Deputat: “ABŞ-Azərbaycan münasibətləri anti-Azərbaycan dairələrinin arzularını gözündə qoydu”

XARİCİ SİYASƏT 24 sentyabr 2025, 09:30
“ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Konqresmen ermənipərəst Bred Şermanın müəllifi olduğu iki qanun layihəsinə təklif etdiyi düzəlişləri rədd edib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bu düzəlişlərdən biri, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası çərçivəsində Azərbaycana göstərilən yardımların dayandırılmasını nəzərdə tuturdu:

“Digəri isə ABŞ Prezidentinin 907-ci düzəlişin tətbiqini dayandırmaq səlahiyyətinin əlindən alınması ilə bağlı idi.  Bu maddənin tətbiqi vaxtilə Prezident Donald Tramp tərəfindən dayandırılmışdı. Bred Şerman dəfələrlə anti-Azərbaycan mövqeyi ilə tanınıb və korrupsiyada adı hallanan, ermənipərəst mövqeyi ilə seçilən Menendez kimi fiqurların sırasında yer alır. İstisna deyil ki, yaxın gələcəkdə o da öz həmkarı Menendezin taleyini yaşasın və hüquqi məsuliyyətə cəlb olunsun. 

Amerikanın milli maraqlarını deyil, şəxsi ambisiyalarını və maddi maraqlarını ön plana çəkən bu cür siyasətçilər sonda öz cəzalarını alırlar. Hər iki qanun layihəsinə düzəlişin rədd olunması, 8 avqust tarixində Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında aparılmış danışıqların və əldə olunmuş razılaşmaların nəticəsi kimi də qiymətləndirilə bilər”. 

Deputat qeyd edib ki, məhz həmin danışıqlar 907-ci düzəlişin tətbiqinin dayandırılmasına şərait yaratmışdı:

“Bred Şerman isə bu uğurları gözü götürməyən dairələrin dəstəyini qazanmaq üçün ermənipərəst mövqedən çıxış edərək uğursuz təşəbbüslərlə gündəmə gəlməyə çalışdı. Amma nəticədə tam fiaskoya uğradı. Bu hadisə bir daha göstərdi ki, ABŞ-Azərbaycan münasibətləri artan xətt üzrə inkişaf edir. Bu münasibətlərin möhkəmlənməsi anti-Azərbaycan dairələrin və ermənipərəst qüvvələrin arzularını gözündə qoyur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 09:47
Top