Hüquqşünas dilə gəldi: “Aslan İsmayılov hakimiyyətə yarınır” deməyə tələsməyin

GÜNDƏM 21 noyabr 2020, 23:20

“Qarabağla bağlı problemlər hələ də tam həll olunmayıb. Ona görə də bəzilərimiz Qələbədən feyziyab olub arxayınlaşmayaq. Bu gün bir çoxları kimi mən də rus sülhməramlılarının Dağlıq Qarabağda peyda olmalarından çox narahatam, onların səmimiliyinə heç vaxt inanmamışam və inanmayacam. 


Bununla belə, bu gün əldə etdiklərimizə "mız" qoymamışdan əvvəl biz, Xalq olaraq bu 26 il ərzində nəyi, necə etmişdik suallarına da cavab verməliyik. Xahiş edirəm, hamımız yada salaq, biz, bu illər ərzində neçə dəfə sırf Qarabağla bağlı mitinq keçirdik. “İcazə verilmirdi” deməyin. Verilirdi, hətta hakimiyyətə qarşı ən radikal gündəliklə də mitinqlər keçirilib. Verilmədiyi halda əgər beləsi olmuşdusa, neçə dəfə Qarabağla bağlı icazəsiz mitinq keçirmişik?! “Beləsi olmayıb” da deməyin, çünki bu müddət ərzində onlarla icazəsiz mitinqlər olub. Biz, bir fərdin azadlığı üçün də mitinq keçirmişik. Müxalifət içi qarışıq cavab verin, görüm neçə dəfə sırf Qarabağla bağlı mitinq keçirilib?! Hərçənd ki, bu illər ərzində hakimiyyətin dəyişməsi ilə bağlı onlarla mitinq olub”.


Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 

“Yadınızdadırsa, 29 sentyabr 2018-ci ildə R.Mehdiyev-Ə.Həsənov cütlüyünün bu və ya digər formada idarə etdikləri partiya və təşkilat rəhbərləri Qarabağla bağlı mitinq təyin etdi. Ondan əvvəl ermənilər “Teatralnıy” meydanında Qarabağla bağlı 200 minlik mitinq keçirmişdi. Həmin günlər bar-bar bağırırdım ki, bu, Vətənə xəyanətdir, belə mitinq təyin etməzlər. Əhalini əvvəlcədən hazırlayıb Qarabağla bağlı möhtəşəm mitinq keçirmək lazımdır ki, dünya görsün ki, Qarabağı tək hakimiyyət yox, Xalq da istəyir! 


Həmin günlər Milli Şura və digər müxalifət partiyalarından da xahiş etdim ki, bu mitinqə qoşulsunlar, heç olmasa "Məhsul" stadionu dolsun. Heç kim, heç nə etmədi. Mitinq günü tanıdıqlarımın hamısına bir-bir zəng edib mitinqə dəvət etdim, ətraflarını da mitinqə gətirmələrini xahiş etdim. Gələndə mitinqin başlanmasına az qalmış meydanda bir neçə yüz adam gördüm. Təxminən də o qədər hasarın o biri tərəfindən seyr edirdilər. Onların içində tanıdıqlarımı çağırdım da ki, içəri keçin, meydan az da olsa, dolsun. Heç kim yerindən tərpənmədi. Ən yaxşı, şişirdilmiş halda həmin mitinqdə 2 min nəfər oldu. Mitinqdən sonra da yazdım ki, hakimiyyətin bu addımı vətənə, Qarabağa xəyanətidir! Necə olur ki, mitinqlərə icazə verilmədiyi halda bu hazırlıqsız, gələcək insanların sayı təxminən bəlli olduğu halda mitinqə icazə verildi. Onda da məni təhqir edənlər çox oldu. Ancaq baş verənlərin mahiyyətini yenə də çox az adam anladı. Ondan sonra dəfələrlə Qarabağla bağlı yazılarıma, çağırışlarıma da “mız” qoyanlar oldu. And içdilər, yekə-yekə bəyanatlar verdilər ki, bu hakimiyyət Qarabağda heç vaxt müharibə başlamayacaq, çünki bu hakimiyyətin sonu deməkdir. Şübhə edənlər müxalifət partiyaları rəhbərlərinin, ictimai xadimlərin o dövrkü çıxışlarını, bəyanatlarını izləsinlər. 


Bundan başqa, elə müxalifət də bu illər ərzində Qarabağla bağlı ən çoxu 2-3 mitinq keçirdi. O günlər Qarabağla bağlı dediklərimə ağız büzənlər bu gün yenidən peyda olub qazanılmış Böyük Qələbəyə kölgə salmaq istəyirlər. Bəli, çıxışları diqqətlə dinləyin, təhlil edin. Həmin çıxışların əksəriyyəti əsaslı tənqid deyil, sadəcə uğura kölgə salmaqdır, insanların qalib əhval ruhiyyəsini pozmaqdır. Tək “bu qədər əsgər və zabitlərimizin həlak olmasına dəyərdimi” sözləri şəhid ailələrini demirəm, sanki özümün kürəyimə sancılmış xəncərdir. 


Vallah belə olmaz! Hakimiyyətlə nifrət yox, rəqabət olar, nifrət olsa belə, o vətənə, dövlətə nifrətə keçməməlidir. Çox istərdim ki, bu gün həmin “mız” qoyanlar xalqa hesabat versinlər ki, müharibə dövrü bizə qarşı ədalətsiz mövqe tutan neçə dövlətin Bakıda yerləşən səfirliyi qarşısında mitinq keçirdilər, dinc əhalimizi bombardman edən erməni vəhşiliyi ilə bağlı hansı İnsan Haqları təşkilatlarına hesabatlar göndərdilər?! Bu siyahını uzatmaq da olar. 


“Aslan İsmayılov hakimiyyətə yarınır” deməyə tələsməyin. Müqavilənin icrası tam başa çatandan sonra hakimiyyətə deyiləcək çox sözlərim var. Ancaq bəri başdan deyirəm, Prezidentə qarşı heç nə deməyəcəm, çünki onun bu Qarabağ savaşında Qələbəmiz üçün nələri etdiyini, müharibəyə qədər vəziyyəti necə təhlil edib ən uyğun məqamı seçməyini, müharibə günlərində hər müsahibəsinin nə olduğunu çox gözəl bilirəm və əsgər-zabitlərimizlə birgə ona da bir daha təşəkkür edirəm! 


Ayrıca qeyd etmək istəyirəm ki, yazdığım tənqidi fikirlər, iradlar Xalqımı bəyənməməyim ilə bağlı deyil. Çox gözəl bilirəm ki, bu müharibəni qazanan Xalq, daha böyük uğurlara qadirdir və onu qazanacaq. Sadəcə, uğurlarımızla kifayətlənməməli daha böyük uğurları hədəfləməliyik!  


Yenə deyirəm, tələsməyin, umacağım heç nə yoxdur, nə vəzifə, nə pul, nə də orden-medal. Bu günlər ərzində ayrı-ayrı insanların mənə verdiyi dəyər artıqlaması ilə bəsimdir” – A.İsmayılov qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top