Qoca qurdun öz keçmişi ilə savaşı

GÜNDƏM 02 sen 2020, 08:30

Dördüncü məqaləsini də savaş baltası ilə yazdı. Sanki əlinə bəhanə keçib, fürsət düşmüşkən tarixdə müsbət işarə ilə qalmağa çalışır. Həmçinin karyerasını, ailəsini, övladlarını, əmlakını xilas etmək üçün mübarizə aparır. Bacaracaqmı? Ömür vəfa etsə, bəlkə...


Azərbaycan ictimai rəyi Gültəkini "qəhrəman ana" kimi bağrına basdısa, bunu nədən qəhrəman baba kimi qucaqlamasın? İqtidardan kənarlaşdırılan, böyük tortun dilimlərindən məhrum edilən bəziləri kimi Ramiz Mehdiyev də özünü təmizə çıxarmaq istiqamətində ciddi fəaliyyətə keçib.


Taktikasına fikir verin: hər məqaləsində Xalq Cümhuriyyətinə istinad edir, Qurandan sitatlar gətirir, Peyğəmbər əfəndimizdən bəhs edən cümlələr yazır və s. İqtidardan qovulmuş çoxları belə edib, ictimai rəğbət qazandılar. Mafiyalar, bandalar çirkli pulları necə “yuyub” təmizə çıxarırsa, oğurluq maliyyəyə necə legitimlik qazandırırsa, bu adamlar da özlərini ictimai rəydə Xalq Cümhuriyyəti, demokratiya, söz azadlığı, insan haqları, din və s. kimi həssas mövzularla “yumağa” çalışırlar. Reabilitasiya olunub, “40 ilin müxalifətçisinə” çevrilirlər. Ən başdan otuzdurulurlar, vahid namizəd edilirlər.


R.Mehdiyev indi həm də öz keçmişinə qarşı vuruşur. “Mən o mən deyiləm” mesajı verib, özünü yeni kimlikdə cəmiyyətə sırımağa çalışır.


Hər zaman müasir tendensiyalara qarşı dayanıb o. Son 25 ilin pislikləri bunun ayağındadır, çiyinlərindədir. Özü də bunun fərqindədir. Ona görə də o yükdən qurtulmaq niyyətindədir. "Mən bəlli bir sahəyə rəhbərlik etmişəm" deməklə çiyinlərini məsuliyyət yükünün altından çəkməyə çalışır. Hər məqalədə çiyinlərini oynadır. Təkcə sirk akrobatikası janrında deyil bu çiyinoynatma, həm də güləş döşəyi üstünə çıxmış pəhləvan ədası var bunda...


Onun kimi qoca və təcrübəli qurd işini ehtiyatlı tutmasa, kürəyini əmin şəkildə söykəyə biləcəyi istinad divarı hörməsə, belə təhlükəli oynamaz.


O, bu cür savaşların sərkərdəsi olub həmişə. Əzmədiyi, məğlub etmədiyi rəqib buraxmayıb. Hamı ilə savaşa-savaşa gəlib çatıb iqtidarın ən yuxarı məqamına. Düşünür ki, savaşacaq kimsə qalmayıb onun ranqında. Amma onu güclü qılan, hər zaman qalibiyyət qazandıran əsas amili unudur, deyəsən. O amil ata-oğul Əliyevlərdir. Ramiz Mehdiyev Əliyevlərin yanında olanda güclü və əzəmətli görünürdü. Onların qarşısında dayananda isə kürəkənini belə xilas edə bilməyəcək qədər zəifləyir.


Buna baxmayaraq, özünə rəqib seçdiyi ünvana qarşı müqavimət göstərir – bir növ şansını sınağa çəkir. Amma heç-heçəyə də razıdır. İndiki halda onun üçün qələbə kimidir oyunu heç-heçə bitirmək...


Görünən budur ki, Prezident İlham Əliyev hələlik Ramiz Mehdiyevin köşə yazarlığını, blogerliyini, əslində isə yaşlı insana məxsus şıltaqlığını səbirlə izləyir. Keçmiş günlərin xətrinə və yaşına hörmət əlaməti olaraq ona dəymir böyük ehtimalla. Bəlkə də, ona daha böyük səhv etməsi üçün bütün şərait yaradılıb. İlk yanlışında oyun bitəcək və ekranda GAME OVER yazılacaq...


Azər AYXAN,
“Yeni Müsavat” Media Qrupu rəhbərinin 1-ci müavini, Əməkdar jurnalist


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top