Qalib komandanın qələbə diplomatiyası

TƏHLİL 24 noy 2020, 10:16

Müharibə şəraitində olan dövlətin rəhbəri dərin zəkaya, dəmir iradəyə, qətiyyətə sahib olmalı və hərb sənətinin incəliklərini yüksək səviyyədə bilməlidir ki, qarşıya qoyduğu məqsədə çata bilsin. Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçil dövlət xadimləri ilə siyasətçilər haqqında danışarkən yazırdı: “Dövlət xadimi ilə siyasətçi arasındakı fərq ondadır ki, siyasətçi növbəti seçkini, dövlət xadimi isə gələcək nəsilləri düşünür”. Bu rakursdan yanaşdıqda aydın görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri və həqiqi lider kimi hakimiyyətdə olduğu 17 ildə bütün fenomenal keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişdi. İkinci Qarabağ savaşı, Vətən müharibəsi başlayandan isə O Ali Baş Komandan olaraq hərb sənətində də yüksək sərkərdəlik məharətini Ordumuzun və dövlətimizin hərb meydanındakı parlaq qələbəsi ilə təsdiqlədi.


28 il işğal damğası daşıyaraq mənən əzilən Azərbaycan cəmi 44 gündə, hələ illər sonra öz ədalətli və real qiymətini alacaq möhtəşəm və fövqəladə bir qələbəyə imza atdı. Bu qələbəni qazanan Qalib sərkərdənin, Vətən üçün Şəhid olmağı şərəf bilən minlərlə cəsur, mərd və mübariz Azərbaycan əsgərinin, zabitinin ağlasığmaz qəhrəmanlığı sayəsində xalqımızın məğlub ruhu dirçələrək qalib kimi bütün dünyaya hayqırdı. İllərlə həsrətində olduğumuz bu qələbənin ölkə üçün siyasi və hərbi əhəmiyyətini dərk etməmək, ya da dərk edərək gözdən salmağa çalışmaq ən azından siyasi nadanlıq və əxlaqsızlıqdır. Anlaşılan və görünən odur ki, siyasi yöndən yanaşanda bu siyasi əxlaqsızlar, sadəcə 30 il işğal faktına dözən Azərbaycan üçün bu, möhtəşəm, fövqəladə hadisəni cılız təkəbbürlərinə sığışdıra bilmir və bunudan siyasi dividend qazanacaqlarına, miskin vəziyyətdə olan siyasi təşkilatlarının ətrafına müəyyən qüvvələr toplamağa ümid bəsləyirlər.

 


Narazılıqlar və nadanlıqlar nədən irəli gəlir və nə üçündür? Əslində sualı bu şəkildə qoymaq da düzgün deyil və məsələyə yanaşmada cavab axtarılası sual bu narazılıqlar təsadüfdürmü, yoxsa düşünülmüş və məqsədli xarakter daşıyırmı? Son iki ayda baş verənləri siyasi yöndən araşdırmağa və dəyərləndirməyə çalışdıq.


