Toylarla bağlı bu qadağalar qoyula bilər — AÇIQLAMA

SOSİAL 01 oktyabr 2025, 13:00
“İstər toy, istər yas mərasimləri adət-ənənələr bəhanə gətirilərək kifayət qədər aşırı formada keçirilir. Toy və yas məclislərinə müəyyən qadağalar qoyulması məsələsi də uzun müddətdir ki, müzakirə mövzusudur”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 



O bildirib ki, toylarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilməlidir:

“Müəyyən şəxslər öz biznes maraqlarından çıxış edərək, adətləri bəhanə gətirərək yas və toyların indiki formatda keçirilməsini müdafiə edirlər. Mən hesab edirəm ki, bu mərasimlərin aşırı təmtəraqlı formada keçirilməsi heç bir halda bizim adətlərimizə uyğun deyil. 

Nə mentalitet baxımından, nə dini baxımdan düzgün deyil. Bəlkə də maarifləndirmə yolu ilə bu məsələni tənzimləmək olar, amma görünən budur ki, imperativ qaydada məhdudiyyətlərin tətbiq edilməsi daha effektiv ola bilər, nəinki maarifləndirmə yolu ilə”.

Deputat qeyd edib ki, toylar və şadlıq evlərinin qiymətləri toy sahiblərinə maliyyə çətinlikləri yaşadır:

“Toylarda masalara aşırı formada qidaların düzülməsi, qiymətlərin yüksək olması toy sahiblərinə problem yaratmış olur. Bir çox hallarda toy sahibləri bu prosesdən borclu çıxırlar. 

Həmçinin, toylarda aşırı dərəcədə səs gücləndiricilərdən istifadə edilir, toya gələnlər dincəlməyə gəlir, amma başağrısı ilə qayıdırlar. Ona görə də bunlar maarifləndirmə ilə tənzimlənmir, imperativ qaydada müdaxilə edilməsi daha məqsədəuyğun olar”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top