"Hacıbala Abutalıbovdur, tez yanıma gəl, gözləyirəm" — Jurnalistdən ŞOK AÇIQLAMA

SOSİAL 17 dek 2020, 23:53
Mənim problemim, Hacıbala müəllimin səmimiyyəti və “Xalq Qəzeti”nin torpaq məsələsi

Hardasa 14-15 ilin söhbətidir, mən hələ “Xalq Qəzeti”ndə işləyirdim. Deyəsən, aprel ayı idi, havadan yaz iysi gəlirdi. “Neftçilər”dən çıxmışdım və evə gedirdim. Yorğun idim, hər gün yazı yazmaq sizə asan gəlməsin… Telefonuma zəng gəldi, (050)221….00 nömrəsindəndi. Bilənlər bilir, bu, bərkgedən nömrədir. Amma tanımırdım deyə cavab vermirdim, zənglər də ara vermirdi. Açdım və çaşdım… Müsahibim salamsız və kəlamsız “Hacıbala Abutalıbovdur, tez mənim yanıma gəlirsən, işdə gözləyirəm” dedi və telefonu qapatdı. Tənbəllik eləmədim cavab düyməsini basdım, təəccübümə rəğmən müsahibim telefonu açdı. Salamsız və kəlamsız “Qalib Arifdir, mənim iş günüm qurtarıb, evə gedirəm” dedim və telefonu qapatdım…

Mətləbə dəxli var deyə mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq istəyirəm. Deməli, hardasa 3-4 il idi ki, bacımgil Sverdlovsk vilayətindəki evlərini satmışdılar, ailəliklə köçüb gəlmişdilər. Bakının ətraf rayonlarından birində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzil almışdılar. Mənzil darısqaldı, balkonu da yox idi, odur ki, arxa meydana balkon çıxarmaq istəyirdilər. Qeyd edim ki, bu meydana 4 bina çıxırdı və hər birinin 1-ci mərtəbəsi artıq arxaya balkon çıxarmışdı. Nə isə, ixtisasca həkim olan yeznəm ərizə yazdı, birlikdə müvafiq İcra Hakimiyyətinə getdik. Başçı məni əvvəldən tanıyırdı, yaxşı qarşıladı. Amma dedi ki, özünüzü “Arzu”dan qoruyun. Dedim Arzu kimdir? Dedi biəcəksiz…

Belə də oldu. Yeznəmgil işə başlayan kimi, Arzu gəldi. Deməli, Hacıbala müəllimin dövründə Bakı Şəhər İH-də xüsusi bir “Nəzarət” şöbəsi vardı. Bu şöbənin əməkdaşları gecə-gündüz əldə çıraq Bakının küçələrini gəzirdi, bir nəfər bir divara bir mıx vuran kimi şöbə müdiri Arzu Məmmədova xəbər verirdi. Arzu müəllim də əsl “rus reketi” kimi divar sahibinin başının üstünü kəsdirirdi. İndi də yeznəmə ilişmişdilər, pulun pul vaxtı 5 min istəyirdilər. Onun pulu hardandır, həkim adamdır. Demişdi müvafiq İH başçısı ilə danışmışıq, rəsmi icazə də almışıq, kağızları da göstərmişdi. Amma Arzunun arzuladığı başqa kağızlar idi… Təbii ki, Bakı Şəhər İH-yə şikayət yazdıq, amma səs çıxmadı… İşlər də yarımçıq qaldı…

O vaxtlar Moskvada ən bərk gedən “Komersant”, Bakıda “Realnıy Azerbaycan” qəzetləri idi. Tənbəllik eləmədim, rus dilində “Bakı Şəhər İH-də reket dəstəsi fəaliyyət göstərir” adlı kiçik bir yazı hazırladım və öz adımdan hər iki ünvana yolladım. Sonda yazmışdım ki, bu, hələ “jurnal”dır, ünvanlı, detallı material arxadadır. 2-3 gündən Moskvadan səs gəldi, amma Bakıdan səs gəmədi (Sonra bildim ki, “Realnıy Azerbaycan” materialı dərhal Abutalıbova göndərib). Bəli, yazı “Komersant”da çıxan gündə və Hacıbala müəllimə çatan dəqiqədə o, mənə zəng etmişdi. Mən işimi bilirdim, ona görə də adekvat cavab vermişdim…