Ordumuzun müzəffər yürüşü ilə ağlasığmaz döyüş qələbələrinə imza atılandan 44 gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları məlum bəyanatla, Azərbaycan 30 il əvvəl, hərb meydanında məğlub olmuş ölkə kimi diktə olunan tərəfdən, indiki halda hökmünü diktə edən tərəfə çevrilərək, sözün həqiqi mənasında Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı ermənilərin öz müqəddəratını təyinetmə arzusunun üstündən birdəfəlik xətt çəkdi. Bu saziş müəyyən mənada Ermənistanla Azərbaycan arasında üçüncü tərəfin- Rusiya Federasiyasının iştirakı ilə imzalanmış bir sülh sazişi kimi qiymətləndirilsə də, əslində Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Ermənistanın təslim olması aktı idi. Bu sazişdə Azərbaycandakı bəzi siyasi qüvvələri qane etməyən Dağlıq Qarabağ bölgəsinin, Xankəndi də daxil olmaqla, çox az bir hissəsində ermənilər yaşayan ərazilərdə əmin-amanlığı təmin edəcək, xüsusilə Xankəndinin Ermənistanla nəqliyyat əlaqələrini tənzimləyəcək Laçın dəhlizində 5 kilometrlik təhlükəsizlik zolağını mühafizəyə götürəcək Rusiya sülhməramlıları kontingentinin yerləşdirilməsi faktıdır. Özlərini milli mənafeyin “ultra cəfakeşləri” kimi göstərən Azərbaycanın daimi və bəlkə də əbədi müxalifəti bunu ölkəmizin məğlubiyyəti kimi gündəmə gətirir və dövlət müstəqilliyimiz üçün ciddi təhlükə hesab edirlər. Adama deyən lazım, 30 ilə yaxın bir vaxtda bu ərazilərdə erməni silahlı qüvvələr at oynadıb meydan sulayanda, “yallı gedib milli heysiyyatımızı təhqir edəndə”, bizim bu ərazilərə addım atmağa imkanımız olmayanda, görəsən bu müstəqilliyimiz üçün təhlükə deyildimi?!


Elə bu aspektdən yanaşaraq, Azərbaycanın həm siyasi, həm də hərbi cəhbədə qazandığı zəfəri indiki reallıqlardan çıxış edərək pessimist mövqedən qiymətləndirən beşinci kolonun nümayəndələrinə 44 gün əvvəlki gerçəkləri və Şimal qonşularımızın, eləcə də bizim “ultra cəfakeşlərin” demokratik dəyərlərindən ilham aldıqları Qərb dövlətlərinin rəsmi mövqeyini ifadə edən bəzi məqamları xatırlatmaq istəyirəm.


Qarabağda azadlıq müharibəsini başlamaq belə asan idimi?


Bu sualı təsadüfən vermədim. Çünki cəmi iki ay əvvələ qədər istər müxalifət düşərgəsində, istərsə də ictimaiyyət arasında, Prezident İlham Əliyev başda olmaqla dövləti Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün niyə Ermənistanla müharibəyə başlamamaqda qınayanlar kifayət qədər idi. Bəzən siyasi ambisiyalar naminə bu arqumentə istinad edərək, hakimiyyəti acizlikdə, bəzən də Azərbaycan Silahlı Qüvvələrinin azadlıq müharibəsinə lazımi səviyyədə hazır olmamaqda ittiham edir və siyasi dividend qazanmağa çalışırdılar. İnsafən cəmiyyətdə də torpaqlarımızın azad edilməsi ilə bağlı daxili bir narahatlıq var idi və xalq səbr nümayiş etdirsə də, hakimiyyətə mesajlar verilirdi. Amma heç kim müharibəyə necə başlamaq və necə hərəkət etmək, hansı addımı atmaq haqqında ağlabatan bir təklif irəli sürmürdü. Çünki münaqişənin, ümumiyyətlə namərd qonşularımızla 200 ildən artıq sürən ziddiyyətli tarixini az çox bilənlər, başa düşürdülər ki, hakimiyyətin səbrlə dözüm nümayiş etdirməsinə, beynəlxalq birliyin ikili standartlardan yanaşması ilə yanaşı daha ciddi amil Rusiyadır. Nədən bu amil hər dönəmdə ortaya çıxır və Azərbaycan öz işğal altında olan torpaqlarını almaq üçün niyə müharibə aparmağa tələsmirdi? Təbii ki, bunun səbəblərini anlamadan bugünki Qələbəmizə həm siyasi, həm də müharibə anlamında qiymət vermək olmayacaq.


