Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov — VİDEO

GÜNDƏM 16 dek 2020, 10:01
Vətənin bütövlüyü uğrunda savaşıb, canından keçən şəhidlərimizdən biri də Zaur Hüseynovdur.

Xezerxeber.az-ın məlumatına görə, Zaur Hüseynov 1995-ci il iyunun 24-ü Masallı rayonu, Hişgədərə kəndində dünyaya göz açıb.

Ailədə iki qardaş olan Z.Hüseynov 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2014-cü ildə liseyi bitirdikdən sonra həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərb sənətinə yiyələnən zabit Zaur Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətə başlayıb.

Füzuli rayonu, Alxanlı kəndi istiqamətində düşmənin yeddi postunun alınmasında iştirak edən leytenant Z.Hüseynov Tovuz döyüşlərinin də iştirakçısı olub. Ancaq o, döyüşdə iştirak etməyini öz ailəsindən gizli saxlayıb. Vətən Müharibəsi başlayan günü anasına zəng edərək deyib ki, təlimə gedir. Ancaq qəhrəman zabitimiz Z.Hüseynov bu dəfə də təlimə deyil, yağı düşməni işğal olunmuş torpaqlarımızdan qovmaq üçün gedib.

Əsgərləri üçün təkcə komandir yox, həm də böyük qardaş olan leytenant Z.Hüseynov mərd, cəsur, ailəsinə bağlı bir insan olub.

Həyat yoldaşı Aytən Hüseynova deyir ki, torpaqlarımızın alınmasında Zaurun da əməyi olduğu üçün onunla fəxr edir. İndi Z.Hüseynovdan Vətənə və ailəsinə əmanət qoyduğu bir yaşlı qız övladı yadigar qalıb.

44 günlük Vətən Müharibəsində Hişgədərə kəndi dörd şəhid verib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top