Elman Nəsirov: "Nə yaman köçürülən ermənilərin qayğısına qalırsınız?"

DAXİLİ SİYASƏT 16 dek 2020, 23:39
Bu ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətə humanitar reaksiya verməsi üçün Qurumlararası Humanitar Yardım Mərkəzinin yaradılması barədə fərman imzalayıb.

İndi məlum olur ki, həmin qurum humanitr yardım adı altında, əslində, ermənilərin kütləvi məskunlaşdırılması ilə məşğul olur. Hətta heç oralarda yaşamamış ermənilərin də gətirildiyi barədə məlumatlar dolaşır.

Bu humanitar mərkəz 10 noyabr razılaşmasında nəzərdə tutulurdumu? 10 noyabr razılaşmasında nəzərdə tutulmayan bu qurum niyə yaradılıb?

Millət vəkili, politoloq Elman Nəsirov “Bakı-Xəbər”ə bildirdi ki, 10 noyabr sənədində konkert olaraq humanitar mərkəzin yaradılması ilə bağlı bir ifadə əksini tapmayıb: “Amma prinsip etibarilə əldə edilmiş razılaşmalarda humanitar xarakterli addımların atılması kimi məsələlər var. Yəni söhbət orada, ilk növbədə, köçkün vəziyyətində olan insanların, qaçqınların öz yerlərinə qayıtmasından gedir. Bu qayıtmanın həyata keçirilməsi prosesində humanitar dəstək və sair məsələlər gündəmə gələ bilir. Əsas söhbət 10 noyabr razılaşmasının prinsiplərinə obyektiv və ədalətli şəkildə riayət edilməsindən gedir. Təəssüf ki, son zamanlar rus sülhməramlılarının fəaliyyəti, xüsusən də onların yeni xəritələr icad etməsi barədə xəbərlər yayılıb, bu da haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Bu heç bir halda qəbuledilməzdir.  Xüsusilə də onların icad etdiyi xəritələri. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda öz sülhməramlı missiyasını həyata keçirməsi zonası var. Sülhməramlıların həmin zonanı aşması, genişləndirməsi, Xocavənd rayonunun daha iki kəndinin həmin o zonaya daxil edilməsi, yəni xəritənin süni şəkildə genişləndirilməsi, təbii ki, Azərbaycan ictimaiyyətində narazılığa səbəb olub, təəccüb, təəssüf hissi doğurub. Bəli, belə məlumatlar var ki, süni şəkildə Dağlıq Qarabağda ermənilərin sayını artırmaq üçün müəyyən niyyəti olan tərəflər var. Ancaq ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, orada maksimum 65 min erməni yaşayıb. Burada isə sovet dövründə və müharibəyə qədərki dövrdə yaşayan ermənilərdən söhbət gedə bilər. Ora digər ermənilərin köçürülərək gətirilməsi qanunaziddir və qəbuledilməzdir. Yəni bu 60-65 min maksimimdur və eyni zamanda, Dağlıq Qarabağda yaşayacaq bu 60-65 min erməni Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycan pasportunu daşımalıdırlar. Azərbaycan pasportunu gəzdirməkdən imtina edən ermənilərin isə Dağlıq Qarabağda yaşamağa mənəvi və hüquqi əsasları olmayacaq və onların oradan çıxarılması ilə, ilk növbədə, sülhməramlı monitorinq mərkəzi məşğul olcaq ki, orada Türkiyə hərbçiləri də təmsil olunacaqlar. Yəni monitorinq aparılacaq ki, bu insanlar gəlib Dağlıq Qarabağda yaşamaq istəyirlər, əvvəllər də burada yaşayıblar və onlar birmənalı olaraq Azərbaycan pasportunu qəbul etməlidirlər. Hazırkı vəziyyətdə məsələlər bu şəkildədir. Amma bir fikir bildirim ki, hər halda prinsip etibarilə 10 noybar bəyanatının tələbləri icra olunmaqdadır. Baxmayaraq ki, ayrı-ayrı xoşagəlməz hallar var. Bu xoşagəlməz halları cənab Prezident ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə vurğuladı və qeyd etdi ki, Xocavəndin iki kəndində erməni silahlı birləşmələrinin tör-töküntüləri bizim əsgərlərimizə hücumlar ediblər, bu da atəşkəsin pozulması anlamındadır, məsuliyyət də sülhməramlıların üzərinə düşür, onlar bu məsələyə cavabdehlik daşıyırlar”.

“10 noyabr razılaşmasında nəzərdə tutulmayan bu qurum niyə yaranıb, məqsəd nə idi” sualına cavabında isə E.Nəsirov bunları dedi: “Prinsip etibarilə orada Rusiya və Türkiyə hərbçilərinin birgə faəliyyətilə sülhməramlı monitorinq mərkəzi yaradılması ideyası vardı, amma üçtərəfli bəyanatda humanitar mərkəzin yaradılması konkret öz əksini tapmayıb. Bir daha qeyd edirəm, orada əksini tapan odur ki, məcburi köçkünlər öz yerlərinə qayıdıb yaşamalıdırlar, kommunikasiyalar bərpa edilməlidir. Bu tezisdən çıxış edərək, Rusiya tərəfi ermənilərin ora qaytarılması prosesinə dəstək anlamında belə bir humanitar mərkəz yaradır, bu prosesdə çox izafi fəallıq həyata keçirir. Bu, təbii olaraq, ortaya çoxlu sual çıxarır. Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradır ki, nə yaman əl-ayağa düşmüsünüz, nə yaman köçürülən ermənilərin qayğısına qalırsınız, onların səhhətinin keşiyində durursunuz, ermənilərin humanitar məsələlərinin həllində bu qədər canfəşanlıq edirsiniz. Yəni bu kimi məsələlər bu gün aktualdır və haqlı narazılığa səbəb olur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top