Bu il kimlər əfv edilə bilər? — AÇIQLAMA

GÜNDƏM 11 sentyabr 2025, 13:34
"Bir qayda olaraq, amnistiya və əfvlərin geniş şəkildə tətbiqinin əleyhinəyəm və mövqeyimi hüquq elminə, həmçinin aparıcı hüquq təcrübəsinə əsaslandırıram. İnkişaf etmiş ölkələdə, Amerika, Fransa, İngiltərə, Almaniya, Türkiyədə belə tez-tez amnistiya və əfv hallarına rast gəlinmir".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirir ki, əgər məhkəmənin qərarı ilə bir şəxs günahkar hesab edilibsə, niyə sabah həmin şəxs bağışlanmalıdır? 

"Amnistiya haqqında qanun qəbul olunur, parlament təsdiqləyir, prezident imzalayır. Amma nə parlament, nə də prezident amnistiya ediləcək şəxsləri tanıyır. Bu siyahıları hazırlayan başqalarıdır. Onların da çox zaman şəxsi və ya korrupsiya maraqları ola bilər. Axı niyə məhkəmənin qərarı ilə cəzaya məhkum olunmuş bir qrup şəxs azad edilə, amma digərləri yox? Əgər qanun hamı üçün qanundursa, əgər qanunun qarşısında hamının bərabərliyi təmin olunmalıdırsa, belə istisnalar nə üçün yaranmalıdır? Hüquq və məhkəmə sistemimiz onsuz da kifayət qədər ədalətli deyil. Mən bunu bilirəm. Lakin hətta ədalətsiz bir məhkəmə sistemində belə niyə əlavə olaraq daha da ədalətsiz bir mexanizm uydurulmalıdır?"

Onun sözlərinə görə, amnistiya və əfvin yalnız müəyyən istisna hallarda tətbiqi mümkündür:

"Bəzi ölkələrdə buna ehtiyac yaranıb, amma bizdə indi bu zərurət yoxdur. Çünki əks halda, biz dolayısı ilə etiraf etmiş oluruq ki, hüquq və məhkəmə sistemimiz tamamilə yararsız vəziyyətdədir".

Qeyd edək ki, bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top