"Quran"ı yandıran Elxan... — Yazıçıdan sərt reaksiya: "Cırtqozluqdur"

GÜNDƏM 11 sentyabr 2025, 15:51
Yazıçı Aqşin Yenisey son günlər geniş müzakirə edilən məsələyə - "Quran"ın yandırılmasına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Quranı, yaxud Tövratı və ya İncili yandırmaq, cırmaq, sadəcə, cırtqozluqdur. Ona görə yox ki, bu kitablar göydən endiriliblər. Ona görə ki, bu kitablarda mədəniyyət tarixinin ilkin hekayələri toplanıb. İnsanlıq öz əcdadının yer-göy haqqında nə düşündüyünü bu kitablardan oxuyub öyrənir.

1970-ci illərə qədər şumerlər haqqında heç nə bilmirdik, amma onların bütün yaradılış əhvalatlarını (Nuh tufanı, kişinin palçıqdan, qadının qabırğadan yaradılması və s.) Tövratdan, Qurandan oxumuşduq. Bu kitabları yandırmaq qədim mədəniyyətlərin kitabxanalarını yandırmaqdır. Quran, Tövrat, İncil özlərindən əvvəlki mədəniyyətlərin ensiklopediyalarıdır. Bu kitablar inanmaq istəyənlərdən daha çox bilmək istəyənlər üçün lazımdır. Bu kitabları yandırmaq tanrıya, peyğəmbərə qarşı deyil, mədəniyyətə qarşı nankorluqdur", - deyə Aqşin Yenisey vurğulayıb.

Qeyd edək ki, "Quran"ın yandırılması ilə bağlı məsələ bu günlərdə Elxan Nəbiyevin intiharı ilə yenidən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İntiharından bir müddət əvvəl E.Nəbiyev “Qurani-Kərim”i yandırması ilə gündəmə gəlmişdi. Onun bu hərəkəti cəmiyyətin inanclı kəsimində hiddət doğurmuşdu.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top