Azərbaycanda müəllimlərin geyim forması ilə bağlı yeni hüquqi qaydaların müəyyənləşdirilməsi gündəmdədir. “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, dövlət məktəblərində vahid geyim standartlarının qanuni çərçivəyə salınması nəzərdə tutulur. Məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunub və bu addımın təhsil müəssisələrində nizam-intizamın və peşəkar iş mühitinin gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
Deputat Fazil Mustafa mövzu ilə bağlı Demokrat.az-a deyib ki, geyim müəyyən qaydaların və məktəb mühitinin bir hissəsi olsa da, təhsilin əsas məqsədi bilik vermək və şəxsiyyət formalaşdırmaqdır:
“Əlbəttə, vahid geyim forması müəyyən nizam yarada və bərabərlik hissini gücləndirə bilər. Lakin məktəbin əsas uğuru şagirdlərə keyfiyyətli təhsil verməsi, onların dünyagörüşünü inkişaf etdirməsi və düşünmə bacarıqlarını formalaşdırması ilə ölçülməlidir. Əgər məktəbdə tədrisin keyfiyyəti zəifləyirsə, şagirdlərin məktəbə marağı azalırsa, təkcə geyim məsələsi bu problemləri həll edə bilməz. Buna görə də əsas diqqət uşaqların bilik və bacarıqlarının artırılmasına, onların sağlam düşüncəli, savadlı və müasir dünyaya uyğun yetişdirilməsinə yönəldilməlidir. Geyim məktəb mühitində nizam-intizamın və təşkilatçılığın elementlərindən biri hesab oluna bilər. Vahid geyim forması müəllim və şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəbə aidiyyət hissinin güclənməsinə kömək edir. Lakin bütün bunlarla yanaşı, məktəbin əsas missiyası keyfiyyətli təhsil vermək və sağlam düşüncəli gənclər yetişdirmək olaraq qalır”.
Leyla Turan Demokrat.az

