
Son statistika göstərir ki, dövlət sektorunda çalışanların sayında azalma müşahidə olunur, özəl sektorda isə əksinə, artım var.
Son 1 ayda:
Dövlət sektoru: 8,8 min nəfər
Qeyri-dövlət sektoru: 10,4 min nəfər
İlin əvvəlindən bəri (yanvar-iyun):
Dövlət sektoru: 873,0 min nəfər
Qeyri-dövlət sektoru: 896,2 min nəfər
Nəzərə alsaq ki, bir çox üstünlüklərinə (sosial təminat, pensiya, tam məzuniyyət, bülleten, ezamiyyət), ələlxüsus da nüfuz, sabitlik və etibarlılığına görə adətən insanlar dövlət qulluğunda çalışmağa daha meyilli olub.
Belə olan halda sual yaranır ki, bu tendensiyanın arxasında hansı səbəblər dayanır?
İqtisadçı ekspert Eldəniz Əmirov məsələylə bağlı Bizim Media-ya bildirib ki, hazırda müşahidə olunan dinamikada bəzi faktorlar var ki, bunlardan biri də dövlət sektorunda aparılan optimallaşdırma və islahatlardır:
“Eyni zamanda müəyyən layihələrin başa çatması və bəzi idarəetmə funksiyalarının özəl müəssisələrə ötürülməsi də ümumi nəticəyə təsir edir və bu normaldır. Qeyri-dövlət sektorunda daha çox müvəqqəti-mövsümi iş yerlərinin olması səbəbindən bu artım müşahidə olunur.
“Dövlət sektoruna maraq azalıb, özəl sektora maraq artıb” fikrini isə yalnız ən azı iki il ardıcıl davam edən dinamikadan sonra söyləyə bilərik. Yəni 2025-2026-cı illərdə özəl sektorda məşğulluğun payı artarsa, digərində azalarsa, bu, öz təsdiqini tapar. Amma uzun illərdir bu say bir-birinə demək olar ki, bərabərdir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə artıq iki ilə yaxındır ki, bu tendensiyanın müşahidə olunduğunu qeyd edib.
Onun sözlərinə görə, dövlət sektorunda muzdla çalışan işçilərin sayında azalma, özəl sektorda isə az da olsa artım baş verib.
“Yeni ştatlar açılmır, təqaüdə çıxanların yerinə yeni işçilər götürülmür və daha az ştatla işlər davam etdirilir. Nəticə etibarilə ilə dövlət sektorunda çalışanlarırn sayında azalma müşahidə olunur. Hətta bu tendensiyanın daha sürətlə davam edəcəyini düşünürəm. Çünki, bizdə əhali sayına baxanda büdcə təşkilatlarında işləyənlərin sayı yenə də çoxluq təşkil edir. Kiçik bir ölkə üçün büdcədən maliyyələşən təşkilatların sayının az qala 900 minə yaxın olması az rəqəm deyil”, - deyə o, vurğuladı.
N.Cəfərli diqqətə çatdırdı ki, son bir ildə özəl sektorda təqribən 30 min iş yeri yaradılıb:
“Bu pis göstərici deyil, amma daha yaxşı olmalıdır. Əgər dövlət sektorunda ştatların sayı azalırsa, özəl sektora daha çox üstünlük verilməlidir. Yeni təşfiq proqramlarına ehtiyac var. Dövlət sektorundan azalmalar hələ davam edəcək, ona görə də paralel olaraq özəl sektor üçün daha yaxşı şərait yaradılmalıdır ki, iş yerlərinin sayı sürətlə artsın”.