Demokrat.az-ın xəbərinə Gömrük Komitəsindən REAKSİYA

HADİSƏ 02 fev 2021, 20:05
Dövlət Gömrük Komitəsi bu gün saytımıza daxil olan şikayət əsasında hazırlanan materiala münasibət bildirib.

Demokrat.az
-ın xəbərinə görə, komitənin yaydığı açıqlamada deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistan Respublikasına göndərilməsi, bu fəaliyyəti həyata keçirən şirkətlərin guya Dövlət Gömrük Komitəsi tərəfindən himayə olunduğuna dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yayılan məlumatlar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədi daşıyır.

Əslində gömrük orqanların bu qəbildən olan faktlarla bağlı araşdırma aparır və indiyə qədər onlarla sürücü haqqında araşdırma aparılaraq inzibati icraat tədbirlərinə başlanılıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında cari ilin yanvar ayının 12-də Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə aparılan araşdırma zamanı Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan İran İslam Respublikasından Türkmənistan Respublikasına kartof yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü-İran İslam Respublikası vətəndaşının təqdim etdiyi nəqliyyat sənədi və fitosanitar sertifikatı gömrükçülərdə şübhə yaradıb. Aparılan araşdırmalar zamanı gömrük orqanına təqdim edilən məlumatların doğru olmadığı, yəni həmin yükün sənədlərdən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirildiyi məlum olub.

Araşdırmaların davamında təhqiqatçılar daha 22 nəqliyyat vasitəsində daşınan meyvə-tərəvəz yüklərinin də gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə daşındıqlarını aşkar edib və ümumilikdə 23 sürücü barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.

Bundan əlavə qeyd edilən marşrut üzrə göndərilən yüklər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postu vasitəsi ilə yola salındığındanhəmin Baş İdarə tərəfindən də aparılan araşdırma zamanı bu qəbildən olan malları gömrük sərhədindən faktiki keçirən daha 16 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.

Sadalanan faktların araşdırlması prosesində Türkiyə Respublikasının müvafiq qurumlarına sorğular göndərilib və bu ölkənin Ticarət Nazirliyindən daxil olan cavablar da gömrük orqanlarının şübhələrini təsdiqləyib və Türkiyə Respublikasının müvafiq qurumları tərəfindən verildiyi iddia edilən sənədlərin saxta olduğu üzə çıxıb.

Hazırda 39 fakt üzrə təhqiqat davam etdirilir.

Yayımlanan məlumatı diqqətlə incələdikdə isə bu media orqanının gömrük orqanlarına qarşı qərəzli mövqe tutduğu ya da sübut kimi təqdim olunan sənədlərin ümumiyyətlə araşdırılmadan yayımlandığı qənaətinə gəlmək olar. Belə ki, yayımlanan yazıda İran istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistanda təsis edilmiş "At-abray" logistika şirkəti və onun törəmə qurumu olan "Turkmen Line" tərəfindən daşındığı iddia edilsə də yazının sonundakı sənədlərdə başqa şirkətlərin adı qeyd olunub.

Üstəlik qeyd olunan məhsullar "tranzit" xüsusi gömrük prosedurunda qeydiyyata alındığından həmin məhsulların Azərbaycan ərazisində boşaldılaraq qablaşdırılması mümkün deyil.Aparılan araşdırmalardan da göründüyü kimi gömrük orqanları iddia olunduğu üzrə bu şirkətləri nəinki himayə etmir, tam əksinə onların qanunsuz əməllərinə qarşı qətiyyətli mübarizə aparır.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və jurnalistlərdən gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən qarşı tərəfin də mövqeyini öyrənməyi xahiş edir. Sorğu göndərən media orqanı araşdırılması üçün vaxt tələb olunan cavabı gözləmədən yalan məlumatı yayımlaması bir daha həmin qurumun qərəzli mövqeyindən xəbər verir".

Xatırladaq ki, Türkiyə və Azərbaycanın 10-a qədər sahibkarı tərəfindən Demokrat.az-a şikayət müraciəti göndərilib. Onlar Azərbaycanda fəaliyyət göstərən bir qrup iş adamı Türkmənistana məxsus olan "At-abray" və "Turkmen Line" logistika şirkətlərinin ölkəmizdəki qanunsuz və şübhəli fəaliyyətlərindən narazılıq edirlər. 

Şikayətdə qeyd olunur ki, Türkmənistanda təsis edilmiş "At-abray" logistika şirkəti və onun törəmə qurumu olan "Turkmen Line" İran ərazisindən ərzaq və kənd təsərrüfatı məhsullarını Azərbaycana daşıyaraq, burada "Türkiyə məhsulları" adı ilə qablaşdırır, daha sonra isə həmin məhsullar saxta sənədlərlə Türkmənistana göndərilir. 

Daşınan mallar əsasən kartof, xurma, banan, sitrus meyvələri və çay məhsullarıdır.  

Sahibkarların sözlərinə görə, "At-abray" şirkəti saxtakarlığına Azərbaycana məxsus olan “İnterlogistics” MMC, "Həsənoğlu Logitrans Company" MMC, "Horizon" MMC və digər bir sıra şirkətlər yaxından dəstək verirlər. Belə ki, adları qeyd olunan şirkətlər türkmən şirkətindən alınan sifarişləri icra edərək, İran məhsullarını "Türkiyə məhsulları" kimi qablaşdırırlar. Bu prosesin başında isə "At-abray" şirkətinin dayandığı deyilir. 

Şikayətçilər bildirir ki, həmin şirkətlər vasitəsilə hər gün İrandan ən azı 50 TIR yük Azərbaycana gətirilir, burada gömrük sənədləri dəyişdirilərək Türkmənistana göndərilir.

Sahibkarlar sözügedən sənədlərin Azərbaycan gömrüyündə saxtalaşdırıldığını iddia edirlər və həmin sənədlərin bəzisini redaksiyamıza da təqdim ediblər. 

"Bir neçə gün öncə "At-abray" şirkətinin sifarişi ilə "Həsənoğlu Logitrans Company" MMC tərəfindən türkmənistana göndərilən 1 gəmi kartof geri qaytarılıb. Artıq Türkmənistan tərəfi də Azərbaycanda gömrük sənədlərinin saxtalaşdırıldığını anlayıb və malları qəbul etməyib", - deyə sahibkarlar bildirib.

Şikayətçilər iddia edirlər ki, sözügedən şirkətlər Azərbaycanın Dövlət Gömrük Komitəsi rəhbərliyi, bilavasitə DGK-nin sədri Səfər Mehdiyev tərəfindən himayə olunur. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top