Sadiq Qurbanov: Dayanıqlı sülhə aparan yol müharibədən daha çətindir

GÜNDƏM 13 noy 2020, 10:53

“Bir anını belə heç vaxt unutmayacağımız inanılmaz 44 gün yaşadıq. Bıçaq sümüyə dirənmişdi. Azərbaycan Ordusu öz ərazilərimizi işğaldan azad etmək üçün əks-hücuma  başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Şanlı ordumuz sözün əsl mənasında qəhrəmanlıq salnaməsi yazdı. Millət olaraq bir öldük, min dirildik! Üzərimizdən böyük bir ləkə silindi! Bu ucalığı, bu şərəfi, bu qüruru bizə yaşadan şəhid və qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə,  təbii ki, bütün bu zəfərlərin memarı olan Ali Baş Komandanımıza əbədi minnət borcumuz var.» 


Bu fikirləri Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.


S.Qurbanov qeyd edib ki, 10 noyabrda Azərbaycan, Rusiya Prezidentlərinin və  Ermənistanın baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir: “Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. 30 ilə yaxındır bəlli səbəblərdən bizə meydan oxuyan düşmən qarşımızda diz çökdü! İşğal altındakı torpaqların təxminən yarısını cəmi 40 gün ərzində Azərbaycan Ordusu azad etdi. Şuşada Azərbaycan bayrağı dalğalanır! Torpaqlarımızın qalan hissəsindən də düşmən hazırda çəkilməkdədir. Milyonlarla vətəndaşımız Böyük Qayıdışın həyəcanını yaşayır. Uzun illərdən sonra millətimiz ilk dəfə olaraq Şəhidlər xiyabanına başı dik axın edir!... Bu qədər möhtəşəm uğurları eyni vaxtda bizə bəxş edən Tanrımıza, Prezidentimizə və Əsgərimizə necə minnətdar olmayaq?!”» 


«İmzalanmış üçtərəfli bəyanatda bəzi prinsipial məsələlərə toxunulmamasına görə məyus olan vətəndaşlarımıza demək istəyirəm ki, hər bir məsələ Azərbaycan Prezidenti tərəfindən ölçülüb-biçilib, narahatlığa heç bir əsas yoxdur» söyləyən deputat qeyd edib ki,    əvvəla, Rusiya 90-cı  illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu: «Eyni zamanda, bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərdən ibarət olacaq. Bir vacib məqamı da xüsusilə qeyd etməliyik ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş  Türkiyəmiz də olacaq.»


S.Qurbanov vurğulayıb ki,  bu sənəd Azərbaycanın ərazi bütövlüyünü təmin edir: «Bir sıra texniki məsələlərin həlli isə artıq təfərrüatdır. Təsadüfi deyil ki, həm Prezident İlham Əliyev, həm də qardaş Türkiyə dövlətinin rəhbərləri imzalanmış sənədi Azərbaycanın qəti qələbəsi, Ermənistanın təslim olması kimi qiymətləndirdilər. Bundan sonra narahatlığı bir kənara buraxıb, bəzi məsələlərin aydınlaşmasını zamanın ixtiyarına buraxmaq ən doğrusu olar. Unutmamalıyıq ki, dayanıqlı sülhə aparan yol  müharibədən daha çətindir. Təmkinimizi və birliyimizi pozmamalıyıq. Biz yumruq kimi birləşmişik! Biz torpaqlarımıza qayıdırıq! Biz Naxçıvana dəhliz əldə edirik! Biz Kəlbəcərə, “İstisu” bulağına gedəcəyik! Biz Şərurdan öz maşınımızla Şuşaya gəlib, Cıdır düzündə yallı gedəcəyik! Daha nə olsun?!...»

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top