Ermənistanın təcavüzü Meksikanın tanınmış jurnalında

GÜNDƏM 09 dek 2020, 08:43
Meksikanın dövlət və hökumət qurumları, parlament və diplomatik korpus arasında geniş yayılan “El Mundo” jurnalında Azərbaycan Respublikasının səfiri Məmməd Talıbovun Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün tarixi, terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, səfir müsahibədə ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, Nikol Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Bildirib ki, Ermənistanın qeyd olunan təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT TŞ-nin sənədlərinə uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirməyə başlayıb, bu çərçivədə Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa şəhərlərini, 300-dən çox kənd və qəsəbəni və bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

Qırx dörd günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

10 noyabrda əldə olunmuş atəşkəs razılaşması barədə danışan səfir Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş digər rayonlarından da çıxarıldığını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, razılaşmanın şərtlərin əməl edilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın yaxın gələcəkdə öz yurdlarına qayıdacağını bildirib.

Sonda regionun gələcəyi və barışıq imkanları ilə bağlı suala münasibətdə Azərbaycanın çoxmədəniyyətli və 40-a yaxın müxtəlif millət və inanclardan olan insanların, o cümlədən ermənilərin birgə sülh şəraitində yaşadığı yer olduğunu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığını deyən səfir yerli əhalinin öz evlərinə ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının da azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top