanlar, “Rasim Məmmədov həbs edilib, mən həbs olunmaram” düşüncəsinə qapılan insanlar bədbəxt insanlardır. Onlar burunlarının ucundan uzağı görə bilmirlər. Bir gün də onların qapısı döyülür və məlum olur ki, adam baş verənlərdən nəticə çıxarmayıb, eyni cinayət yolunu seçmiş biridir. Kimlərəsə arxayın olurlar və günlərin birində məlum olur ki, heç kim xüsusi imtiyaz sahibi deyil. Bunu dərk etmək bu qədərmi çətindir?"

Deputat hesab edir ki, bundan sonra həbs edilən məmurlar indiyə qədər həbs edilənlərdən daha bədbəxt insanlardır: “Çünki əvvəl həbs edilənlərdə bir xülya var idi ki, bəlkə də cinayətim ört-basdır edildi. Amma indiki halda həbs edilənlər hesab edirəm ki, bədbəxt olmaqla yanaşı, hətta axmaq insanlardır. Onların ağlı yoxdur, yerləri ancaq həbsxana ola bilər”.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, antikorrupsiya həbsləri müharibədən qalib çıxmış Azərbaycanın xilas yoludur. Əks halda, ölkə çox ağır sosial-iqtisadi çətinliklərlə üz-üzə qala bilər: “Müharibə bitmək üzrə olanda demişdim ki, çox böyük gözləntim var ki, qələbədən sonra daxildə olan çox ciddi sosial-iqtisadi problemlər həllini tapacaq. Bu qədər gəlirləri olan ölkədə sosial-iqtisadi durum illər öncə çox yüksək səviyyəyə çatmalı idi. Amma korrupsiya buna imkan vermədi.  Prezidentin reytinqi bu gün müharibəyə qədərki dövrdən daha artıqdır, sərbəst şəkildə bu işlərlə məşğul olmağa imkan verir. Bütün dünyada belədir ki, korrupsioner məmurlara qarşı tədbirlər görüləndə, onlar da altdan-altdan iş aparırlar, əhalinin ölkə rəhbərliyindən narazı olması üçün əllərindən gələni edirlər. Bununla ölkə rəhbərliyini şantaj edir, özlərinə qarşı antikorrupsiya tədbirlərinin dayandırılmasına nail olurlar. Müharibədən qalib çıxmış ölkənin prezidentini belə şantaj etmək mümkün deyil. Bu baxımdan antikorrupsiya həbslərinin daha geniş olacağını proqnozlaşdırmışdım. Düşünürəm ki, Prezidentin barmaq silkələdiyi məmurların sırasından da tez bir zamanda həbs edilənlər olacaq”.

Əkrəm Həsənov deyir ki, əvvəllər hansısa məmur, icra başçısı həddini aşırdısa, konkret şikayət olurdusa, həbs edilirdi. İndi isə vəziyyət dəyişib: “Əvvəllər məmurları həbs etməyə o qədər də həvəs göstərmirdilər. İndi isə vəziyyət dəyişib. Yeni məmur nəsli yetişməkdədir. Onların fəaliyyəti və apardıqları araşdırmaların nəticəsində toplanan materiallar cinayət işlərinin başlanması üçün əsas kimi götürülür. Əvvəllər nazir, icra başçısı vəzifədən çıxarılırdı və gedib oğurladıqlarını yeyirdi. İndi isə durum fərqlidir. Yeni təyin olunan məmur ondan əvvəl vəzifədə olan məmurun fəaliyyətini təftiş və ifşa edir. Gəlirlər və itkilər haqda yuxarılara məlumat verilir. Son illər ölkəyə xeyli pul gəlib və yox olub. Aydındır ki, həmin pulları məmurlar oğurlayıb xaricə daşıyıb, özlərinə ölkənin və dünyanın dörd bir tərəfində malikanələr tikib, xaricdə biznes qurublar. Bu pullar ölkə iqtisadiyyatına yatırılsaydı, bu gün Azərbaycan vətəndaşları kommunal xərclərin qarşısında aciz qalmazdı. Xeyli problemlər həllini tapa bilərdi. Bu gün başladılan antikorrupsiya həbsləri davamlı olmalıdır. Ölkə iqtisadiyyatına pandemiyadan sonra və müharibə yolu ilə azad edilən ərazilərin bərpası üçün böyük pullar lazımdır. Pullar isə korrupsioner məmurların cibindədir.  Bunu hamı başa düşür. Hamı bilir ki, nazirlər, komitə sədrləri korrupsiyanın içində itib-batır, xalqın son qəpiyini belə talamaqdan çəkinmirlər. Azərbaycanın nicatı korrupsioner məmurlardan azad olmaqda, qanunun aliliyini hər şeydən üstün tutan məhkəmələrin qurulmasındadır”.

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top