Türkiyənin Qafqazda olması Qərbi niyə qıcıqlandırır?

SİYASİ 17 dekabr 2020, 14:27
Şərqdə bu gün də bitməyən bəlli münaqişələrdən göründüyü kimi, bu bölgədə əsas aparıcı aktorlardan birinin Türkiyə Respublikası olduğu Rusiyanın Qarabağ münaqişəsinə münasibətinin dəyişməsində mühüm səbəblərdən biri oldu. Türkiyənin böyük iqtisadi potensiala malik olması və NATO blokuna üzvlüyünə baxmayaraq, xarici siyasi qərarlar qəbul etməkdə müstəqil, həm də qətiyyətli mövqe nümayiş etdirməsi Rusiyanın iqtisadi və siyasi təcriddən xilas olması üçün böyük qapıya çevrilə biləcəyi, slavyan-provoslav dövlətinin türk-müsəlman dövləti ilə əməkdaşlıq münasibətlərini genişləndirməyə sövq etdi. Türkiyə-Rusiya münasibətlərinin yeni əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə qalxmasında isə rəsmi Bakı, xüsusilə regionun lider siyasətçisi Prezident İlham Əliyev mahir diplomat kimi müstəsna işlərə imza atdı. Xüsusilə Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması və rus diplomatının öldürülməsindən sonra bu iki ölkə arasında münasibətlər gərginləşəndə, Prezident İlham Əliyev öz barışçılıq missiyasi ilə bu münasibətləri demək olar ki, xilas etdi və onların yeni məcraya yönəlməsində müstəsna rol oynadı. 

Əlbəttə, bundan sonra Türkiyə Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu artıq gerçək iqtisadi layihələrlə təsdiqlədi və Şimal qonşumuzla ticarət dövriyyəsi 20 milyard dollar həcminə qədər yüksəldi, “Türk axını” qaz layihələri, Akkuyuda AES-in tikintisi layihəsinin reallaşdırılmasına başlaması rus-türk münasibətlərini tamamilə yeni bir səviyyəyə qaldırdı. Türkiyə Suriya və Livanda Rusiya ilə fərqli cəbhələrdə olsalar belə, burada da bir çoxlarının planlaşdırdıqlarının tam əksinə olaraq, ümumi ortaq maraq nöqtələrini tapa bildilər.

Rusiya prezidenti Vladimir Putin bu günlərdə keçirilən ənənəvi “Valday” forumunda diskussiya klubunun moderatoru Fyodor Lukyanovun erməni dostlarından gələn “Rusiya Ankaranın Osmanlı imperiyasının sərhədləri çərçivəsində öz təsir dairəsini bərpa etməkdən narahat olub-olmadığı” barədə sualına Rusiya dövlətinin başçısı Türkiyənin mümkün geosiyasi ambisiyalarından narahatlıq keçirmədiyini bildirib: 

“Rusiya heç nədən qorxmur. Bu gün, Allaha şükür, nədənsə qorxmalı olduğumuz vəziyyətdə deyilik. Prezident Ərdoğanın nəyi planlaşdırdığını, Osmanlı irsinə necə münasibət bəsləməsi barədə heç nə bilmirəm. Bunu siz ondan soruşun”, - deyə Putin bildirib.

Elə buradaca Rusiya prezidenti müəyyən auditoriyaya aydın olsun deyə bildirib ki, Türkiyə ilə ticarət əlaqələri 20 milyard dollar təşkil edir, Ankara isə “real olaraq bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Mən bilirəm ki, Prezident Ərdoğan heç nəyə baxmadan, müstəqil xarici siyasət həyata keçirir”. 

Regionun bu iki güclü aktorları arasında münasibətlər elə sürətlə inkişaf edir ki, hətta Türkiyə Qara dəniz akvatoriyasında təbii qaz yataqları aşkar edərkən, qardaş dövlət bu yataqlarda Moskva ilə birlikdə işləmək haqqında düşündüyünü də dilə gətirmişdi.

Ankaranın Moskvanın gözündə  etibarlı tərəfdaş kimi özünü “S-400” zenit raket sistemlərinin (ZRS) alınması ilə bağlı müqaviləyə sadiq qalması ilə təsdiq etməsi də çox böyük rol oynadı. Türkiyə üzv olduğu NATO bloku, eləcə də müttəfiqi ABŞ-la yaranmış gərginliyə məhəl qoymadan bu müqaviləni yerinə yetirdi və “S-400” ZRS-lərin ölkəyə gətirilməsini həyata keçirdi. Hətta Türkiyə bununla da kifayətlənməyib, məhz Qarabağ müharibəsi ərəfəsində bu sistemləri uğurla sınaqdan keçirdikdən sonra, “S-400” ZRS-lərin ikinci dəstinin alınması ilə bağlı Rusiya ilə müqavilə imzaladı və hazırda sazişin yerinə yetirilməsinin maliyyə şərtləri müzakirə edilir. 

