Qızıl bahalaşacaq — Bu TARİXDƏN

SOSİAL 06 sentyabr 2025, 15:14
Dünyaca məşhur "Goldman Sachs Group Inc." analitiklərinin fikrincə, qızılın qiyməti 1 unsiya üçün 5000 dollara (1 qram üçün 160 dollardan çox) çata bilər. Bu artım ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi pozulduğu halda mümkün olacaq. Belə ssenaridə investorlar xəzinə istiqrazlarından az da olsa, vəsaiti qızıla yönəldə bilərlər.

"Bloomberg"in yazdığına görə isə bu il qızıl əsas xammal malları arasında ən çox gəlir gətirənlərdən biri olub və qiyməti 30 faizdən çox artıb.

Analitik Samanta Dart bildirib ki. FED-in müstəqilliyinin pozulması inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər:

“Bunun əksinə olaraq, qızıl institusional etimaddan asılı olmayan yığım vasitəsidir".

Şirkətə görə, metal üçün bir neçə ssenari mümkündür:

- baza proqnozu – 2026-cı ilin ortalarınadək 1 unsiya üçün 4000 dollar (qramı 129 dollar);

- "qalıq risk" ssenarisi – 4500 dollar (qramı 145 dollar);

- 1% ABŞ xəzinə istiqrazlarının özəl bazarının qızıla yönəldilməsi halında – 5000 dollar (qramı 160 dollardan çox).

“Əgər ABŞ xəzinə istiqrazlarının özəl bazarının cəmi 1%-i qızıla keçsə, qiymət 1 unsiya üçün 5000 dollara yaxınlaşacaq. Digər amillər dəyişməz qalarsa, qızıl bizim üçün uzunmüddətli perspektivdə ən inandırıcı xammal tövsiyəsi olaraq qalır", deyə "Goldman Sachs" analitikləri vurğulayıb.

"Goldman Sachs Group Inc."in proqnozları reallığa nə qədər yaxındır?

Sualı cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya açıqlamasında deyib ki, qızılın qiymətinin bir qədər də artması gözləniləndir:

“Ona görə ki, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik qızılın qiymətinin sürətlə artmasına şərait yaradır. Çünki qeyri-müəyyənlik şəraitində daha çox ən etibarlı investisiya aləti kimi qızıla üz tuturlar. Bu da nəticə etibarı ilə qızılın qiymətinin artması deməkdir. Təbii ki, tələbin artması təklifi də artırır. Bununla belə 5000 dollar düşünürəm ki, kifayət qədər böyük rəqəmdir. Bu rəqəm qeyri-mümkün deyil, mümkündür. Amma ehtimalı azdır”.

Bəs, qızıl bu qədər bahalaşarsa, dünyada və ölkəmizdə dollar nə qədər dəyər itirə bilər?

Müsahibimiz qeyd edib ki, son 9 ildə dolların məzənnəsi ölkəmizdə 1,7 manat olaraq qalsa da, qızılın qiyməti xeyli bahalaşıb:

“Ona görə də Azərbaycan kontekstində dolların dəyərsizləşməsindən söhbət gedə bilməz. Amma ümumi dünya kontekstində təbii ki, dollar dəyər itirə bilər. Zatən qızılın bahalaşması buna öz təsirini göstərir. Lakin yaxın bir ildə sürpriz mənzərə ilə rastlaşacağımızı gözləməyə dəyməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top