“Öz pomidorumuz, öz bazarımız!” Rusiya bizim məhsulu niyə sərhəddən buraxmır?

İQTİSADİYYAT 26 yan 2021, 19:33
Yanvarın 22-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha beş pomidor istehsalçısına bu ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Qadağaya səbəb kimi məhsullarda tomat güvəsinin aşkarlanması göstərilir.

Bundan əvvəl, yanvarın 16-dan Qazaxıstan da Azərbaycandan idxal olunan pomidorlara qonur qırışıqlıq virusu səbəbindən qadağa qoyduğunu açıqlamışdı. Ötən il dekabrın 10-da isə Rusiya Azərbaycan mənşəli pomidor idxalını dayandırmışdı. Həmin qərar da pomidorların içində zərərvericilərin tapılması ilə izah edilmişdi.

Lakin müəyyən danışıqlardan sonra “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın bir müəssisəsinin Rusiyaya pomidor daşımasına icazə vermişdi. Sonradan bəzi şirkətlərə də yaşıl işıq yandırıldı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Turan”a bildirilib ki, pomidor ixracına qadağaların aradan qaldırılması istiqamətində onlar və “Rosselxoznadzor” mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında görüşlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, birgə nəzarət tədbirləri çərçivəsində sahibkarlara və şirkətlərə məxsus istixanalarda videomonitorinqlər keçirilir: “Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən, hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılır. Eyni zamanda, götürülmüş nümunələr Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb. Monitorinqlər davam etdirilir”.

“Zərərverici aşkar edilmiş məhsul insan orqanizmi üçün…”

Qurumdan vurğulanıb ki, zərərverici aşkar edilmiş məhsul insan orqanizmi üçün zərərli deyil: “Zərərverici yalnız bitkinin məhsuldarlığına, keyfiyyət parametrlərinə təsir göstərir. Bizdə o son 10-15 il ərzində mövcud olsa da, Avropanın ən inkişaf etmiş ölkələrində bu zərərverici var”.

AQTA-dan əlavə olunub ki, uzun illərdir Rusiya Azərbaycan tərəfinə notifikasiya göndərir: “Bu notifikasiyalarda son 10 il ərzində 20-30 yük partiyalarında zərərvericinin olması faktı qeyd edilir. AQTA zərərvericinin olması faktını bütün istixanalarda deyil, məhdud istixanalarda aşkar edib. Belə hallar aşkar edildikdə qurumumuz sahibkarlarla birlikdə həmin zərərvericinin aradan qaldırılması ilə bağlı tədbirlər görür”.

“Zərərverici olan məhsulun ümumi məhsulda payı təxminən 0.28 faizdir”

Qurumdan o da bildirilib ki, Azərbaycan da idxal zamanı oxşar zərərvericiləri aşkarlayır və qarşı tərəfə məsələ ilə bağlı notifikasiyalar göndərir: “Azərbaycandan 2020-ci ildə Rusiyaya 190 min tona yaxın pomidor ixrac edib. Zərərverici olan məhsulun ümumi məhsulda payı təxminən 0.28 faizdir və həmin zərərverici ölkənin cəmi 6 rayonundan gələn məhsulda aşkar edilib”.

“Əsas kəmiyyət olsun”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə Azadlıq Radiosuna deyib ki, Qərb ölkələri 4-5 il öncə Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə Bakıya Rusiyanın baş nazirin müavini Dmitri Roqozin gəlib: “O, Bakıda görüşlər keçirib və görüşlər zamanı xahiş etdi ki, Azərbaycan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracını artırsın. Bundan sonra Azərbaycanda çoxlu sayda istixanalar inşa edildi, dövlət hesabına pul ayrıldı, başladılar daha çox pomidor istehsal etməyə. Prinsip isə “əsas kəmiyyət olsun” oldu”.

Ekspertin sözlərinə görə, sonra Rusiya gördü ki, Azərbaycandan gələn pomidorlarda zərərvericilər daha çox aşkar olunur: “Bu zərərverici daha çox qəbul edən tərəf üçün təhlükəlidir. Yəni, zərərvericinin toxumları bu ölkədə yayılır və orada kənd təsərrüfatı üçün böyük problemlər yaradır. Ona görə Rusiya çalışır ki, bu zərərverici onların istixanalarına keçməsin. Azərbaycana da zərərverici digər ölkələrdən pomidoru idxal edəndə gəlib və indi yerli istehsalçılara ciddi problem yaradıb”.

.Məhərrəmli deyir ki, hələlik, Azərbaycanda bu işin öhdəsindən gələ bilmirlər. Ekspertə görə, ölkənin qərb zonasında yüzlərlə fermerlər külli miqdarda ziyana məruz qalıblar: “Həm istehsal etdikləri məhsul geri qayıdıb anbarlarda çürüyür, həm də onlar məcburiyyət qarşısında qalıb məhsullarını ucuz qiymətlərə daxili bazarda satırlar”.

“…Onlar zərər verir”

V.Məhərrəmli vurğulayıb ki, ölkəyə qayıdan pomidorlar daxili bazarlarda satılır. Ekspertin sözlərinə görə, əvvəllər alimlər bu zərərvericilərin insan orqanizminə ziyanlı olmadığını desələr də, indi qərara gəlinib ki, onlar zərər verir: “Bu zərərvericilər özlərindən toksik maddə ifraz edirlər və bu toksik maddə insan orqanizmi üçün zərərlidir. Əlbəttə ki, insan yeməzdən əvvəl pomidoru kəsəndə onu görə bilər. Görəndə isə pomidor atılır…”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top