Şübhəsiz regionda, xüsusilə də Qərbdə Türkiyə ilə Ruisya arasında münasibətlərin dərinləşməsində və yaxınlaşmasında maraqlı olmayan, əksinə onların qarşıdurmasına çalışan qüvvələr yetərincədir. Etiraf etmək lazımdır ki, Qarabağ münaqişəsinin müharibə yolu ilə indiki şəkildə həllinin və onun regionda genişmiqyaslı müharibəyə çevrilməməsinin məhz Rusiya ilə Türkiyənin birgə siyasi fəallığı sayəsində  mümkün olması, Qərbi çox çaşqın bir vəziyyətdə qoyub. Çünki onların planlarına rəğmən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı bu müharibədə məhz Rusiya ilə Türkiyə qarşı-qarşıya gəlməli və region böyük müharibə ocağına çevrilməli idi. 

Bunu isbat etməyə elə də böyük ehtiyac duyulmur, çünki Qərbin, xüsusilə Fransanın rəsmi mövqeyinin bir nümunəsini özündə əks etdirən ciddi mətbu nəşrlərdə dərc edilmiş materiallara ötəri nəzər salmaq kifayətdir. Bu günlərdə Ermənistanın uydurma və feyk xəbərlərinə bilərəkdən istinad edərək, bütün vasitələrlə Azərbaycan Ordusunun qalibiyyət yürüşünü aşağılamağa çalışan Fransanın “Le Monde” nəşri politoloq-şərqşünas Olivye Royun “Ermənistan xristian Rusiyası haqqında mifə inandı” başlığı altında maraqlı bir məqalə dərc edib. Müəllif demək olar ki, qoca Avropanın Fransa kimi “demokratik” ölkəsinin emənipərəst siyasi elitasının mövqeyini ortaya qoyaraq bildirir ki, Bakının tam üstünlüyündən savayı, Yerevanı məhv edən, onun yanlış olaraq Moskvanı “Qərbin İslama qarşı sonuncu dayağı” hesab etməsi olmuşdur. Müəllif bildirir ki, Ermənistan Rusiyanın “türk və müsəlman” təhlükəsinə qarşı qeyd-şərtsiz dəstəyinə arxayın idi, lakin Rusiya müsəlmanlara qarşı çıxmır.

Olivye Roy istinasız olaraq qeyd edir ki, Rusiya “bilərəkdən və məqsədli şəkildə Ermənistanın darmadağın olmasına imkan verdi. Hər şey ona işarə edir ki, Moskva təkcə hazırlanan hücumdan məlumatlı deyildi, həm də əvvəlcədən “qırmızı xətt” çəkib Bakı ilə bunun hüdudlarını müzakirə etmişdi (ermənistanın sərhədləri keçilməsin, yalnız beynəlxalq hüquqa görə Azərbaycana məxsus ərazilər tutulsun).

Təbii ki, fransız politoloq Türkiyəni də unutmur və əminliklə yazır: “Türkiyə Rusiya üçün, daha Osmanlı imperiyasının dövründə olduğu kimi, tarixi düşmən deyil, baxmayaraq ki, Ərdoğan xəlifə rolunu oynayır, onun siyasətində “osmançılıq” elə də çox deyil”. Üç cəbhədə (Suriya, Liviya, Azərbaycan) Türkiyə qüvvələri və müttəfiqləri Rusiya qüvvələri və müttəfiqləri ilə qonşuluq edirlər və kimin hansı tərəfdə olduğunu heç vaxt dəqiq söyləmək mümkün deyil”.

Digər bir Qərb mətbu orqanında – ABŞ-ın “The National Interest” jurnalında milli təhlükəsizlik məsələləri üzrə ekspert Mark Episkopos dərc etdirdiyi “Türkiyəyə Dağlıq Qarabağ münaqişəsindən faydalanmağa Rüsiya kömək etmədi ki…” başlıqlı məqaləsində açıq-aydın Türkiyə və Azərbaycana heç də isti münasibətinin olmadığını nümayiş etdirərək, Rusiyaya çox şübhəli məsləhətlər verir. O, Qarabağ müharibəsinin getdiyi günlərdə Rusiyanın neytral mövqeyini kəskin tənqid edərək, onun özünü Ermənistanın müttəfiqi kimi aparmasını tələb edir. 