Azərbaycan siyasi isteblişmentinə, xüsusilə jurnalist, politoloq, konfliktoloq və ekspertlərinə yəqin ki, rus siyasi elitasının velikorus şovunizmi ilə süslənmiş filosofu, politoloqu və ideoloqu Aleksandr Duginin Şimal qonşumuzun dövlət siyasətində hansı mənsəbə sahib olduğu yaxşı məlumdur. Rəsmi Kremlin siyasi ideologiyasını formalaşdıran bu qatı velikorus ideoloqun elə bu ilin iyul hadisələri zamanı “ru.1in.am” internet nəşrinə müsahibəsində pafosla səsləndirdiyi bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Aleksandr Dugin erməni jurnalistin Azərbaycanın Dağlıq Qarabağda müharibəyə hazırlaşması ilə bağlı sualına belə cavab verirdi: “Əgər Azərbaycan Qarabağda müharibəyə başlasa, heç vaxt heç nə əldə etməyəcək. Qarabağın hərbi yolla ələ keçirilməsi mümkün deyil. Bu təkcə Ermənistanla yox, həm də Rusiya ilə münaqişədir. Həm də ermənilər çox yaxşı döyüşürlər və azərbaycanlılar bunu bilir. Azərbaycanlılara, hətta onların ordusunun istehkamları belə kömək etməyəcək...”


Rus ideoloqunun belə düşünməsinə və bunu əminliklə dilə gətirməsinə əsas verən, heç şübhəsiz, ilk növbədə onun Kremlin münaqişə ilə bağlı illərlə formalaşan mövqeyindən yetərincə məlumatlı olması idi. Belə olmasa, Dugin müsahibəsində, azərbaycanlı kimi bizi qəzəbləndirən daha kəskin mövqe sərgiləməzdi.


Rusiyalı ideoloq böyük əminliklə deyir: “Qarabağın Azərbaycanın ərazisi olmasını Rusiya da, beynəlxalq birlik də tanıyır. Saakaşvilinin nümunəsi onun (İlham Əliyevin -İ.R.) gözləri qarşısındadır. Rusiya Federasiyası da daxil olmaqla, beynəlxalq birlik Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıdı, əgər Saakaşvili və Tbilisi Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət etsəydi, Abxaziya və Cənubi Osetiya indiyə qədər də Gürcüstanın tərkibində ola bilərdi. Lakin Rusiyayla hesablaşmadan, Rusiyanı hesaba almadan, amerikalılara güvənərək problemi həll etmək istəyi, Saakaşvili kimi, hərəkətə keçərək birtərəfli qaydada ələ keçirmək istədiyi bu ərazilər, Rusiyasız problemi çözməyə cəhd etməyə başlayana qədər, yalnız hüquqi cəhətdən Gürcüstana məxsus olur. Əliyev bunu görməyə bilməz.


Ona görə də, mən qəti əminəm ki, bu vəziyyətdə uduza biləcəyi səbəbindən Əliyev Qarabağ münaqişəsinin kəskinləşməsində maraqlı deyil”.


Dugin hələ Ermənistanın Tovuz təxribatı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ümumiyyətlə, heç XXI əsrin üfüqündə görünmədiyini də gizlətmirdi. Təbii ki, bu təkcə, onun öz düşüncəsinin məhsulu deyildi və Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməyəcək ana xəttinin konturlarını nümayiş etdirirdi: “Elə münaqişələr var ki, onların həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi bunlardan biridir. Nə qədər ki, orada super güclərin maraqları toqquşur Qarabağ probleminin həlli yoxdur. Yalnız Ermənistan və Azərbaycan Avrasiya strukturuna daha fəal inteqrasiya etməyə başlayacaqları halda (Ermənistan artıq bu istiqamətdə addımlar atır), biz uzaq gələcəkdə, xüsusi vurğulayıram, bu gün deyil, sabah da, birisi gün də deyil, uzaq gələcəkdə bəzi hüquqi həllər təklif edə bilərik”.


Dugin hələ o zaman açıq bəyan edirdi ki, Rusiyasız Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə bu bölgədə sülh, zatən mümkün olmayacaq. Dugin heç də sıradan bir sadə politoloq yox, Rusiya Federasiyasının sözçüsü kimi təmsil etdiyi dövlətin açıq mesajını verirdi: “Təsəvvür edin mavi dəbilqəli BMT sülhməramlıları əvvəlcə nə edəcəklər - onlar azərbaycanlıları öz ərazilərinə qaytaracaqlar və dərhal yeni zorakılıq dalğası başlayacaq. Yalnız münaqişəni çox yaxşı təsəvvür edən ruslar, rus qoşunları qan tökülməsinin qarşısını ala bilərlər. Biz nəyin necə olduğunu çox yaxşı bilirik.


