Masallıda həbs edilən baş həkimin şikayəti təmin edilmədi

HADİSƏ 29 yan 2021, 10:42
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Demokrat.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Cəlil Nəzərovun apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, yanvarın 24-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Cəlil Nəzərovun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Cəlil Nəzərovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Cəlil Nəzərovun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Keçirilən ilkin tədbirlərlə Cəlil Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4 500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Cəlil Nəzərovun Masallı rayon Mərkəzi Xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.

Hazırda Cəlil Nəzərovun rəhbərlik etdiyi Masallı rayon Mərkəzi Xəstəxanasının işçi heyətinin məvacib kartlarını özündə saxlamaqla onların əmək haqlarının, habelə rəhbərlik etdiyi Xəstəxanaya dövlət tərəfindən ayrılmış dərman preparatları və tibbi avadanlıqların mənimsənilməsi ilə bağlı faktların araşdırılması, eləcə də, təqsirləndirilən şəxsin digər qanunsuz hərəkətlərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top