“Human Rights Watch”dan Ermənistanın kasetli silahlardan istifadə etməsinə dair növbəti HESABAT

XARİCİ SİYASƏT 15 dek 2020, 16:38
“Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabat yayıb.

Demokrat.az xəbər verir ki, hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduğu bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır.

Hesabatda qeyd edilir ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunduğu dörd hücumu sənədləşdiriblər. Bu hücumlar nəticəsində 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb.

“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, kasetli silahlardan istifadə beynəlxalq sazişlə qadağan olunub. Bu silahların xüsusilə də mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir.

Hesabatda kasetli silahların xüsusiyyətləri barədə də məlumat verilir. Qeyd edilir ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər. Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır.

Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silahlı hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.

Bildirilir ki, təşkilatın nümayəndələri noyabrın 27-də Yerevanda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüblər. Nazirliyin rəsmisi Ermənistan ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən dərc edilən illik “Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq nəşrlər Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı olan WM-80 çoxlüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. “Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur. Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları heç bir halda heç kim tərəfindən istifadə edilməməli və ya təmin edilməməlidir.

Qeyd edək ki, hesabatda kasetli silahların birbaşa hücumuna məruz qalmış azərbaycanlı mülki şəxslərin fikirləri və müsahibələri də yer alıb.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top