Sosial müavinətlər artırıla bilər — AÇIQLAMA

GÜNDƏM 21 avqust 2025, 17:35
"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin artması müsbət haldır. 2025-ci ildə gəlir və xərclər hər biri təxminən 7,6 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu da ötən illə müqayisədə təxminən 727 milyon manat artım deməkdir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, gəlirlərin təxminən 78%-i (yəni 6 milyard manata yaxını) məcburi dövlət sosial sığorta ödənişlərindən formalaşır:

"Bu göstərici əvvəlki illə müqayisədə təxminən 10%-lik artım deməkdir.Xərclərin strukturu da diqqətəlayiqdir. 2025-ci ilin xərclərinin təqribən 96%-i əhaliyə ödənişlərə, əsasən əmək pensiyaları və müavinətlərin ödənilməsinə yönəldiləcək. Gəlirlərin artması ilə paralel olaraq xərclərdə də artım müşahidə olunacaq. Bu isə pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər".

Ekspert bildirib ki, müavinətlər üzrə də artımlar gözlənilir:

"Məsələn, hamiləlik, uşaq qayğısı və müvəqqəti əmək qabiliyyəti itkisiylə bağlı ödənişlərdə müəyyən artım edilə bilər. Minimum əməkhaqqı, minimum pensiya və yaşayış minimumunun artırılması da yoxsulluğun azaldılmasına xidmət edəcək. Bu addımlar nəticəsində sosial dəstək proqramlarının əhatəsi 3 milyon nəfərə qədər genişlənə bilər".

Ekspertin fikrincə, 2025-ci ildə DSMF gəlirlərinin artması həm maddi sosial yardımların, həm də pensiya və müavinətlərin artırılmasına gətirib çıxara bilər:

"Xüsusilə aztəminatlı ailələr, əlillər, müharibə veteranları kimi sosial həssas qruplar üçün ödənişlərdə nəzərəçarpacaq artım ola bilər".

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top