Telefonum yenidən zəng çaldı, yenidən açdım. Müsahibim bu dəfə ədəblə salam verdi, özünü təqdim etdi və məni Bakı Şəhər İH-yə dəvət etdi… Birinci və axırıncı dəfə idi ki, bu binada olurdum. Aşağıda özümü polisə təqdim etdim və 2-ci mərtəbəyə qalxdım. Hacıbala müəllimin özünün də həmişə dediyi kimi, qapıları “taybatay” açıqdı, kabineti Nizami kino-teatrının kiçik zalları boyda olardı. Məni tufanla, hücumla qarşıladı, görən kimi üstümə şığıdı. Yeznəmin adından yazdığım şikayət məktubu da əlində idi, səsinin tonu artdıqca bayraq kimi qaldırıb yelləyirdi. Bizi yalan danışmaqda, Arzu müəllimə və İcra hakimiyyətinə şər atmaqda ittiham edir, məhkəmə ilə hədələyirdi. Bir xeyli gözlədim, bir az yoruldu, bir az sakitləşdi…

İndi növbə mənimdi… Dedim biz elə belə danışmırıq, Arzu müəllimin danışıqlarını yazmışıq, çəkmişik… Bəli, mənim bacımın qızı indi tanınmış fotoblogerdir, onda hələ məktəbli idi, hər şeyi kameraya çəkirdi… Siz Hacıbala müəllimi görəydiz, transformasiyaya diqqət edəydiz… Kişi bir andaca mənim ən səmimi dostuma çevrildi… Dedi ki, 10 ildir Bakının başçısıyam, amma Bakıda bir evim yoxdur, kirayədə qalıram… Dedi İH-nin əməkdaşları, Arzu müəllim, Sədaqət xanım o qədər təmiz adamlardır ki, onların ətəyində namaz qılmaq olar. Hamısı da kasıbdır, quru maaşa dolanır, Bakıda kirayədə qalır…

Düzü kişiyə lap yazığım gəldi, istədim ürək-dirək verim, dedim xalq sizi çox sevir, sizin haqqınızda yüksək fikirdədir. Dedi xalqın fikri məni maraqlandırmır, məni bir kişinin fikri maraqlandırır… Sonra dedi ki, elə bilirsiz hündürmərtəbəli binalar üçün torpağın sərəncamını mən verirəm?! Mən vermirəm, mən versəydim 10 il burda otura bilməzdim… Sonda isə məni lap heyrətləndirdi, dedi sən “Realnıy Azerbaycan”a şikayət etmisən, mən bu qəzetə heç tüpürmək də istəmirəm, ayağımı da silmərəm. Amma mənim jurnalistlərə, xüsusən də “Xalq Qəzeti”nə böyük hörmətim var. Redaktoru tez-tez yanıma gəlib-gedir, məndən torpaq istəyir. Bu yaxınlarda “Xalq Qəzeti”nə Bakı ətrafında (deyəsən, Türkan dedi, indi xatırlamıram) 5 hektar yer ayıracam, hərənizə 5 sot düşür, gedin bağ evinizi tikin… Amma mən bu hadisədən bir neçə il sonra “Xalq Qəzeti”ndən getdim, bilmədim, mənim həmkarlarım torpaq aldılarmı, Türkanda bağ saldılarmı?!

Və son olaraq. Bakıda evi olmayan, kirayədə qalan Hacıbala müəllimin Azərbaycanın bəzi rayonlarında möhtəşəm villaları var. Biri də bizim Qaxdadır. Qaxdakı villanın tikilişində mənim yaxın qohumlarım iştirak edib. Hacıbala müəllim onların yanında da deyib ki, Bakıda işləyəndə çox xeyirxaxlıq edib, rəsmi qəzetlərə, jurnalistlərə torpaq verib…

Qalib Arif
Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top