Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında video-çarx hazırlandı


GÜNDƏM 19 dek 2020, 14:08
Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video-çarxı hazırlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev tvitter sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə o, qeyd edib.

Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən Azərbaycan Albaniyası dünya əhəmiyyətli nümunələrindən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid edilən Kəlbəcər rayonunda dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunur.

Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim edib.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top