Hərbi-siyasi mərhələnin başa çatdırdığı BÖYÜK QƏLƏBƏ


GÜNDƏM 01 dek 2020, 16:45
Bölgədə beştərəfli yeni əməkdaşlıq formatı yarana bilər
 
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatının ilk və ən mühüm mərhələsi başa çatdı. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən və məlum sənədi imzalamağa məhkum olan Ermənistan işğal altında saxladığı digər əraziləri - Ağdam, Kəlbəcər, ən nəhayət Laçın rayonunu əsl sahibinə təhvil verdi. Beləliklə, Azərbaycan Ordusunun, dövlətinin gücü, qətiyyəti heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonların işğaldan azad edilməsini gerçəkləşdirdi.  Düzdür, Azərbaycan əsgəri bu əraziləri güc yolu ilə qaytarmaq iqtidarında idi. Amma heç də təsəvvür etmək çətin deyil ki, bu cür çətin relyefə xas əraziləri müharibə yolu ilə azad etmək üçün hansı itkilər verməli olacaqdıq. Bu baxımdan prosesin indiki gedişatı hər cür alqışa layiqdir.

Bəyanatın indiki mərhələ üçün zamanında icrası gələcəkdə sənəddə əksini tapan digər məsələlərin də həyata tam vəsiqə qazanacağını vurğulamağa əsas verir. Noyabrın 10-da imzalanmış Bəyanata uyğun olaraq hazırda
  •  atəşkəs təmin edilib,
  • rayonlar qrafikə əsasən Azərbaycana qaytarılıb,
  • Rusiya sülhməramlıları bölgədə yerləşdirilib,
  • atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb.
  •  
Bəyanatda əksini tapan digər məsələlər prosesin növbəti mərhələsini ehtiva edir:
  • 3 il ərzində (Prezident İlham Əliyev bunun daha tez reallaşa biləcəyini vurğulayıb)Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaası planı müəyyən ediləcək;
  • Həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq;
  • Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq;
  • BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar Dağlıq Qarabağın bütün yerlərinə qayıdacaq;
  • Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edəcək;
  •  Azərbaycanın Qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq.

Beləliklə, növbəti mərhələ Azərbaycan, ümumən bölgə üçün heç də az əhəmiyyət kəsb etmir. Azərbaycan müstəqillik dönəmində ilk dəfə öz sərhədlərini tam bərpa etsə də, qarşıdakı dövrdə bu qələbəni daha da gücləndirən, onu davamlı edən prosesi səbr və düşünülmüş şəkildə yekunlaşdırmalıdır.
 
Şübhəsiz ki, Prezident İlham Əliyevin prinsipiallığı, yenilməz iradəsi, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməsi bu mərhələnin də uğurla başa çatmasını təmin edəcək.  Necə ki, İlham Əliyev bunu 44 günlük Vətən müharibəsi zamanı isbatladı. İstər 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələr zamanı, istərsə də bundan əvvəl danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyev bir addım olsun belə, xalqın maraqlarından geri durmayıb.  

Onun milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması tarixi qələbənin qazanılmasında mühüm faktor idi. Bu, birmənalıdır ki, güclü ordunun və xalqın qələbəyə nail olmasında İlham Əliyevin şəxsi keyfiyyətləri əsas rol oynadı. İlham Əliyev əksər aparıcı ölkələrin ermənipərəstliyinə, onların idarə etdiyi mətbuatın hücumlarına duruş gətirərək xalqının qələbəsini təmin etdi.

Mürəkkəb relyefdə güclü müdafiə sisteminə malik düşmənin məğlub edilməsi Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi strategiyası, ordumuzun yüksək peşəkarlığı və müasir texnika, texnologiyalardan istifadə olunması nəticəsində mümkün oldu.

Qarşıdakı dövrdə də İlham Əliyev regonda yaratdığı yeni reallığın müəllifi kimi prosesləri idarə etmək, xalqımızın maraqlarını təmin etmək gücündədir. Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə tam yeni mənzərə formalaşdırıb. Qardaş Türkiyə dövlətinin, Rusiyanın, İranın, Gürcüstanın maraqlarını uzlaşdırmağı, Azərbaycanla yaxın müttəfiqə çevirməyi bacaran Prezident İlham Əliyev son müraciətində Ermənistanın gələcəkdə bu əməkdaşlıqda yer ala biləcəyini də bəyan edib. Bu, olduqca mühüm məsələdir. Çünki, Azərbaycan Ermənistanla əbədi qonşudur və istənilən halda düşmənçiliyə son verib əməkdaşlığa başlamaq labüddür.

İqtisadi baxımdan Ermənistanla əməkdaşlıq bölgədə üçüncü dövlətin iştirakı olmadan daimi sülhü bərqərar edə bilər. İndiyə qədər işğalçı Ermənistanı bölgədəki bütün beynəlxalq layihələrdən kənarda saxlamağı bacaran Azərbaycan ona son şansı yaratmaq imkanına malikdir. Prezident İlham Əliyev çıxışında bunun mümkünlüyünə işarə vurdu. Qalır, Ermənistanın bu mesajı düzgün dəyərləndirməsi və xalqının gələcəyini düşünməsi. Əməkdaşlıqdan qaçmaq, xam xəyallarla yaşamaq Ermənistan üçün yaxşı heç nə vəd etmir.

İndiki halda bu əməkdaşlıq necə mümkün ola bilər?

Qısa haşiyə çıxıb qeyd edək ki, Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyət olmaqla, məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər beynəlxalq danışıqlarda nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Nəticədə Naxçıvan mühasirədən çıxarılacaq. Eyni zamanda, yeni nəqliyyat qovşağı yaradılacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşəcək.

Əgər Ermənistan da özünü sivil dövlət kimi apararsa, bölgədə beştərəfli yeni əməkdaşlıq formatı həyata vəsiqə qazana bilər.

Məlumdur ki, Ermənistan birinci tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib. İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq sahəsində böyük layihələri başa çatdırıb. Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Ermənistan isə bütün bunlardan kənarda qalıb və tarixi şansı əldən buraxaraq dalan ölkəyə çevrilib.

Bundan başqa, Ermənistan da yaxşı anlayır ki, güclü və böyük iqtisadi potensiala malik Azərbaycan işğaldan azad edilmiş ərazilərinin sürətli inkişafına nail olacaq, bu bölgələri ən qabaqcıl standartlara uyğun yenidən bərpa edəcək. Həmçinin, orada yaşayan əhalinin rifahı üçün bütün addımlar atılacaq və bu, həmin regionda yaşayan bütün insanlar, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər üçün də  yeni perspektivlər açacaq.

İndi Azərbaycanı olduqca qürurverici və böyük amalların həyata vəsiqə qazanacağı daha bir mərhələ gözləyir. Bu, yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Azərbaycanın bu məsələdə strateji yanaşması ortadadır və artıq proses başlayıb. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb, praktiki tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Azərbaycan xalqının bu dövrdə də Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşəcəyi, həmrəylik, güclü iradə göstərəcəyi şübhəsizdir. Bu birliyin ilkin və şərəfli nəticəsi ortadadır. Azərbaycan xalqı yenə də bir olaraq dağıdılmış bu şəhərləri, kəndləri bərpa edəcək.

Elman Babayev

Əməkdar jurnalist

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top