Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri və işçilərinin məhkəməsi başlayır

HADİSƏ 28 yan 2021, 10:50
Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov və Mətanət Nəsibovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən Niyaz Niftiyev və Sahib Abışovun barəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham elan edilib.

Istintaq araşdırması zamanı bələdiyyə üzvü Mətanət Məsibova da məsuliyyətə cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə əlavə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top