Şuşa siyasi, ideoloji fikir mərkəzlərimizdən biridir — Deputat


QARABAĞ 29 yan 2021, 00:21
"İşğaldan azad edilmiş digər ərazilərimizdən öncə Prezidentin xüsusi nümayəndəsinin Şuşaya təyin edilməsi, bu tarixi şəhərimizin ölkəmiz üçün daşıdığı mühüm əhəmiyyətdən və Azərbaycan Prezidentinin tariximizə, mədəniyyətimizə, dövlətçilik ənənələrimizə verdiyi dəyərdən xəbər verir". 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

Millət vəkilinin qənaətinə görə, Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı olduğu, milli mədəniyyətimizi simvolizə edən bir şəhər deyil:

“Şuşa dövlətçilik tariximizdə əhəmiyyətli yer tutan, Azərbaycan mətbuatının, siyasi düşüncəsinin, azərbaycançılıq milli məfkurəsinin ilkin istiqamətlərinin formalaşmasında mühüm rol oynayan siyasi, ideoloji fikir mərkəzlərimizdən biridir. Yalnız 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açan, erməni işğalçılarına qarşı mübarizənin önündə gedən “Difai” təşkilatının, Türkiyənin Anadolu Agentliyinin qurucusu, Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi Əhməd Ağaoğlunun adı Şuşanın siyasi fikir, düşüncə mərkəzinin olduğu barədə gerçəklikləri sübut etməyə imkan verir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki, Türkiyənin istiqlaliyyət müharibəsinin qəhrəmanlarından olan Baba bəy Behbud, Birinci Azərbaycan alayının komandiri Xosrov mirzə Qovanlı-Qacar, Birinci Rus Dumasının, Gürcüstan Milli Şurasının üzvü Əbdülrəhim bəy Haqverdiyev, Xalq Cümhuriyyəti dönəmində Bakı qubernatoru olmuş Əmir bəy Nərimanbəyov, Milli Ordumuzun general mayoru Feyzulla mirzə Qovanlı-Qacar, Azərbaycan, Rusiya və İran ordularında general rütbəsinə, parlament üzvlüyünə qədər yüksəlmiş, siyasət və hərb sənətinin neçə-neçə tanınmış siması Şuşada doğulublar və bütün bunlar Şuşanın təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının, Cənubi Qafqazın tarixində nə qədər mühüm bir yerə sahib olduğunu göstərir”.

Azər Kərimli qeyd edib ki, Şuşanın yenidən öz tarixi görkəmini alması, bu şəhəri yenidən Azərbaycan xalqının, dövlətçiliyinin tarixində oynadığı mühüm missiyanın davam etməsinə də zəmin yaradacaq:

“Prezident İlham Əliyevin dediyi kimi, Şuşaya qayıtmaqla biz həm də öz tariximizə qayıtmışıq”.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top