"Rusiya illərlə Ermənistana əvəzsiz olaraq böyük həcmdə silah-sursat bağışlayıb" — Rəfail Becanov

GÜNDƏM 20 avqust 2025, 15:57
""SOCAR-ın bir çox ölkələrdə yanacaqdoldurma məntəqələri var. Onlardan biri də Ukraynadadır. Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilməsi Ukraynaya hücumunun tərkib hissəsi kimi görünsə də, xüsusi bir anlamı Azərbaycanın maraqlarına zərbə vurmaqdır. Çünki Rusiya istəsəydi, bu hücumları daha əvvəllər də təşkil edə bilərdi".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

O bildirib ki, lakin Azərbaycan qazının Ukraynaya tədarük edilməsini nəzərdə tutan razılaşmadan sonra həm Odessanın Orlovka rayonundakı qaz-kompessor məntəqəsinin, həm də SOCAR-ın yanacaqdoldurma məntəqəsinin vurulması göstərir ki, Rusiya bu hücumlardan Azərbaycana qarşı təzyiq kimi istifadə edir:

"Azərbaycan Ukraynaya humanitar yardım göstərir. İqtisadi baxımdan öz maraqları üçün qaz tədarükü ilə bağlı razılaşma imzalayır. Rusiya isə bunu özünə qarşı addım sayır. Bu, təxribatçı düşüncədir. 

Azərbaycanın maraqlarına cavab vermədiyi halda Rusiya illərlə Ermənistana əvəzsiz olaraq böyük həcmdə silah-sursat bağışlayıb. Hər bir dövlətin öz siyasi, iqtisadi maraqları var və ona uyğun hərəkət edir, müqavilələr bağlayır. 

Azərbaycan 12-dən çox ölkəyə qaz tədarük edir. Həmin ölkələr Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür, ona görə də bu əməkdaşlıqda maraqlıdırlar. Bu gün Ukrayna da Azərbaycan qazına maraq göstərirsə, enerji təhlükəsizliyini Azərbaycanla anlaşmalarda görürsə, bundan niyə imtina edilməlidir? 

Rusiyanın imperiya düşüncəsi müstəqil siyasi, iqtisadi xəritələrin böyüməsinə qarşıdır. Ona görə də Azərbaycanla bağlılığı olan məntəqələr dərhal hədəf götürülür.

Lakin bu təxribatlar Azərbaycanı müstəqil siyasi-iqtisadi xətdən döndərə bilməz. Bu hərəkətlər Rusiyanın etibarsız tərəfdaş olmasını bir daha təsdiqləyən arqumentlərdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top