“Hüquqların məhdudlaşdırılması valideynə düzəlmək şansı verir” — AÇIQLAMA

GÜNDƏM 20 avqust 2025, 16:27
“Valideynlik hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir”.

Bunu hüquqşünas Günel Həsənova Demokrata.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, valideynlik hüquqlarının məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır:

“Valideynin davranışı uşağın sağlamlığına və tərbiyəsinə zərər vura biləcəyi hallarda tətbiq olunur. Məsələn, spirtli içkilərdən və ya narkotik vasitələrdən asılılıq, aqressiv davranışlar və uşağın həyatına təhlükə yaradan hallar belə vəziyyətlərə aiddir. Bu halda valideyn bəzi hüquqlarını itirsə də, valideynlik vəzifələri üzərində qalır. Valideynlik hüquqlarından məhrumetmə isə daha ciddi tədbirdir və yalnız məhkəmə qərarı ilə həyata keçirilir. Valideynlik hüququndan məhrum edilən şəxs uşağa bağlı bütün hüquqlarını itirir. Onun tərbiyəsi ilə bağlı qərar vermək, birlikdə yaşamaq, dövlət orqanlarında uşağın nümayəndəsi olmaq hüquqları aradan qalxır. Lakin belə valideynin aliment ödəmək öhdəliyi qalır. Qanunvericilikdə əsas məqsəd uşağın mənafeyini qorumaqdır. Məhdudlaşdırma valideynə özünü düzəltmək imkanı verir, məhrumetmə isə ən son və qəti tədbir kimi yalnız uşağın mənafeyi ciddi şəkildə pozulduqda tətbiq olunur”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top