Qərəzli şərhçi yazır: “Azərbaycan çoxdan Rusiyanın Qafqazda əsas tərəfdaşlarından hesab edilir, ancaq son vaxtlar o dayanmadan Ankaranın təsir dairəsinə keçməyə başlayıb... Dağlıq Qarabağda münaqişənin alovlanması ilə Bakının asta geosiyasi yanalması özünün kulminasiyasına çatdı. Bu, keçmiş Sovet respublikası, daha sonra Rusiyanın mühüm regional tərəfdaşı, getdikcə Zaqafqaziyada Türk maraqlarının ötürücüsü rolunu oynamağa başlayıb. Bakıdakı siyasi dəyişikliklər rusiyalı siyasətçilərin və şərhçilərin diqqətindən yayınmasa da, ancaq Moskvada Türkiyənin müttəfiqinə çevrilən Azərbaycanla daha yaxşı münasibətlərin qurulmasına dair bir fikir birliyi yoxdur”. 

Ekspert Mark Episkoposun bu mülahizəsinə rəğmən, qəti demək olar ki, əksinə, indi Moskva Qarabağ müharibəsində neytral mövqe nümayiş etdirməklə və döyüşlərin Azərbaycanın əraziləri çərçivəsində getdiyini təsdiq etməklə, Bakının daha çox simpatiyasını qazanmış oldu. Münaqişənin yaranması, onun bu həddə gəlib çatması gizli bir tarix deyil və Rusiya da bilir ki, bu münaqişə uzandıqca Azərbaycan Şimal qonşusundan daha da uzaqlaşır. Əlbəttə, Moskvanın münaqişənin ədalətli həllində pay sahibi olması həm Türkiyə - Rusiya münasibətlərində, həm də Azərbaycan-Rusiya münasibətlərində çox müsbət rol oynayacaq. 

Bakının Türkiyə ilə münasibətlərinə gəldikdə isə, Rusiya prezidenti Putinin simasında buna aydın və konkret rəsmi münasibət bildirildi. “Rossiya 24” telekanalına məlum müsahibəsində Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı suala cavabında Rusiya lideri açıq dedi: “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?” Beynəlxalq hüquq baxımından Bakının bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri özünə qaytardığını bildirən Putin, “bununla əlaqədar Azərbaycan ona kömək göstərən hər hansı müttəfiqi seçmək hüququna malikdir” deməklə də Türkiyənin Azərbaycanla münasibətlərini normal qəbul etdiyini nümayiş qtdirir.
 
Türkiyənin dünyada artan nüfuzu, Türkiyə -Rusiya münasibətlərinin istiləşməsi ilə barışmaq istəməyən Qərbin mövqeyi informasiya müstəvisində geniş meydan verilən ideoloji müharibədən də aydın görünür. Qərb Rusiyaya həqarət edərək onu və onun dövlət başçısını korrupsiyada, bürokratiyada, hakimiyyəti zor gücünə zəbt etməkdə, separatizmi alovlandırmaqda, Krımın ilhaq edilməsində, ümumən Ukraynada baş verən hadisələrdə günahlandıraraq Moskvaya ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməsinə baxmayaraq, bu ölkələrin mətbuatı xüsusilə son ərəfədə - Azərbaycan – Ermənistan müharibəsi başlayandan bəri, çox fəal şəkildə Rusiyanı müsəlman Türkiyəsinin regionda möhkəmlənməsinə nə üçün imkan verməkdə ittiham edirlər. Məsələn İsveçrənin “Infosperber” nəşrinin eksperti Kristian Müller bu günlərdə dərc etdiyi “Putinin Ərdoğana qarşı yumuşaqlığı təəccüblü deyil” başlıqlı məqaləsindndə Türkiyə-Rusiya münasibətlərinin tarixinə ekskurs edərək bildirir ki, Türkiyə NATO-nun üzvü kimi alyansın dəstəyindən istifadə edir. Bu Rusiyanın siyasətinə təsir edir və Avropa bundan uduzur. 

Doğrudur, müəllif Azərbaycan-Ermənistan müharibəsinin barış sazişi ilə imzalanmasının yaxşı xəbər olduğunu yazır, lakin müharibənin “istisnasız olaraq bir tərəfə qarşı”- Ermənistana qarşı aparıldığını təqdim etməyi də unutmur. Azərbaycanın əhalisinin Ermənistandan 3 dəfə çox olduğunu, bu ölkənin karbohidrogen ehtiyatları ilə zəngin olduğunu, vurğulayan Müller, buna baxmayaraq, Bakının bu müharibənin gedişində “ əvvəldən axıra” Azərbaycana cihadçı-muzdlu döyüşçülər göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd-şərtsiz dəstəyindən istifadə etdiyini hiddətlə qabardır. 

Məhz bundan sonra müəllif yazır: “Rusiya Prezidenti Vladimir Putinin əldə edə bildiyi sülh razılaşmasını (hələ ki, müvəqqəti) tamamilə Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti hesab etmək olar. İndi dünya aydınlaşdırmaq istəyir (hətta rusiyalı ekspertlər fərqli baxışlara sahibdirlər) Putin niyə Ərdoğanı Azərbaycan-Ermənistan münaqişəsinə müdaxilə etdiyinə görə qınamadı və buna görə onu cəzalandırmadı. Bəlkə Putin Ərdoğandan qorxur?” 

