Çıxarışsız evlərlə bağlı yeni qaydalar AÇIQLANDI

GÜNDƏM 26 avqust 2025, 15:34
“Ölkənin əksər ərazilərində, xüsusən də paytaxt Bakı və Abşeron bölgəsində yüz minlərlə çıxarışı olmayan fərdi yaşayış evləri və torpaq sahələri mövcuddur. Bir vaxtlar belə evlərin inşası çıxarış olmadan asanlıqla həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib”.

Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, bildirib ki, indi fərdi yaşayış evlərinin tikintisi üçün rayon icra hakimiyyəti, bələdiyyələr, bağlar idarəsi və digər dövlət qurumlarının verdiyi qərar və sərəncamlara əsaslanmaq tələb olunur:

"Sonradan qanunvericiliyə edilən dəyişikliklər nəticəsində, hər hansı bir fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mütləq çıxarışlı olması və çıxarışda torpağın təyinatının yaşayış məntəqələri üçün nəzərdə tutulması şərt qoyulub. Bu səbəbdən bir çox hallarda tikinti zamanı vətəndaşların evlərinin sökülməsi ilə rastlaşılır. Əgər torpağın çıxarışı yoxdursa, təyinatı uyğun deyilsə və ya tikinti normativlərdən kənara çıxırsa, aidiyyəti qurumlar əvvəlcə vətəndaşa xəbərdarlıq edir. Xəbərdarlığa baxmayaraq işlər davam etdirilərsə, evin sökülməsi qanunla mümkündür".

Ekspert bildirib ki, 2023-cü ilin oktyabr ayında qəbul edilən yeni qərara görə, həmin tarixdən sonra çıxarışı olmayan torpaqlarda tikilən fərdi yaşayış evlərinə kommunikasiya xətləri çəkilməyəcək:

"Yəni belə evlər qaz, su, işıq, internet, telefon və digər kommunikasiyalarla təmin olunmayacaq. Bu qərarın əsas məqsədi çıxarışsız və qanunsuz tikintilərin qarşısını almaqdır".

Onun sözlərinə görə, hər hansı tikinti işlərinin sökülməsi yalnız xəbərdarlıqdan sonra baş verir:

"Vətəndaşların tikinti işlərini qanunauyğun şəkildə aparması tələb olunur. Əgər bu tələblərə əməl olunmursa, aidiyyəti qurumlar tikintini sökmək səlahiyyətinə malikdir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top