Moskva Zəngəzur dəhlizinə nəzarəti itirdiyi üçün qəzəblidir — Çingiz Qənizadə

GÜNDƏM 20 avqust 2025, 15:39
Bu həftənin sonunda Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilməlidir. “Trend” bu barədə etibarlı mənbələrdən məlumat əldə edib. “Yeni Müsavat” qeyd edir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevdir. Aleksey Overçuk xəbəri təsdiqləyib.

Qeyd edək ki, 1996-cı ildə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Daimi Komissiya yaradılıb. Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlıq problemlərini öyrənir, həmçinin bu əlaqələrin inkişafı üçün zəruri olan layihələr və təkliflər hazırlayır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Demokrat.az-a bildirib ki, Overçuk təsdiqləsə də, Azərbaycan hökuməti Şahin Mustafayevin səfəri barədə rəsmi məlumat yaymayıb. Bununla belə, baş nazir müavininin Moskvaya gedəcəyini də istisna etməyən Ç.Qənizadə hesab edir ki, gərgin münasibətlərin yumşalması qarşı tərəfdən asılıdır:

“Azərbaycanın heç bir parlament üzvü, yaxud partiya rəhbəri Moskvanı bombalamağa çağırış etməyib. Ancaq Rusiya Dumasının üzvləri, ayrı-ayrı jurnalistləri, partiya sədrləri Azərbaycanı terrorla, işğalla hədələyirlər. Ona görə də Overçuk və digər Rusiya rəsmiləri bu təhdid leksikonuna son qoyulması istiqamətində addımlar atmalıdır. Azərbaycanı özünə dost və müttəfiq sayan ölkə bu dildə danışırsa, o zaman ortada səmimilik yoxdur. Bu baxımdan, Şahin Mustafayev Moskvada bu məsələləri müzakirə edə bilər. Lakin regionda baş verən son hadisələr fonunda Rusiyanın Azərbaycana qarşı hərbə-zorba addımlarının səngiməsini gözləmirəm”.

Çingiz Qənizadə Azərbaycan-Rusiya danışıqlarında əsas müzakirə predmetinin blokadada olan nəqliyyat xətlərinin açılması olacağını gözləyir:

"Overçuk dedi ki, "Tramp yolu" Ermənistanın xeyrinədirsə, Rusiya bunu dəstəkləyə bilər. Amma bu mövqe süni idi və Moskva Zəngəzur dəhlizinə nəzarəti itirməsindən qəzəblidir. Amma razılaşma Vaşinqtonla İrəvan arasında olub, Rusiya bunun üçün bizi yox, Ermənistanı sıxışdırmalıdır. Çünki Bakıya fərq etmir ki, dəhliz hansı tərəfin nəzarəti altında açılır, bizə lazım olan Naxçıvana quru yolun maneəsiz təmin edilməsidir. Sadəcə, Rusiya bu prosesdə Azərbaycanın iştirakı olduğunu düşünür və bizə təzyiq göstərməyə çalışır. Rusiya çox istərdi ki, Azərbaycan Zəngəzur dəhlizini güc tətbiq edərək açmağa məcbur etsin, sonra Federal Təhlükəsizlik Xidməti bölgəyə yerləşib nəzarəti təmin etsin, bununla üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirildiyi deyilsin. Azərbaycan əsla bu varianta getməzdi. Odur ki, “yumşaq güc” diplomatiyamız Vaşinqtonda qələbə qazandı və konstruktiv anlaşma çərçivəsində koridorun “Tramp marşrutu” adı ilə açılmasına razılıq verildi. O səbəbdən, Overçukun iştirakı ilə keçiriləcək danışıqlarda nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın xeyrinə dəyişiklik gözləmirəm"

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top