Məqaləsinin manerasından belə qəzəb və nifrət saçan ekspert Türkiyənin son illərdə Yaxın Şərqdə çox sərbəst gedişlərini, Suriya və Liviyadakı addımlarını, Aralıq dənizində “bir çox adalara” iddia etməsini, nəhayət, Ermənistanla müharibədə Azərbaycana dəstək verməsini qeyd edərək, NATO-nun öz üzvünün “bu son dərəcə aqressiv fəaliyyətini görməməzliyə vurmasını və susmasını” sərt şəkildə ittiham edir. 

Müller yazır: “Rusiya bilir ki, əgər üçüncü dövlət Türkiyəyə hücum edərsə, o NATO-nu köməyə çağıra bilər. Ona görə də Rusiya Türkiyə ilə müharibəni özünə rəva bilmir. Bu səbəbdən də NATO ilə Türkiyə arasında daxili müzakirələrə dəstək vermək üçün ona Türkiyə tərəfdən "xoş niyyətin" əldə edilməsi, olduqca vacibdir. Ancaq Qərbin təsir dairəsində olan və ən aqressiv siyasətçi adlandırıla bilən Ərdoğan ikili oyun oynayır, NATO ilə Rusiya arasında manevr edir və NATO-dakı həmkarlarının heç bir etirazları ilə üzləşmədən, çəkinmədən, silah tətbiq etməklə öz ölkəsinin sərhədlərindən çox kənara çıxır”.

Beyni islamafobiya ilə zəhərlənmiş bu millətçi ekspert məqalədə avropalılar qarşısında suallar qoyur: “NATO bu vəziyyəti nə qədər sükutla müşahidə edəcək? "Müdafiə" alyansı üzvlərindən birinin, nəinki ərazi ekspansiyasını həyata keçirməsinə, eyni zamanda, Qafqazda öz maraqları naminə cihadçılardan istifadə etməsinə nə qədər dözəcəkdir? Niyə NATO yeni müharibələrin qarşısını almaq üçün heç bir şey etmir, məsələn, ən azından Ərdoğanın eksponsianist planlarının həyata keçirilməsinin qarşısını almaq üçün Rusiya ilə müvəqqəti razılaşmalara getmir?”

Avropada Kristian Müller kimi düşünənlər az deyil və onlar Rusiyadan islam dünyasına, ilk növbədə isə dünya düzənində söz sahibinə çevilməkdə olan müsəlman Türkiyəsinə qarşı qalxan kimi istifadə etmək istəyir, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışırlar. 

İsveçrəli ekspert avropalıları ölkəsindən min kilometrlərlə uzaqda yerləşən Türkiyə, Azərbaycanı boykot etmək təklifi verməyi də yaddan çıxarmır və onlara çağırış edir: “Qərbi Avropa ölkələrinin vətəndaşları da Türkiyənin (indi də Azərbaycanın) hərbi əməliyyatlarına qarşı olduqlarını çox yaxşı nümayiş etdirə bilərdilər. Niyə milyonlarla avropalı hələ də Türkiyəyə tətilə gedir (2019-cu ildə 5 milyondan çox təkcə alman turisti ora gedib)? Axı, digər ucuz kurortlar da var. Niyə yüz minlərlə İsveçrə avtomobil sahibi SOCAR şəbəkəsinin 190 yanacaqdoldurma məntəqəsində və SOCAR-a məxsus olan 80 Avstriya A1 yanacaqdoldurma məntəqəsində yanacaq doldurur? İdmançılar və ovçular niyə Türk istehsalçılarından “Akkar”, “Derya”, “Tayfun”, “Armsan” və s.-dən silah alırlar?”

Bütün bunlar bir daha onu göstərir ki, Qərb Türkiyənin 200 il əvvəlki kimi dünyanın super dövlətinə çevrilmək yolunun qarşısını bütün mümkün vasitələrlə almaq niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Ona görə də Türkiyənin Rusiya ilə tərəfdaşlığı və münasibətlərinin daha strateji istiqamətə yönəlməsi onları qane edə bilməz. Hələ ki, bu işdə rəsmi səviyyədə ilk olaraq Aralıq dənizindəki adalara görə, daha sonra isə Ermənistan –Azərbaycan müharibəsi və barış sazişinin imzalanması səbəbindən meydana çıxan Fransadır. Ardından kimin gəldiyi bəlli olmaz. 

No description available.No description available.No description available.

İlqar Rüstəmov, jurnalist, politoloq

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top