Ekspert: "İnsanların icbari tibbi sığortaya əlçatanlığı çox zəifdir"

GÜNDƏM 19 avqust 2025, 19:50
"İcbari tibbi sığorta məsələsində ciddi problemlər yaşanır. Telefon zəngləri vasitəsilə əhali tez-tez şikayət edir.Birinci məsələ özəl klinikaların tam əhatə olunmamasıdır. İnsanlara seçim imkanı verilmir, məcbur edilirlər ki, müəyyən olunmuş ünvanlara getsinlər. Sanki seçim hüququ kənara qoyulur. Belə görünür ki, hansı özəl klinikalar TƏBİB-ə daha yaxındır, hansı əlaqələri varsa, xəstələr məhz ora yönləndirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

"Mənim 79 yaşım var, amma bir dəfə də olsun icbari tibbi sığortadan istifadə edə bilməmişəm, ancaq dəfələrlə cəhd göstərmişəm. Mənim yaşda olan insanların artıq konkret həkimləri, illərlə getdikləri klinikaları olur. Amma həkimlər gah bir yerdə, gah başqa özəl klinikada işləyirlər. Mənim xəstəliyimi yaxşı bilən həkim varkən, məni göstərişlə başqa yerə göndərirlər. Bu da seçim azadlığını məhdudlaşdırır".

O bildirib ki, bizə gələn məlumatlara görə, dövlətin kurasiyasında olan tibb müəssisələrində böyük növbələr var:

"İnsanlar saatlarla gözləməyə məcbur olurlar və buna tab gətirə bilmirlər. Regionlarda vəziyyət daha da nəzarətsizdir. Nəticədə insanların icbari tibbi sığortaya əlçatanlığı çox zəifdir. Düşünürəm ki, bu əsas problemlər təcili həll edilməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 21:43
Top