İcra başçısı həbs olunan rayonun bələdiyyə sədrindən şok əməllər — Təfərrüat


HADİSƏ 27 yan 2021, 11:06
Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləmiş Həsən Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həsən Fətullayev 29 avqust 2014-cü il tarixdən Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Muğan kənd sakini Əlihüseynov Ədalət Rəhim oğlunun 2004-cü ildə Muğan Bələdiyyəsi tərəfindən onun övladları Ceyhunə, Sevda və Könül Əlihüseynovaların adlarına ayrılmış, Muğan bələdiyyəsində saxlanılan üç ədəd, hər biri 0,12 ha olmaqla torpaq sahələrinin alqı-satqısı ilə bağlı sənədlərin ona təqdim edilməsinə dair 2014-cü ildə özünə müraciəti ilə əlaqədar, həmin sənədlərin Ədalət Əlihüseynova təqdim edilməsinə görə, 2014-cü ilin sentyabr-dekabr aylarıərzində həmin bələdiyyənin Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasında sonuncudan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib.

Növbəti gün Ədalət Əlihüseynovun həmin kənddə yaşadığı evində ondan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 manat pul vəsaitini rüşvət qismində alıb.

Bundan başqa, Həsən Fətullayev Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən 2014-cü ildə özü və övladı üçün həyətyanı torpaq sahələri satın almaq üçün özünə müraciət edən Cəlilabad rayonun Maşlıq kənd sakini Abdullayev Firudin Fətəli oğlundan xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncuya və onun qızı Gözəl Abdullayevaya hər biri 0,12 ha ölçüdə 2 ədəd həyatyanı torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsinə görə Cəlilabad rayon Muğan Bələdiyyəsinin inzibati binasında birbaşa yolla şəxsən maddi nemət olan 3000 manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən özü üçün təkrarən rüşvət qismində istəyib.

Firudin Abdullayev imkanı olmadığını bildirdiyindən 2000 manata razılaşmaqla, qısa müddət sonra istintaqa məlum olmayan şəraitdə tamah və şəxsi niyyətlə qeyd edilən torpaq sahələrinin onlara alqı-satqısına dair bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri-həmin Bələdiyyənin Üzvlərinin Ümumi Yığıncağının qəsdən əvvəlki tarixə, yəni 30 noyabr 2010-cu il tarixli, 11 saylı iclas protokolundan 2 ədəd çıxarışı, 30 noyabr 2010-cu il tarixli, 2 ədəd kassa mədaxil orderi, 2 ədəd alqı-satqı müqaviləsi, torpaqların alqı-satqısına dair aktı, torpaq sahəsinin seçilməsi barədə akt və həmin tarixli torpaq sahəsinin sxematik planını tərtib edib, həmin sənədlərdə olan 2010-cu ilə uyğun məsul şəxslərin imzalarını qəsdən fərqli formada imzalayıb, bələdiyyəyə məxsus dairəvi möhürlə təsdiq edib vəzifə saxtakarlığı edərək hazırladığı həmin saxta rəsmi sənədləri Firudin Abdullayevə təqdim edib.

2014-cü ildə həmin bələdiyyənin Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasının yaxınlığında şəxsən özüüçün birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində alıb, torpaq sahələrinin sonuncuya təqdim edilməsini həyata keçirərək, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000  manat pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində təkrarən istəməklə təkrarən almış, tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törədib, bələdiyyənin əmlakıüzərində təkbaşına sərəncam vermədə ifadə olunan həmin hərəkətləri ilə Cəlilabad rayon Muğan Bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşıb.

İstintaq orqanı tərəfindən Həsən Fətullayevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.2-ci (təkrar rüşvət alma (passiv rüşvətxorluq)) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Fətullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 2 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətinə şərti cəza təyin olunub. Onun 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Hökmdən narazı qalan Həsən Fətullayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Həsən Fətullayevin apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov ötən ilin dekabrımn 7-də rüşvət ittihamı ilə həbs olunub.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top