Elə problemlər var ki, Rusiyaya sülh faydalıdır, digər hallarda isə, etiraf edilməlidir ki, biz münaqişədə maraqlıyıq. Dağlıq Qarabağ məsələsində sülh bizim üçün həyati vacibdir. Qarabağda sülh - əgər açıq bilmək istəyirsinizsə, milli eqoizm maraqlarımızdır”.


Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin mənzərəsini canlandıran Lavrov, Dugin, Jirininoski, Tolstoy, Solovyov və sair kimi diplomatların, Duma üzvlərinin, politoloq və jurnalistlərin ifadə etdikləri rəsmi və qeyri-rəsmi fikirləri böyük və irticaçı bir tarixə söykənir. Bütün bunları adlamaq və bu hegemon dövlətin təzyiqlərinə, müdrikliklə, Şimal qonşumuzu qəzəbləndirmədən, çox müdrik diplomatik gedişlərlə neytrallaşdıraraq, müharibəni Qələbəyə çatdırmaq, istinasız olaraq Prezident İlham Əliyevin xidmətidir. Dövlət başçısının bu xidməti, bu diplomatik qələbəsi nəinki etiraf edilməli, dəyərləndirilməli, eləcə də dövlətçilik tariximizin, diplomatiya tariximizin ən parlaq səhifəsi kimi gələcək nəsillərə tanıdılması üçün geniş araşdırılmalı və ali məktəb dərsliklərində yer almalıdır.


Lakin özünü siyasətçi adlandıran qismlər dövlət başçısının bu müstəsna xidmətlərinə münasibətlərini açıqlayarkən ifadə etdikləri fikirləri xalqın fikri ilə eyniləşdirməyə çalışır və öz iddialarından doğan niyyətlərini xalqın adına yazırlar. Bu yüz illərlə sınaqdan çıxmış bir üsuldur və müasir dünyada belə üsulu yalnız siyasi cəhətdən avam olan kütləyə sırımaq olar. Azərbaycan xalqı bu avamlıqdan çoxdan xilas olub və müasir dünyagörüşə malik bir xalq kimi ən azından regionda özünü təsdiq etmişdir.


Əslində, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın Vətən müharibəsində əldə etdiyi Qələbəyə kölgə salmaq istəyənlər uzun illərdir ki, Azərbaycanda siyasət hesabına yaşayan müxalifət liderləridir və siyasət onların dövlətə fayda verməsinə deyil, cəmiyyətdə üzdə qalmasına, yaxşı yaşamalarına və müəyyən imtiyazlar əldə etməsinə xidmət etməkdən başqa bir şey deyil.


Onların qərəzli mövqeyi və Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgər və zabitlərinin Qələbəsinə kölgə salmaq cəhdləri ilə tanış olduqda ortaya belə bir sual çıxır: Azərbaycan doğurdanmı noyabrın 10-da müharibənin dayandırılması haqqında razılaşma imzalamaqla uduzubmu? Uduzubsa, demək ki, o zaman Ermənistan qalib gəlib, deyilmi?


Buna ən obyektiv cavabı Azərbaycan ictimai fikrində yer alan rəylər və şərhlərdə deyil, beynəlxalq aləmdə, ilk növbədə ermənilərin siyasi elitasının mövqeyini göstərən Ermənistan mətbuatında axtarmağa qərar verdim.


Ermənistanın “Armenian report” nəşrinin müxbiri Qalust Qriqoryan hadisələrdən dərhal sonra yazır: “...baş verənlərin hesabını yalnız bir adamdan soruşmaq lazımdır – Rusiya prezidenti Vladimir Putindən. Ancaq o, Ermənistanı və Artsaxı (Dağlıq Qarabağı-red.) satıb, Türkiyə -Azərbaycan təxribatının reallaşmasına o razılıq verib, bizim qəhrəmanlarımızın ölümündə o, günahkardır”.


Eyni nəşrin digər bir müxbiri Nils Arutunyan isə daha hiddətli və qəzəblə yazır: “Mahiyyətcə Artsax artıq yoxdur – biz üç tərəfin sevincinin şahidiyik – Azərbaycan, Rusiya və Türkiyə...Ermənistanın rəhbərliyi bizim hamımızı satdı, göstərdi ki, asanlıqla hər bir erməninin qəlbinə tüpürə bilər.


Biz hamımız düşünürdük ki, elə xətt var Nikol Paşinyan onu adlaya bilməz. Heç demə elə bir şey yox imiş. Biz biləvasitə özümüz, şadyanalıqla və özümüzün hazırki rüsvayçılığımızla, hakimiyyəti satqının, qorxağın və əclafın əlinə verdik. O, təkcə öz adını deyil, həm də yeddi arxasını rüsvay etdi. O, bizim hamımızı alçaltdı.


Azərbaycan tərəfi toy-bayram edir. Bakının buna səbəbi var. Onlar iki ay əvvəl heç ağıllarına belə gətirə bilmədiklərini əldə ediblər...


... İlham Əliyev özünün çoxsaylı müsahibələrində bizim ordumuzu bizim torpaqlardan çıxartmaqla bağlı Paşinyandan qrafik tələb edirdi və nəticədə bunu aldı! Döyüşsüz, bir güllə atılmadan belə Ağdam rayonu və Azərbaycan Respublikasının Qazax ryonunun bizim nəzarətimizdə olan əraziləri təhvil verilir...”


Nils Arutunyan Azərbaycanın işğal altında olan qalan rayonların boşaldılmasının da qrafikinin verildiyini qeyd edərək sual edir: “Ermənistanın Artsaxdan qalan ərazi ilə əlaqəsi Laçın dəhlizi vasitəsi ilə olacaq və bu, artıq hüquqi cəhətdən də itirdiyimiz Şuşaya aid olmayacaq!”


Ürəyindən qara qanlar axan erməni müxbiri daha sonra yazır: “Qalır Stepanakert (Xankəndi-rued.). Axı yeni şəraitdə, qələbə dadı damağında qalan və onların yeni bir hərbi təxribat törətməkdən açıq-aşkar çəkinmədiyi halda, orada yaşamağa kim cəsarət edər?! Rusiyanın belə açıq bir xəyanətdən və Türkiyənin güclənməsindən sonra kim orada yaşamağa cürət edə bilər?”


Erməni müəllif bildirir ki, əgər Paşinyan Kremlin təzyiqlərinə daha tez, bizim xalqa qarşı hərbi təxribat başlamamışdan tabe olsaydı, ən azından bu qədər itgilər olmazdı, Şuşa və daha iki rayon bizdə qalardı. “Ancaq nəticədə biz nə qazandıq – minlərlə həlak olanlar və rüsvayçı təslim aktı”.


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə “168.am” saytına müsahibəsində özünü keçmiş günahlardan sığortalamq üçün də olsa, silahlı qüvvələr rəhbərliyinin təklifi ilə müharibəyə son qoymaq qərarının düzgün olduğunu etiraf edib. “Bununla belə, ordunun deyil, dövlətin məğlub olması birmənalıdır, həmçinin, bunun erməni xalqı üçün çox pis bir sənəd olması da birmənalıdır,”- deyə Ohanyan vurğulayıb.


Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 44 gün böyük qəhrəmanlıqla, heç bir dövlətdən, hətta Rusiyadan belə çəkinmədən ordusuna qətiyyətlə rəhbərlik etməsinin səbəblərindən biri də Cənubi Qafqazda sülhün açarının Azərbaycanda olmasıdır.

(ardı var)

 

İlqar Rüstəmov, jurnalist-politoloq
Demokrat.az

 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top